0
Monday 14 May 2012 - 20:05

Britaniya nəşri iqtidari sərt tənqid etdi

Story Code : 161920
Britaniya nəşri iqtidari sərt tənqid etdi
Britaniya nəşri iqtidari sərt tənqid etdi
Qərb mediasından Azərbaycan hakimiyyətinə qarşı tənqidlər davam etməkdədir. Artıq “Eurovision” mahnı yarışması ilə bağlı Bakıya yüzlərlə xarici jurnalist gəlməkdədir və onların çoxunun diqqətini bu yarışmadan çox Azərbaycanda insan haqlarının durumu cəlb edir. Nəticədə “Eurovision” üçün gələn jurnalistlər bu yarışma fonunda hakimiyyəti kəskin tənqid edən məqalələr hazırlayır.

Dünən Britaniyanın ən tirajlı qəzetlərindən olan “The Daily Mail” bu mövzuda geniş məqalə dərc edib. Məqalə “Eurovision” və Azərbaycanda insan haqlarının pozulmasına dair fotolardan ibarət illüstrasiya ilə müşayiət olunur. “125 milyon adam Britaniyanın təmsilçisi Engelbert Hamperdinkin bu yarışmadakı çıxışını izləyəcək. Lakin onlardan kimsə öz insanlarına zülm verən, Avropada insan haqları sahəsində ən pis imicə malik olan ev sahibi ölkəni dəstəkləyəcəkmi?”, deyə qəzet yazır.
Qəzet əməkdaşı mitinqdə oxuduğu mahnıya görə həbs edilən rokçu Camal Əli, bloggerlər Emin Milli və Adnan Hacızadə, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ilə söhbətlər əsasında Azərbaycanda insan haqlarının necə pozulduğu, fərqli siyasi mövqedə olanların başlarına nələr gəldiyi barədə yazır. Rokçu Camal Əli polis bölməsində ona necə işgəncə verdikləri haqda danışaraq deyir ki, onun əllərini qandalla bağlayıb stula oturtdular. Ayaqlarını isə qaldırıb başqa stula qoydular: “Polislərdən iri cüssəli biri mənim dizlərimin üstündə oturdu ki, tərpənə bilməyim, o biri isə dəyənəklə dabanlarıma vurmağa başladı. Məni otağa salanda divardakı saata baxmışdım və vaxtı yadda saxlamışdım, çıxanda baxdım ki, işgəncə düz 3 saat çəkib”. C.Əli deyir ki, onunla birlikdə gitaraçı Natiq Kamilov da həbs edilmişdi, həbsdən buraxılandan sonra Natiqi tələbə olduğu halda zorla əsgər aparıblar. “Mən onun taleyindən narahatam, çünki orduda müəmmalı əsgər ölümləri tez-tez baş verir”, deyə rokçu bildirir. C.Əli deyir ki, “Eurovision” qurtarandan sonra yenidən həbs olunacağından və başına daha təhlükəli şeylər gələcəyindən qorxur, ona görə də ölkəni tərk etmək niyyətindədir.
Məqalədə deyilir ki, hakimiyyət Bakıda mitinqləri qadağan edib, ötən ilin yazında hakimiyyətə etiraz etmək üçün küçələrə çıxanlara isə divan tutulub, onlardan bir qrupu hələ də həbsdədir. “Amnesty İnternational” həsb edilənləri vicdan məhbusu kimi tanıyıb. Bildirilir ki, “Eurovision”a hazırlıq ərəfəsində hakimiyyət Bakının kənarında müxalifətə iki mitinq keçirmək üçün icazə verib. Ancaq çoxları hesab edir ki, yarışma bitəndən sonra kütləvi aksiyalar yenidən qadağan olunacaq. Qəzet tənqidi rep mahnıları oxuduğuna görə təqib edilən və ölkədən qaçıb Hollandiyaya sığınmağa məcbur olan Azər Məmmədovun aqibətindən də bəhs edir. Bildirilir ki, onun xanımı Vəfa da fəallardan olub və əri ilə birgə mühacirət edib. Daha sonra bloggerlər Emin Milli və Adnan Hacızadənin satirik videoya görə həbs olunmalarından bəhs edilir. Qəzet Bakıda evlərin sökülməsindən və sakinlərin mülklərinin əllərindən zorla alınmasından, jurnalist İdrak Abbasovun döyülməsindən, X.İsmayılovanın apardığı araşdırmalara görə şantaj olunmasından və digər problemlərdən də bəhs edib.
Source : Müsavat
Comment