0
Sunday 1 July 2012 - 07:25

Nərimanovda dindar “ovu”

Story Code : 175668
Nərimanovda dindar “ovu”
Nərimanovda dindar “ovu”
“Dinlə məşğul olmaq qadağandırsa, bayrağımızdan yaşıl rəngı çıxarsınlar”

Bakı şəhəri, Nərimanov rayonunda müvəqqəti yaşayan Zəka Piralı oğlu Mirağayev dini inancına görə hüquq-mühafizə orqanlarının qanunsuz təqib və təzyiqləri ilə üzləşdiyini bildirir.

O, başına gələnləri yazaraq dövlət başçısına və bir sıra rəsmi orqanlarla yanaşı “Azadlıq” qəzetinə də yollayıb.
Onun bildirdiyinə görə, 31 may 2012-ci ildə saat 14 radələrində 5-6 nəfər polis geyimində, bir o qədər də mülki geyimdə olan şəxslər onun mənzilinə daxil olublar. Bu zaman onun özü evdə olmayıb. Evə daxil olanlar orada əşyaları dağıdaraq axtarış aparıb, daha sonra kitabları və başqa əşyaları müvafiq akt və siyahı tərtib etmədən özlərilə aparıblar.

Şikayətçinin yazdığına görə, axtarış aparılan zaman o, mənzildə olan Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşı ilə telefonla danışıb və qaldığı evə hansı əsasla daxil olduqlarını, nəyə görə qanunsuzluğa yol verdiklərini soruşub. Qarşılığında “Yaxşı edirik, hara istəyirsən şikayət et” cavabını alıb. Həmin vaxt evdə olanlar isə gələnlərin kimliyi, nə məqsədlə gəldikləri, axtarış aparmaq üçün məhkəmə qərarının olub-olmadığı barədə izahat tələb etsələr də, onlar “İndi MTN-nin əməkdaşları gələcək, onda bilərsiniz” deməklə kifayətləniblər. Daxili İşlər Nazirliyinin “102 qaynar xətt xidmətinə” edilən zəngə cavab olaraq isə bildirilib ki, “biz polisin üstünə polis göndərmirik”.

Mirağayev yazır ki, qanunvericiliyin tələblərinə görə axtarış, müsadirə kimi prosessual hərəkətlərə yalnız cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qanunazidd əməl törədildikdə, cinayət təqibi həyata keçirilərkən yol verilir: “Ancaq mənim və ya həmin saatda mənzildə olanların əməllərində heç bir cinayət tərkibi olmayıb. Bunu elə mənzilə qanunsuz olaraq soxulmuş polis əməkdaşları da gözəl bilirdilər. Mənzildə olanları zorla polis maşınlarına mindirərək, təhqiramiz ifadələr işlətməklə, vurmaqla polis idarəsinə apararaq orada heç bir əsas olmadan beş saatdan artıq saxlayıblar”.

Oxuduğu dini kitablarda dövlət və millətin zərər görəcəyi heç bir şeyin olmadığını bildirən şikayətçi daha sonra yazır: “Mən inanclıyam, dini ədəbiyyat oxumaq haqqımdır. Əgər biz dinsiz bir ölkəyiksə, bayrağımızdan yaşıl rəngi çıxardaq, prezident də seçiləndə “Qurani Kərim”ə and içməsin, öləndə də kəfənlə basdırılmayaq”.

Mənbə: HaqqYolu - Azadliq.info
Comment