QR CodeQR Code

Klinton müxalifətlə niyə görüşmədi? – YAP-ın mövqeyi

Qafqazinfo , 10 Jun 2012 22:30

IslamTimes - Dünyada özünü insan haqqları müdafiəçisi kimi göstərən ABŞ-ın dövlət katibi Hillari Klinton vətəndaşların evinin başına uçurulduğu Azərbaycanda müxalifətlə görüşməyi proramına belə salmadı.


“Bu, radikal müxalifətin Azərbaycandakı mövqeyinin və ona olan beynəlxalq münasibətin hansı səviyyədə olduğunu bir daha göstərdi”

Hillari Klinton Azərbaycana səfəri çərçivəsində müxalifət nümayəndələrilə görüşmədi. Halbuki, dövlət katibi Ermənistanda və Gürcüstanda müxalifət nümayəndələrilə görüşlər keçirmişdi. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı H.Klintonla müxalifət rəhbərlərinin görüşünün ümumiyyətlə nəzərdə tutulmadığını bildirib: “ABŞ dövlət katibinin səfərinin proqramı öncədən məlum idi. Səfər zamanı Hillari Klintonun Prezident İlham Əliyevlə keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət, sülh və təhlükəsizlik, enerji və digər məsələlər müzakirə edildi. Keçirilən görüşlərdən biri də ölkədəki vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri ilə oldu. Bu görüşdə xanım Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında uğurların əldə olunduğunu vurğuladı”.

M.Qurbanlının fikrincə, dövlət katibinin səfəri zamanı radikal müxalifətin gözləntiləri puça çıxdı: “Onların ümidlərinin əksinə olaraq, xanım Klinton radikal müxalifətin liderləri ilə görüşmədi. Radikal müxalifət mətbuatından da görünür ki, onlar bundan çox pəjmürdə olublar. Hiss olunurdu ki, radikal müxalifət rəhbərləri ABŞ dövlət katibinin onlarla görüşəcəyinə ümid edirdilər. İndi isə mətbuatda ABŞ-ı və Klintonu tənqid etməklə məşğuldurlar. Bu, bir daha onu göstərir ki, Birləşmiş Ştatlar kimi böyük bir dövlət Azərbaycanda mövcud olan radikal müxalifətin cəmiyyətdə nüfuzunun olmadığını dəqiq bilir və onun rəhbərləri ilə görüşməyə ehtiyac duymur. Radikal müxalifətin hay-küy qaldırmaqla məşğul olduğunu, onların Azərbaycanda sosial dayağının olmadığını hər kəs anlayır. Bu, radikal müxalifətin Azərbaycandakı mövqeyinin və ona olan beynəlxalq münasibətin hansı səviyyədə olduğunu bir daha göstərdi”.


Story Code: 170044

News Link :
https://www.islamtimes.org/az/news/170044/klinton-müxalifətlə-niyə-görüşmədi-yap-ın-mövqeyi

Islam Times
  https://www.islamtimes.org