0
1
comments
Tuesday 7 August 2012 - 19:45

48 milyard kimin puludur?

Story Code : 185717
48 milyard kimin puludur?
48 milyard kimin puludur?
Britaniya parlamentinin himayəsiylə yaradılan “Tax Custice Network” (“Ədalətli Vergi Sistemi”) təşkilatının hesabatında 1993-2010-cu illərdə Azərbaycandan offşor zonalara 48 milyard dollar pul ötürülməsi öz əksini tapıb. 48 milyard dolları kimlərin ölkədən çıxarması bir ayrı söhbətdir. Bəs bu pul kimindir, onun sahibi kimdir? Sualın cavabını o pulun sahiblərinə ünvanlamaq istəyirəm.
48 milyard dollar sənindir:

1. Gününü Heydər parklarında, “besedka”larda domino və nərd oynamaqla öldürən, pulsuzluq ucbatından xəstəxanada müalicə almaq imkanından məhrum, ayı doxsan, günü üç manata başa vurmağa məhkum qoca;

2. Dövlətin rəva bildiyi maaş evdə başını aşağı edən, həftədə bir kilo ət alanda halından məmnun olan, qiyafətini belə təzələməkdə zorlanan, istirahət nə olduğunu bilməyən müəllim;

3. Maaşı mədəsinin tələbatını ödəmədiyi üçün gözü xəstənin cibində qalan, humanizmdən məhrum həkim;

4. Maddi ehtiyac üzündən başını çalışdırmağa halı olmayan alim;
5. Anormal qidalanmaya rəğmən “avitaminoz” diaqnozu sifətindən oxunan əsgər;
6. Sözdə qayğıya layiq bilinən, gələcəyi qeyri-müəyyən gənc;

7. Ailəsinə çörək pulu qazanmaq üçün Rusiya bazarlarını işğal etmiş kişi;

8. Işsizlik ucbatından Dubayda, Istanbulda, Bakıdakı priton-restoranlarda namus alveri edən qadın;
9. 20 ildir doğma yurd-yuvasına dönmək ümidi ilə yaşayan qaçqın;

10. Nəhayət, o pul sənindir, XALQ! (MILLƏT yazmağa əlim gəlmir. Millət olsaydıq kimsə 48 milyardı yox, heç 5 manatı da Azərbaycandan oğurlamağa cəsarət etməzdi).

48 milyard dollar heç bilirsənmi, nə deməkdir, nəyə qadirdir, ey XALQ?
48 milyard dollar sənin olsa, cümlə Azərbaycan vətəndaşlarını tibbi sığorta etdirmək, müavinətləri, təqaüdləri, müəllimlərin, həkimlərin, alimlərin maaşını beşqat artırmaq, işsizlik problemini həll etmək mümkündür. Üstəlik, Azərbaycandan çıxarılan o pulla gənc ailələrin ev problemlərini yoluna qoymaq olardı. Daha nələr-nələr etmək olardı o pula…

Sən o 48 milyardın sənin olmasını dərk etməlisən, XALQ. Bunun üçün at dozasında dimedrol vurulmuş başını silkələməyin gərək. Yuxudan oyanıb dərk etməlisən ki, ölkədən aparılmış o 48 milyard dollar sənin cibindən oğurlanıb. Anlamalısan ki, təkcə o pullar deyil, Allahın Azərbaycana bəxş etdiyi NEFT də sənindir, QAZ da sənindir, QIZIL yataqları da sənindir, Xəzərin kürüsü də sənindir. Bütün bu sərvətlər bir ailənin, beş ailənin deyil, sənindir, yalnız sənin.
Anlamalısan ki, DÖVLƏT də sənindir.
Anlamalısan ki, AZƏRBAYCAN da sənindir.
Bunu anlamasan, 48 milyard nədir, bir gün eşidəcəksən ki, 480 milyardı aparıblar…
Source : Azadlıq
Comment


Rahim
Azerbaijan
Bu Ingilislerin achiqlamasidi. 2003-cu ilde
Azadliq portalinda bu reqem 60mlrd. , ozude bir adamin hesabi kimi gosterilirdi.Indiye kimi 480mlrd. olmasi menim uchun teeccublu deyil