0
Wednesday 27 June 2012 - 09:15

Cəhənnəmə gedən özünə yoldaş axtarar!

Story Code : 174641
Paşazadə - Hidayət orucov
Paşazadə - Hidayət orucov
May ayının 31-də Hidayət Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edildi. İctimai təşkilat rəhbərləri, ilahiyyatçılar, mütəxəssislər Hidayət Orucovun vəzifədən kənarlaşdırılmasını müsbət qiymətləndirdilər.
Doğrudan da əski sovet kadrının Dini Komitəyə rəhbərlik etdiyi son illər ərzində din sahəsində kifayət qədər ciddi problemlər yaranmışdı. Mütəxəssislərin təbiri ilə desək, yaranmış böhranı aradan qaldırmaq üçün din sahəsinə bələd olmayan, kommunist düşüncəli H.Orucovun istefası zəruri idi.
H.Orucov vəzifəsindən kənarlaşdırıldıqdan az sonra ölkə KİV-ləri sabiq sədrin işdən atılmasını onun DQİDK-ya sədrlik etdiyi dövrdə Azərbaycan üçün yad olan və özlərini “sələfi” adlandıran ekstremist-vəhhabilərə “krışalıq” etməsi ilə əlaqələndirmişlər. Dini icmalardan birini təmsil edən mötəbər şəxs “Yeni Müsavat” qəzetinin müxbirinə bu haqda maraqlı məlumatlar verib. O deyib ki, Hidayət Orucov bu posta gətirildikdən bir müddət sonra ölkədə qeyri-leqal fəaliyyət göstərən bəzi radikal dini qruplar özlərini arxayın hiss etməyə başlayıblar: “Son bir neçə ildə vəhhabi təriqətinin üzvləri, ələlxüsus xəvariclər Bakıda və regionlarda son dərəcə aktivləşmişdilər. Onlara bəzən loyal münasibət də göstərilirdi. Hətta belə bir iddialar da səslənib ki, hakimiyyətdə radikal dini qruplaşmaları himayə edən qüvvələr də var. Zaman-zaman dövlət qulluğunda olan şəxslərin, onların övladlarının, hətta iki il öncə hərbçilərin də xəvariclərə qoşulması ilə bağlı faktlar səslənib və bunlar öz təsdiqini tapıb. (Buna misal olaraq ən azı üç adamın adını çəkmək olar; Hacıbala Abutalıbovun oğlu, Konstitusiya Məhkəməsinin sabiq məsul işçisi İsrafil Abutalıbov, bir müddət öncə həbs edilmiş və terrorçuluqda ittiham olunan ordu zabiti Kamran Əsədov, MTN-in Gəncədə məhv etdiyi terrorçu Vüqar Padarova köməklik göstərən İsfəndiyar oğlu Ramazanov (Şəki Apelyasiya Məhkəməsinin sabiq sədri Ramazan Burcayevin sürücüsü)-“Yeni Müsavat”) ”Eurovision 2012" ərəfəsində Azərbaycanda radikal qruplaşmalara nəzarət gücləndi. Həmin ərəfədə Avropanın, İsrailin, hətta Amerikanın xüsusi kəşfiyyat qurumları Azərbaycanda təxribatlar törətmək istəyən şəxsləri müəyyənləşdirmək üçün öz yardımlarını göstərdilər və nəticədə bir neçə qrup zərərsizləşdirildi. Elə ilkin araşdırmalar zamanı da bəlli oldu ki, bu qruplaşmaların hakimiyyətdə vəzifə tutan adamlarla bu və ya digər şəkildə əlaqələri var. Araşdırmalar zamanı çox ciddi bir fakt da üzə çıxıb; mövcud qaydalara görə, Dini Komitənin rəhbəri ölkədəki radikal dini qrupların üzvlərinin kimliyi ilə bağlı siyahı tərtib edir və hər ay bununla bağlı ölkə rəhbərliyinə hesabat verilir. Son antiterror əməliyyatları zamanı xəvariclərlə əlaqəsi olan xeyli sayda vəzifəli şəxslər, onların övladları, yaxınları, habelə bir sıra iş adamları aşkarlananda iqtidar rəhbərliyi üçün əsl sürpriz olub. Bəlli olub ki, onların heç birinin adı “təhlükəli dindarlar” qismində ölkə rəhbərliyinə təqdim edilən siyahıda olmayıb. Habelə, o da üzə çıxıb ki, Hidayət Orucovun xeyir-duası ilə vəhhabilərə adi xeyli sayda dini qurum qeydiyyatdan keçib. Bunlar üzə çıxdıqdan sonra
Hidayət Orucovun həbsi məsələsi də müzakirə olunub, amma bəzi iqtidar texnoloqları bunun birbaşa hakimiyyətin özünün ziyanına olacağını qeyd ediblər. Bu səbəbdən də H.Orucov sadəcə vəzifəsindən alınıb".
Mənbə qəzetə bunu da bildirib ki, Hidayət Orucov bu məsələlərlə bağlı sorğu-sual olunub, onun müəyyən qruplarla əlaqələri aşkarlanıb. Amma o, həmin adamların bütün koordinat və dayaq nöqtələrini ifşa etməklə özünü sığortalaya bilib. Lakin tutduğu vəzifəsi ilə xudahafizləşməli olub.
Başqa bir mötəbər mənbənin baş verənlərlə bağlı verdiyi məlumatda isə bildirilir ki, vəzifədən kənarlaşdırıldıqdan sonra sabiq komitə sədri bərk qəzəblənib və bu olayları özünə qarşı bir təxribat adlandırıb. Bildirilir ki, yaxın adamlarıyla görüş keçirən H.Orucov onu vəhhabilərdən pul alıb, onları himayə etməkdə ittiham edənləri söyüb və əsəbi halda deyib ki, “vəhhabilər 20 ildir Prezident Aparatından tutmuş, MTN və Qafqaz Müsəlmanları İdarəsinədək hamını yedizdirir, indi nə oldu birdən-birə Hidayət hədəfə alındı?”.
Mənbə bildirir ki, sabiq sədr açıq söyləyib ki, vəhhabiləri dəstəkləyən Küveyt dairələri də, Səudiyyəlilər də Şeyxə “özü ağırlığında” pul verirlər, MTN-ə haqq göndərirlər, amma prezidentə mənim adım verilir. O iddia edib ki, vəhhabiləri dəstəkləyən ilk ünvan elə Şeyxülislam Allahşükür Paşazadədir və onun özü də məhz şeyxin “dobrosu” ilə hərəkət edib: “İslam Universiteti üçün vəhhabi şeyxlərinin ayırdığı milyonları yeyən mən idim, yoxsa Şeyx ilə Hacı Sabir? (QMİ sədrinin müavini, İslam Universitetinin rektoru Hacı Sabir Həsənlini nəzərdə tutur – red.) “Əbu Bəkr” məscidi üçün verilən rüşvətləri, çamodanlarla pulu yeyən mən idim, yoxsa Şeyx? Vəhhabilərin ayda MTN-ə və şəxsən şeyxə verdiyi paçka-paçka pulların heç onda birini mənə verməyiblər, amma indi mənim adım hallanır. Bu mənə qarşı bir təxribatdır və əgər mövzu şişirdilərsə, mənə verilənləri də deyəcəm, yuxarı ötürdüklərimi də. Qoy şeyx də aldıqlarının-verdiklərinin hesabatını versin, görək vəhhabilərin “krışası” mənəm, yoxsa şeyx!”.
Sabir komitə sədri bəzi vəzifəli vəhhabi məmurların və məmur övladlarının adlarının MTN-nin tapşırığıyla yuxarılara ötürmədiyini iddia edir: “Bu işlərin heç birini mən tək görməmişəm. Adları MTN-lə birlikdə tərtib edirdik, onların razı olmadığı adı mən necə siyahıya sala bilərdim?”.
Sabiq sədr bildirib ki, bu oyunların arxasında şeyx dayanır: “Mənə gəlirinə şərik gözü ilə baxıb, yolundan uzaqlaşdırdı. Kişi başqasının çörəyinə qənim çıxmaz. Bir gün bu oyunu şeyxin özünün də başına gətirəcəklər.”
Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, doğrudan da Şeyxülislam Hacı Allahşükür Paşazadə hələ 1990-cı illərin ortalarından Azərbaycanda vəhhabiliyi yayan Küveytin “İslam İrsinin Dirçəlişi” təşkilatı ilə əlaqələr qurmuş və onlardan külli miqdarda maddi dəstək almışdır. “Əbu Bəkr” məscidinin də məhz həmin təşkilat tərəfindən tikdirildiyi bildirilir. Bununla bərabər Qətər və Səudiyyə Ərəbistanının da nüfuzlu təşkilatları şeyxə yol taparaq, Azərbaycanda vəhhabiliyin yayılmasını təmin etmişlər. Lakin 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə vəhhabilərin verdiyi pullar şeyxlə dövlət komitəsinin o vaxtkı sədri Rafiq Əliyev arasında bölüşməyə başladı. Bir müddət sonra din sahəsinin gəlirlərinə nəzarət üstə şeyxlə Rafiq Əliyev arasında ciddi qarşıdurmalar yarandı. Həmin dövrdə Hidayət Orucov Prezident Aparatında din sahəsinə
kuratorluq edirdi və şeyxin ənamlarından bol-bol bəhrələnirdi. Paşazadə-Rafiq Əliyev qarşıdurmasında H.Orucov məhz Paşazadəni dəstəkləyirdi və var gücü ilə Rafiq Əliyevi yıxmağa çalışırdı. 2006-cı ildə Paşazadə-Orucov ittifaqı Rafiq Əliyevi sıradan çıxarsa da, şeyx din sahəsinin gəlirlərinə tam nəzarət arzusuna çata bilmədi. Çox keçmədi ki, MTN-nin müvafiq qurumu ilə bərabər, Hidayət Orucov da bu gəlirlərə şərik çıxdı.
İndi Hidayət Orucov özünün deyil, məhz şeyxin vəhhabilərə “krışalıq” etdiyini və ərəb şeyxlərindən alınan pulları tək yemədiyini iddia edir. Bununla bərabər, MTN-nin də adını hallandırır. Belə yerdə deyiblər, “Cəhənnəmə gedən özünə yoldaş axtarar! ”. Görünür ki vəhhabilərə dəstək mövzusu hələ bitməyib və yəqin yaxın vaxtlarda Prezident Administrasiyası şeyxdən də vəhhabilərdən aldığı pullar haqda geniş hesabat tələb edəcək. /HaqqYolu/

Nadir Əhmədoğlu
Comment