0
Monday 11 January 2010 - 17:25

DİNİ İCMA QƏLƏBƏ HAQDA FİKİRLƏŞİR

Story Code : 18393
DİNİ İCMA QƏLƏBƏ HAQDA FİKİRLƏŞİR
Azərbaycanın müstəqillik qazandığı ilk illərdə köhnə ibadət yerlərinin bərpa edilərək istifadəyə verilməsi, yeni məscidlərin tikilməsi çox böyük sürətlə gedirdi. 70 il ateist rejimində yaşamağa məhkum olunmuş xalq isə təbii ki, bunu yaxşı qarşılayır, məsələyə köhnə sovet münasibətinin bir daha təkrarlanmayacağını düşünürdü.

Amma çox təəssüf ki, ölkəmizin müstəqilliyi dövründə də ibadət ocaqlarına nəinki biganə münasibətin, hətta onların sökülməsi haqda məhkəmə qərarlarının da şahidi oluruq. Məsələn, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında sökülməsi barədə məhkəmə qərarı çıxarılan "Fatimeyi-Zəhra" məscidi kimi.

Dini icmanın sədri Seyid Tofiq Rəsizadə ilə söhbətimizdə də bu ibadət yerinin taleyi və digər məsələlərə toxunmuşuq.

Əvvəlcə Aşura mərasimini elə "Fatimeyi-Zəhra" məscidində, yeddi mərasimini isə başqa ibadət oğacında keçirdiklərini bildirən T.Rəsizadə artıq Apellyasiya Məhkəməsinin qərarını əldə etdiklərini vurğuladı: "Qırx mərasimi haqda isə hələ konkret heç nə deyə bilmərəm. Amma martın 6-na qədər vaxtımız var. Biz həmin vaxta, xüsusən də qırx mərasiminə qədər məscidin sökülməsi haqda məhkəmə qərarının ləğvi ilə bağlı tam qələbə barədə düşünürük.

Aşura günü məsciddə keçirilən mərasim də göstərdi ki, bizim müdafiəçilərimiz çoxdur. Biz imza toplayır, müxtəlif dövlət orqanlarına müraciətlər edir, ölkə başçısına teleqramlar göndəririk. Amma martın 6-dan sonra Ali Məhkəməyə müraciət edəcəyik".

İcma sədri məscidlərdə mərasimlərin keçirilməsinə edilən müdaxilələr, bununla bağlı qoyulan bəzi məhdudiyyətlərlə əlaqədar deyilənlərə də münasibətini bildirdi. Onun qənaətinə görə, elə məsələlər var ki, günah çox vaxt özümüzdə olur:

"Hər kəs bu məsələdə təqsiri ilk növbədə özündə axtarmalıdır. Bu mənada mən hesab edirəm ki, Azərbaycan möminləri Allahla dostluqda sədaqətlidirlərsə, onda İslama, möminə, mərasimlərin keçirilməsinə müdaxilələrin qarşısı alınacaq, müsəlmanlara qarşı hücumlar dayanacaq. Xatırladım ki, 1400 il ərzində İslam dininə çoxlu müdaxilələr, güclü təzyiqlər olub. 70 il yaşamağa məhkum olduğumuz ateist sovet rejimində də həmçinin. Lakin bütün bunlara baxmayaraq dinimiz yaşayıb. Və əlbəttə ki, müdaxilələr, hücumlar indi də var. Ona görə də möminlərimiz həqiqətən də Allahla dostluq edə bilsələr, onun buyurduqlarını yerinə yetirsələr, təzyiqlər ya olmayacaq, ya da heç bir nəticə verməyəcək".

Ölkədə əza mərasimlərinin keçirildiyini, İmam Hüseynin (ə) 14 əsr bundan əvvəlki əleyhdarlarının indi haqlı olaraq hamı tərəfindən söyüldüyünü, lənətləndiyini, yamanlandığını xatırladan Seyid Tofiq bugünkü mübarizənin yetərli olmadığını vurğuladı:

"Yezidin və onun tərəfdarlarının lənətlənməsi yaxşıdır. Amma gəlin bir anlığa belə təsəvvür edək ki, İmam Hüseyn (ə) də, onun əleyhdarları da hazırda cismən sağdırlar. Bu halda İmamın düşmənlərini doğrudanmı hamı çəkinmədən, qorxmadan söyərdi, yamanlayardı, onlara qarşı mübarizə aparardı?.."

Şəhadət məktəbindən dərs almağın vacibliyinə toxunan icma sədri dedi ki, o vaxt İmam Hüseyn (ə) haqq-ədaləti canıyla, qanıyla müdafiə edib, ədalət uğrunda mübarizə aparıb:

"İndi Yezid olmasa da, haqqa qarşı çıxanlar var. Təkcə 14 əsr bundan əvvəlki Yezidi söyməklə iş bitmir. Yəni müsəlmanların, möminlərin indiki nəsli də məhz belələrinə qarşı sivil mübarizə aparmalıdır. Bunun üçün ilk növbədə hər kəs özündən başlamalı, hamının bütün orqanları oruc tutmalı, ədalətli olmalı, bəzi rüşvətxor, korrupsioner məmurlara öz çirkin əməllərini davam etdirməyə imkan verməməlidir. Bundan ötrü yenə də özümüzdən başlamalı, necə deyərlər, işimizin düzəlməsi üçün rüşvət verməməli, mübarizəni axıra qədər davam etdirməliyik. Bu, əlbəttə mübarizənin yalnız bir nümunəsidir. Yəni biz əməllərimizdə düz olsaq Allah da bizi müdafiə edər".

                                                                                                                          Əli Hüseynli
Source : Faktxəbər
Comment