0
Tuesday 14 August 2012 - 12:07

Elşən Mustafaoğlu Hacı Abgül Suleymanovun həbsini pislədi

Story Code : 187384
Elşən Mustafaoğlu Hacı Abgül Suleymanovun həbsini pislədi
Elşən Mustafaoğlu Hacı Abgül Suleymanovun həbsini pislədi
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin rəhbəri, fəlsəfə doktoru Elşən Mustafaoğlu:
“Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Hesab edirik ki, məhkəmənin sifariş əsasında çıxardığı bu qərarı ədalətsiz, əsassız və hüquqaziddir. Bu, bir daha ölkəmizdə məhkəmələrin müvafiq orqanların əlində bir alət olduğunu göstərdi.

İllərdən bəri cəmiyyətimizdə narkomaniyaya qarşı mübarizə aparan, neçə-neçə narkomanın islah olub, sağlam həyata qaytarılmasında vasitəçi olan bir ruhani “qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama” maddəsilə təqsirli bilinib, həbs edilir.

Aydındır ki, Hacı Abgül dinə qarşı aparılan aqressiv siyasəti sərt tənqid etdiyi üçün tutulub! Deməli, bu hökm həm də dini dəyərlərimizə olan qərəzli münasibətin göstəricisidir. Bununla inanclı vətəndaşların dini heysiyyəti təhqir edilmiş olur. Dünyanın harasında, hansı ölkəsində din adamı narkoman elan edilib həbs edilir?

Bu, bir daha bariz şəkildə göstərdi ki, barəsində ağızdolusu danışılan hüquqi dövlət anlayışı bizim ölkəyə yaddır.
Bəli, Hacı Abgül dövlətin anti-din siyasətinə qarşı etiraz edib, çıxışlar edib. Axı bu, onun konstitusion haqqıdır! Bu etiraz səsləri qəlbində inancı olan hər bir vətəndaşımızın haqq səsidir – hicaba azadlıq! Məscidləri sökməyin, bağlamayın, hicablı balalarımızı təhsil hüququndan məhrum etməyin, dini fəaliyyətlərə azadlıq verin, inanclı vətəndaşlara düşmən gözü ilə baxmayın, onlara qarşı bu aqressiv davranışlara, təqiblərə, həbslərə son qoyun! Hacı Abgülün etdiyi bütün bu çağırışlar əslində cəmiyyətimizdə dindarların azad, sərbəst yaşaması üçün edilən çağırışlardır. Bunlar Konstitusiyamızın tələbidir. Hacı Abgül dindarları dağıdıcılığa deyil, bu hüquqlar uğrunda mübarizəyə səsləyir. Axı nə vaxtadək hakimiyyətin apardığı yanlış siyasətə qarşı etirazlara məhbəslərlə, repressiyalarla cavab veriləcək? Nə vaxtadək dini haqlarını tələb edənlərə amansız düşmən gözü ilə baxılacaq? Nə vaxtadək dindar ailələr təhdidlər içində, balaları göz yaşı içində qalacaq? Bu haqsızlıqların bir sonu varmı?..
Bəli, Hacı Abgül hakimiyyətin anti-din siyasətini tənqid edib! Amma axı o, narkoman deyil! Axı ondan nə narkotik maddə, nə də silah tapılıb! Niyə dini hüquqlarının müdafiəsinə qalxmış ruhaniyə belə nalayiq ittihamlar irəli sürüb şərləyirlər? Niyə onu 11 il övladlarından, ailəsindən, yaxınlarında uzaq salırlar? Allah bu haqsızlığı götürərmi? Əlbəttə, götürməz!

Məhkəmə hökmü məhz Ramazan ayında oxundu. Quranın nazil olduğu bir ayda. Bu İlahi Kitabda (Zəlzələ surəsi, ayə 7-8) buyrulduğu kimi – Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir (cəzasını çəkəcəkdir).
Allah var və O, heç bir haqsızlığı yerdə qoymur. Şər-böhtanla insanları bu dünyada azadlıqdan məhrum edənlər kaş anlamış olardılar ki, bununla özlərini hər iki dünyada ləyaqət və səadətdən məhrum etmiş olurlar.

Hacı Abgül bir vicdan məhbusudur! İnsanı onun vicdanının səsini dilə gətirdiyinə görə, dini-siyasi baxışlarına görə təqib etmək, etmədiyi cinayətlərə görə həbs etməyin özü ağır cinayətdir. Həm qanun qarşısında, həm də Allah qarşısında!
Biz müvafiq orqanlara müraciət edərək, Hacı Abgül Süleymanovun tezliklə azadlığa buraxılması üçün çağırış edirik və ümid edirik ki, bu ədalətsiz hökm ləğv ediləcək və o, azadlığa çıxacaq, inşAllah”.
Source : Deyerler
Comment