0
Saturday 28 April 2012 - 07:35

QARA MAYA 25 GÜN QALDI!

Story Code : 156948
Rafael - Coşqun - Euravision
Rafael - Coşqun - Euravision
Bəzi həmkarlarımdan fərqli olaraq, Rəfaellə Coşqunun səhnədə söyüş söyməsi məni bir o qədər də narahat etmir. Onların tamaşalarına getməməklə, yaxud kanalı dəyişməklə vəziyyətdən çıxmaq mümkündür. Məni yandıran vaxtilə Bəşir Səfəroğlunun, Hacıbaba Bağırovun, Siyavuş Aslanın güldürdüyü adamların indi bu iki gənc aktyorun şit hərəkətlərini seyr edərkən uğunub özlərindən getməsidir. Biz jurnalistlər illərlə əmək sərf etsək də, özümüzün intellektual oxucu bazamızı formalaşdıra bilmədik. Amma Rəfaellə Coşqun çox qısa müddətdə səhnədəki şit hərəkətləri, ədəbsiz çıxışları alqışlamağı özünə rəva bilən tamaşaçı auditoriyası yaratmağa nail oldular.

Özəl telekanallardan biri Rəfael-Coşqun cütlüyünü səhər proqramına dəvət etmişdi. Hər iki aktyor aparıcının verdiyi sualları zarafatla cavablandırır, hətta gələcək planları haqda danışanda da qeyri-ciddi açıqlamalar verirdilər. Səhər evdən çıxanda əl-üzünü yumağı unutmuş bir qrup adam isə maraqla onlara qulaq asır, aktyorların ağzından çıxan hər sözü alqışlayırdılar. Tamaşaçıların əndazəni aşması Rəfaelin sərt reaksiyası ilə müşayiət olundu. O, üzünü auditoriyaya tutub, belə dedi: “Bəsdir, az meymunluq edin!”. Bilirsiniz, bundan sonra nə baş verdi? Tamaşaçılar Rəfaelin bu sözlərini əvvəlkindən daha çox alqışladılar…

“Space” televiziyası hər həftə “Bu şəhərdə”nin köhnə buraxılışlarını efirə verir. Bu yaxınlarda dostların birinin evində çoxluğun iradəsinə tabe olub, Rəfaellə Coşqunun yaratdığı bəzi səhnələrə tamaşa etmək məcburiyyətində qaldım. Bəri başdan deyim ki, “Bu şəhərdə”nin qaldırdığı heç bir problem ictimai əhəmiyyət kəsb etmir. Əsl sənət öz dövrünün problemlərinə biganə qalmamalıdır. Sıralamada yüzüncü yeri tutan hansısa problemi qabardıb, səhnəcik quraşdırmaqla uğur qazanmaq mümkün deyil.

Mənim bu mövzuya toxunmağımı qaçılmaz edən səbəb daha ciddidir. Səhnəciklərin birində Coşqun qadın paltarında tamaşaçıların qarşısına çıxır. Onun donunun uzunluğu cəmi bir qarışdır. Coşqunu bu qiyafətdə görən tamaşaçılar həvəslə onu alqışlamağa başlayırlar. Sonra Coşqun rəqs edir. Rəqs zamanı o, tez-tez arxasını tamaşaçılara çevirməyi də yaddan çıxarmır. Arada musiqinin ahənginə uyğun olaraq, dizlərini qatlayıb rəqsini davam etdirir. Bu vaxt onun alt paltarı görünür. Əvvəlcə ön sırada, sonra isə arxa sırada əyləşmiş tamaşaçılar bunun fərqinə varırlar. Bir andaca salonu alqış sədaları bürüyür. Coşqunun alt paltarını gördüyü üçün özünü xoşbəxt sayan bir neçə tamaşaçı isə qalxıb, bu səhnəni ayaq üstdə alqışlayırlar. Bu vaxt kameralar salona tuşlanır. Öz həyat yoldaşı, sevgilisi ilə tamaşaya gələn bığlı-saqqallı kişilərin, müasir geyimli gənclərin hamısının çöhrəsində ilıq bir təbəssüm var. Bu mənzərədən ruhlanan Coşqun ayaqlarını bir az da aralayır…

Biz uzun illərdi ki, oxuculara minnətçi düşüb, onlardan qəzet almağı xahiş edirik. Seymur Baycanın bu mövzuda ən azı 20 məqaləsi var. Qəzetə pul vermək istəməyən adamlar isə hər dəfə eyni bəhanəni gətirirlər: indi qəzetlər zəif çıxır, oxumağa heç nə tapmırıq. Vallah, dəhşətdir! Qəzet almaq üçün 40 qəpiyə qıymayan adamlar Coşqunun tüklü sinəsinə baxmaq üçün 40 manatlarından keçirlər. Bizim kənddə bu cür adamlara arsız deyirdilər. İnsanın öz həyat yoldaşı ilə yanaşı oturub, yad bir kişinin çılpaq bədəninə tamaşa etməsinin başqa adı varmı?!
/HaqqYolu/
Seymur Verdizadə (QI)
Comment