QR CodeQR Code

İTV-yə etiraz aksiyası dünya mediasında

25 May 2012 10:54

IslamTimes - Dünya mediasının nəhəngləri İctimai Palatanın piketinə operativ reaksiya verdi; “Euronews” və BBC aksiyadan kadrlar yayımladı


İctimai Palatanın ötən gün “İctimai Televiziya”nın (İTV) qarşısında keçirdiyi etiraz aksiyası dünya mediası tərəfindən operativ şəkildə tirajlanıb. Avropanın ən məşhur xəbər agentliklərindən olan “AFP”nin etiraz aksiyasından hazırladığı operativ reportaj dünyanın bir neçə qəzet və media qurumları tərəfindən yayımlanıb. “Euronews” kanalı İTV-nin qarşısında keçirilən etiraz aksiyasından kadrlar yayımlayıb. Kadrlarda müxalif fəalların səsləndirdiyi tələblər və polislərin onlara qarşı zorakılığı göstərilib.

Aksiya zamanı səsləndirilən tələblər və polislərin etirazçılara qarşı zorakılığı xüsusi qabardılıb. Müxalifət fəallarının aksiya zamanı qaldırdığı “Bizə İctimai Televiziya lazımdır, İlham TV yox” sözləri yazılmış plakat xarici jurnalistlərin daha çox diqqətini cəlb edib. “AFP” agentliyi də aksiyanın əsas tələbi kimi həmin şüara toxunub. Xəbərdə deyilir ki, İctimai Televiziyanın cəmiyyətin bütün maraqlarına xidmət etməsini tələb edən etirazçılar polislərin xüsusi amansızlığı ilə üzləşdi. Aksiya iştirakçılarının bəziləri döyülüb, 30-dan çox müxalifətçi isə həbs olunub.

Qeyd edək ki, İctimai Palatanın ötən gün keçirdiyi dinc etiraz aksiyasına Almaniya qəzetləri də operativ münasibət bildiriblər. “Bild” qəzeti aksiya bitəndən bir neçə saat sonra piketdən reprtaj yayımlayıb. Həmin reporajda etirazçıların tələblərindən bəhs olunub, polislərin müxalifətçilərə yönəlik zorakılığı vurğulanıb. Əlavə edək ki, etiraz askiyası barədə xəbərləri Britaniyanın BBC media korporasiyası da yayımlayıb. /Azadliq/


Story Code: 165326

News Link :
https://www.islamtimes.org/az/news/165326/itv-yə-etiraz-aksiyası-dünya-mediasında

Islam Times
  https://www.islamtimes.org