0
Friday 8 June 2012 - 10:46

Maket hara, raket hara!..

Story Code : 169249
Allaşükr Paşazadə - Raket
Allaşükr Paşazadə - Raket
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “İslam Əməkdaşlıq Təşkilatını (İƏT) modeli – 2012 beynəlxalq Təhsil proqramı” layihəsinin bağlanış mərasimində çıxış edərək bunları söyləyib: “Biz bu gün islamın əlindən çomağı, raketi almalıyıq. Əvəzinə qələm, elm verməliyik”.

Şeyx Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədr təyin olunmasına münasibət bildirərək, sədrin gənc olmasını xüsusi olaraq vurğulayıb: “Bu məni sevindirir. Bir vaxtlar Şeyx olanda mənim də yaşım az idi. Məndən yaşımı soruşanda gizlədirdim. 30 yaşım olsa da, 35-40 deyirdim.”

Raket əndişəsi

Bu gün dünyanın bütün mütərəqqi dövlətlərinin büdcələrinin əhəmiyyətli hissəsi müdafiə sahəsinə ayrılır. Bu, hər bir dövlətin təhlükəsizliyinin qarantı kimi qəbul olunur. Elə Azərbaycan Respublikası da hər il öz dövlət büdcəsindən hərbi sahəyə, o cümlədən silah-sürsat istehsalı və idxalatına ayırdığı məbləği artırır.

Belə isə, Şeyxin “İslamın əlindən raketi almalıyıq” çağırışını necə dəyərləndirmək olar? Bu, İslam dövlətlərinin silahlanmadan vaz keçməsi mənasına gəlirmi? Yoxsa nəzərdə tutulan “əl-Qaidə” kimi İslam iddiasıyla çıxış edən radikal ekstremist təşkilatlardır?

Birinci halda,Şeyxin çağırışı absurddur! Ərazisinin 20 faizi 20 ildir işğal altında olan bir müsəlman ölkəsinin Şeyxülislamı hansı məntiqlə raketdən imtina çağırışıyla çıxış edir? Qarabağımızı qələmləmi azad etməyi təklif edir?

İslam dünyasının hazırkı acınacaqlı durumu bir daha bunun göstəricisidir ki, öz zamanında müsəlman xalqları digər sahələrlə bərabər, müdafiə sisteminin təşkilində də ciddi qüsurlara yol veriblər. Əsrlərdən bəri yadellilər əlinə silah alıb əliyalın müsəlmanların ərazilərini, yeraltı ve yerüstü sərvətlərini işğal ediblər. Bu ərazilərdə özləri tərəfindən idarə olunan diktator rejimləri qurub, müsəlman millətlərini müstəqil dövlətçilikdən məhrum ediblər.

Günümüzdə İslamın raketdən imtinası Qarabağdan imtinası deməkdir. Belə ki, itirdiklərimizi geri qaytarmaq, əlimizdə olanları qorumaq üçün bütün xalqlar, millətlər, dövlətlər kimi, İslam xalqları, millətləri və dövlətlərinin də güclü silahlı qüvvələrə, ən mütərəqqi silahlara, raketlərə ehtiyacı var.

Bu, həm də, Allahın buyruğudur. Quranın “əl-Ənfal” surəsinin 60-cı ayəsində oxuyuruq: “(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!”.

Belə isə, Şeyxin raketdən imtina çağırışı bu mənada heç cür özünü doğrulda bilməz. Əksinə, Allah buyurduğu kimi, müsəlman hər cür silah-sürsata malik olmalıdır ki, düşmən ona hücum etməyə cəsarət edə bilməsin.

İslam iddiasıyla çıxış edən ekstremist-radikal qruplaşmalara gəldikdə, aydın məsələdir ki, onların iddialarına rəğmən, bu kimi ünsürlərin yaxından-uzaqdan İslamla heç bir əlaqəsi yoxdur. Əlinə silah alıb terrorla məşğul olan şəxs və qrupların ümumiyyətlə dinlə, o cümlədən İslamla heç bir bağlılığı ola bilməz. Din,

İslam insanlığa qətl deyil, həyat öyrədir. Bu mənada İslamın əlində heç zaman çomaq-raket olmayıb və ola da bilməz! Çomaq-raketi əlinə almış “əl-Qaidə” kimi qurumlara isə İslam demək olmaz! Onlar bəlli Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən yaradılmış və uzun illər hərtərəfli dəstəklənmiş terrorçu qruplaşmalardır. Şeyxülislamın bu kimi terrorçuları nəzərdə tutub, “İslam” ifadəsini dilə gətirməsi əslində İslama qarşı böyük həqarətdir!

Xülasə, Şeyxin “İslamın əlindən çomağı, raketi almalıyıq” söyləməsi heç bir mənada özünü doğrultmur və əksinə, İslamı təhqir etmiş olur.

Qələm və elm sevdası

Qələm, elm – İslamın ilkin çağırışlarındandır. Quranın bir çox ayələri insanları elm öyrənməyə, əql işlətməyə, bilikli olmağa səsləyir. İlk nazil olan ayə “Oxu!” ayəsi olub. Bu mənada, raketlə bağlı söylədiklərindən fərqli olaraq, Şeyxin qələm-elm çağırışı tam yerindədir. Amma!

Şeyxülislam - İslam mədəniyyətində hələ keçmiş əsrlərdən bu yana elmi ilə, biliyi ilə seçilən, dərin biliklərə malik olan və dini çevrələrdə ağsaqqal kimi, lider və avtoritet kimi qəbul edilən ruhani-nurani-ziyalı şəxsiyyətlərə verilən bir addır.

Özünün də etiraf etdiyi kimi, hələ dinsiz Sovet hakimiyyətinin Kommunist rəhbərliyi tərəfindən QMİ-nin sədri təyin edilmiş Allahşükür Paşazadə, əfsuslar olsun ki, deyilən bu xüsusiyyətlərdən məhrum bir simadır. Orta təhsilini belə kənd məktəbində uğursuz bitirmiş, sonra Sovet Özbəkistanının “dini mərkəzlərində” təhsil almış bir şəxsin nəinki dərin, hətta orta səviyyəli bir din mütəxəssisi olması adamda sual dalınca, suallar yaradır. 30 illik Şeyxülislamlıq təcrübəsində nə yazıqlar ki, ondan nə bir QƏLƏM görən olub, nə də bir ELM! Hətta elmi işini belə AMEA-nın və BDU-nun elm adamlarının sayəsində ərsəyə gətirmiş Şeyx indiyədək din, ilahiyyat, dini araşdırmalar sahəsində birca kitab da yazmayıb. Bu onilliklər ərzində bircə dəfə də olmayıb ki, ölkəmizin hansısa elmi mərkəzində ilahiyyat elmləri mövzusunda bir seminarı, mühazirəsi olsun. Elə bir dindar tapmaq mümkün deyil ki, Şeyxin kasetləri, CD-lərindən üzərindən xütbələr, moizələr dinləsin. Elə bir din tələbəsi yoxdur ki, Şeyximizin “dini biliklərindən” faydalanıb, öz elmini artırsın. Elm bir yana, nə yazıqlar ki, belə bir mühüm idarəyə rəhbərlik edən Allahşükür Paşazadə heç bir dildə səhvsiz, qüsursuz 3 cümləni ardıcıl yazmağa qadir deyil. Yazmağı qoyaq kənara, hətta şifahi nitq söyləməyə belə acizdir!

Di gəl ki, Şeyxülislamdır! Və tribunalardan çıxış edib İslamın əlindən çomağı, raketi almağı, əvəzində qələmi, elmi verməyi təklif edir.

Çomağı bilmirəm, amma aydındır ki, Şeyximizin əlində raket yoxdur. Deməli, raketi onun əlindən almağa ehtiyac da yoxdur. Amma bax, qələmi, elmi ona verməyə böyük ehtiyac var! Ən azı, İslamın və Azərbaycanın adını daşıdığından!

Yalançı Şeyxülislam

Şeyx etdiyi çıxışında bildirib ki, “Bir vaxtlar Şeyx olanda mənim də yaşım az idi. Məndən yaşımı soruşanda gizlədirdim. 30 yaşım olsa da, 35-40 deyirdim”. Beləliklə, QMİ-nin sədri, möhtərəm Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrətləri öz vəzifəsinin icrasını yalanla, insanları aldatmaqla başladığını etiraf edir. Hərçənd ki İslama görə yalan danışmaq, insanları aldatmaq ən böyük günahlardan sayılır. Əfsuslar olsun ki, Şeyximizin karyerası beləcə yalan və aldatmalar üzərində qurulub.


Nadir Əhmədoğlu


P.S. Yazının adı qaranlıq qalar birdən, bir-iki kəlmə bu barədə. Bizdə çox şey özü deyil, maketdir. Bu daha çox şeyxülislamın simasında özünü büruzə verir. Əsil şeyxülislamların bir əlində qılınc, bir əlində qələm olub. Bizim maket şeyxülislamın isə sanki bir qolu qırılıb, özü də qılınc götürən qolu! /HaqqYolu/
Comment