QR CodeQR Code

Bakı kürüsü erməni mağazalarında

9 Jul 2012 09:12

IslamTimes - Xəzər dənizində balıq ovu sektoru tam inhisara alınıb və bütün bu proseslərə “Caspian Fish” nəzarət edir. Hətta dənizkənarı kəndlərin əhalisinə dədə-baba qaydasında qayıqla balıq tutmağa da icazə verilmir.


“Yeni Müsavat”a hökumətdəki qaynaqlarımızdan biri məlumat verib ki, həm avropalıları razı salmaq, həm də ciddi gəlir əldə etmək üçün bir sıra hökumət üzvləri Xəzər kürüsü məsələsinə az qala neft qədər önəm verir: “Ən ciddi məsələlərdən biri odur ki, neft pullarına beynəlxalq səviyyədə nəzarət olduğu üçün hakimiyyət onu istədiyi kimi rahatlıqla istiqamətləndirə bilmir. Bunun üçün mürəkkəb mərhələlər, layihələr, tenderlər və s. lazımdır. Amma kürü biznesindən əldə olunan gəlirə hazırda heç bir beynəlxalq nəzarət yoxdur və bu, birbaşa həmin sahənini monopolistlərinin cibinə gedir. Artıq bu məsələyə hökumət səviyyəsində üç ildir xüsusi diqqət və qayğı var”.
Mənbə qeyd edir ki, Xəzər dənizində balıq ovu sektoru tam inhisara alınıb və bütün bu proseslərə “Caspian Fish” nəzarət edir. Hətta dənizkənarı kəndlərin əhalisinə dədə-baba qaydasında qayıqla balıq tutmağa da icazə verilmir: “Fövqəladə hallar naziri hörmətli Kəmaləddin Heydərovun nəzarətində olan "Caspian Fish" təxminən yarımqapalı, az qala hərbiləşdirilmiş struktur kimi çalışır. Bu şirkətə xüsusi imtiyazlar, səlahiyyətlər verilib. Xəzərdə nərələrin tutulması, kürü yetişdirilməsi və bu delikatesin qablaşdırılması onun vasitəsi ilə həyata keçirilir. “Caspian Fish” Xəzərdə nərələrin tutulması, kürü mövsümündə onun qorunması, götürülməsi üçün FHN-in texnikasından və xüsusi briqadasından istifadə edir. Ən maraqlısı isə bu strateji məhsulun daha çox əldə edilməsi üçün həyata keçirilən oyunlardır. Çünki son iki ildə kürü mafiyası dünya bazarlarına çıxardığı məhsuldan milyardlar qazanır və onun istehsalını artırmaq üçün əlindən gələni edir. Dəqiqləşdirilmiş məlumatlara görə, Xəzər kürüsü Avropa ölkələri arasında ən çox Fransada satılır. Parisdə “Caspian Fish” -in bir neçə mağazası mövcuddur. Lakin maraqlı detallardan biri də odur ki, üzərinə Bakı kürüsü yazılmış delikateslərə Fransada “Caspian Fish” mağazaları ilə yanaşı, ermənilərə məxsus mağazalarda da rast gəlinir. Ola bilsin ki, ermənilər sadəcə bu ölkədə azad bazar mühiti olduğu üçün buna nail ola biliblər. Çünki kürünün pərakəndə satışında da böyük gəlirlər əldə edilir".


Story Code: 177629

News Link :
https://www.islamtimes.org/az/news/177629/bakı-kürüsü-erməni-mağazalarında

Islam Times
  https://www.islamtimes.org