QR CodeQR Code

GƏNCƏ İNANCLI İCTİMAİYYƏTİN BƏYANATI

Dəyərlər AİN , 30 Dec 2009 15:58

Gəncənin inanclı çevrə təmsilçilərindən dini mərasimlərin keçirilməsi ilə əlaqədar fəal olan insanlara qarşı təqiblərlə bağlı bəyanat daxil olmuşdur.


Bəyanatda bildirilir ki, Məhərrəm ayı ilə bağlı keçirilən ənənəvi dini mərasimlə əlaqədar mərasimdə iştirak edən ilahiyyatçı tələbə Sadıqov Bəhruz hüququ-mühafizə orqanları tərəfindən qeyri-qanuni olaraq həbs edilib.Digər mərasim iştirakcıları isə mərasimdən sonra polislər tərəfindən təzyiqlərə məruz qalıblar.

Bəyanatda bildirilir ki, vəzifəsi cəmiyyətdə asayişin qorunması olan hüquq-mühafizə orqanlarının əməkdaşları dinc şəkildə dini mərasim keçirən əhaliyə qarşı zor tətbiq etməklə, əslində vətəndaşları iğtişaşlara təhrik edir, qarşıdurma və təxribatlara yol açırlar.

Bəyanatda daha sonra qeyd edilir ki, gəncəlilər əsrlərdən bəri Məhərrəm ayında İmam Hüseynin (ə) şəhadətilə bağlı dərin hüznlə kütləvi mərasimlər təşkil edir, bu mərasimləri milli-mənəvi dəyərlərimizin ayrılmaz bir atributu kimi yaşadırlar: “Hətta sovetlər dövründə belə Məhərrəm ayı mərasimləri Gəncədə daim kütləvi şəkildə qeyd edilib və dinsiz bolşevik rejimi xalqın iradəsini qıra bilməyib. Təsadüfi deyil ki, Gəncə “İmam Hüseyn Şəhəri” kimi tanınır”.

“Biz, Gəncə dindarları Məhərrəmliklə bağlı keçirilən mərasimə dövlət orqanları tərəfindən qeyri-qanuni olaraq müdaxilə edilməsi və ilahiyyatçı tələbələrin həbsə alınmasını dindarların dövlətə qarşı təhrik edilməsi, din və vicdan azadlığına qarşı amansız bir akt, üçrəngli bayrağımızda əks olunan müqəddəs dinimizə qarşı düşmənçilik kimi qiymətləndirir, bütün bu qanunsuzluqlara öz qəti etirazımızı bildiririk” - deyə bəyanatda vurğulanır.

“Bu gün güc strukturları öz gücünü öz millətinə, dindar vətəndaşına, din təhsili alan tələbələrə deyil, torpaqlarımızı zəbt etmiş erməni işğalçılarına göstərməlidir!

Biz dövlət orqanlarından bu təxribatlara - dinimizin, inancımızın, mənəvi dəyərlərimizin təhqir olunmasına son qoyulmasını və inanclı insanların dini etiqad azadlıqlarının təmin edilməsini tələb edirik.

Allah xalqımızı dinimizə qarşı savaş açan bir ovuc zalımın şərindən qorusun!”, - deyə bəyanatın yekununda bildirilir.


Story Code: 17683

News Link :
https://www.islamtimes.org/az/news/17683/gəncə-inancli-ictimaiyyətin-bəyanati

Islam Times
  https://www.islamtimes.org