0
Monday 13 August 2012 - 01:47

İran, özünə yazığın gəlsin...

Story Code : 187029
İran, özünə yazığın gəlsin...
İran, özünə yazığın gəlsin...
Yaxın dostum Irana viza açdırmaq üçün sənədlərini qonşu ölkənin səfirliyinə təqdim edib, qayıdıb. Bir dünya xərc çəkib burda, neçə yüzlük aparatlardan keçib, yazılan bir kisə dərmanları udub. Mədəsində bir irəliləyiş olmayıb. Sonra Irana yollanıb, bizim pulla 8 manat həkimə xərci çıxıb, indi özünü yaxşı hiss eləyir və təkrar müayinəyə gedir ki, sağaldığına əmin olsun. Fikrim, özlərinin deyə bilmədiyi kəsərli, cəsarətli sözü qəzetdə oxuyub həb kimi qəbul eləyən “Azadlıq” oxucularına dostumun səhhəti haqda məlumat vermək deyil. Onsuz da bu ölkədə kütləvi psixoz, nevroz insanların bütün sağlamlığına balta vurub. Xərçəng xəstəliyi artıq adi zökəm kimi tutur adamları. Beş gündən bir eşidirsən ki, filankəsdə xərçəng çıxıb, ya o zəhrimardan əməliyyat olunub, ya da... dünyasını dəyişib. Şəxsən mən 2012-ci ildə dörd yaxın, doğma insanımın xərçəng müsibətini yaşadım: biri dünyasını dəyişdi, ikisi əməliyyat olundu... biri isə müalicə alır. Başqa bir dostumun 25-27 yaşlarında olan iki oğlunun eyni vaxtda xərçəngə yaxalanması isə artıq bu xəstəliyin nə qədər gəncləşdiyini göstərir. Bu ölkədə uşaqlar vaxtsız qocalır, min illərlə yaşı olan bir bəla isə gün-gündən gəncləşir. Bundan belə yeni doğulan körpələr xərçənglə gəlməsə yaxşıdı...
Hə, dostum danışır ki, Iran Azərbaycanla viza sistemini müvəqqəti adıyla bərpa eləyəndən sonra aləm bir-birinə dəyib. On minlərlə insan işsiz qalıb, çörəyini Irandakı ucuzluqdan çıxaran xeyli vətəndaş özü acından ölmək təhlükəsi ilə qarşılaşıb.
Mən hələ bu xəbəri eşidəndə, ağlıma gəldi ki, Azərbaycanla münasibətləri soyuq müharibə həddini aşan Iranın məqsədi heç də ölkəsində keçirilən hansısa tədbirdə təhlükəsizliyi qarantiyə almaq deyil. Iran sadəcə, Azərbaycanın nəbzini tutmaq, vətəndaşlarını narazı vəziyyətə salmaq, hakimiyyətin üstünə qaldırmaq və yekunda Azərbaycanın YAP hakimiyyətinə həddini və “analoqsuz inkişafın” nə demək olduğunu göstərməkdi.
Iran səfirliyinə viza üçün müraciət eləyən dostum, təkcə bir gündə viza açdırmağa 4000 Azərbaycan vətəndaşının müraciət elədiyini deyir. Ən maraqlısı isə budur ki, müraciət edənlərin hər birinin əlində xəstəlik haqda həkim arayışı var. Bəli, təkcə bir gündə 4000 xəstəlik arayışı!!!
Buyurun, sonra da deyirlər, Almaniya, Böyük Britaniya kimi geridəqalmış dövlətlərin gözü bizi götürmür! Cəmi bircə gündə 4000 adam canını götürüb İrana getmək, analoqsuz Azərbaycanda tapdığı mərəzlərdən qurtulmaq istəyir. Görəsən nədən onlar öz ölkələrində müayinə, müalicə olunmaq istəmirlər?
Kim dedi ki, istəmirlər? Lap yaxşı istəyirlər. Müayinə olunublar da, dəriləri soyulub da, müalicə alıblar da, ancaq xeyrini görməyiblər. Kimsəyə sirr deyil ki, həkimlərimiz Iranda əməliyyat olunub ölkəsinə qayıdanlara rəsmən nifrət eləyir. Vətən xaini kimi bir şey yəni. Daha doğrusu, sənə baxanda da elə bil üzünə bir lomba tüpürürlər. Udmağa məcbursan! Başına gəlmiş adam kimi deyirəm bunu.
Indi bu boyda nifrəti, təhqiri bilə-bilə yenə də adamlar xarici ölkəyə üz tutursa, demək, bunun üçün çox ciddi səbəblər var. Az qala tale yüklü. Bu ölkədə hətta on manatı da tale yüklü söhbət saymaq olarsa, durumun nə qədər ciddi olduğunu deməyə gərək yoxdu. Iran bir-iki ay da viza sistemini ləğv eləməsə, bütün Azərbaycan xəstəlik arayışı alıb, Irana yollanacaq.
Iran, özünə yazığın gəlsin, ləğv elə vizanı. Bu hakimiyyəti xalqla qorxutmaq olmaz. Xalqı adam yerinə qoyan kimdi? Sən, yaxşısı, başına 9 milyonluq dərd açma...

Pərviz
Source : HaqqYolu
Comment