0
Wednesday 15 August 2012 - 00:36

Güneyə yardım bu üzdə 9 milyondan oğurlanmayıb?

Zəlzələdə belə adı çəkilməyən rayon...
Story Code : 187606
Güneyə yardım bu üzdə 9 milyondan oğurlanmayıb?
Güneyə yardım bu üzdə 9 milyondan oğurlanmayıb?
Oturduğum yerdə oturdum, yazmağa davam elədim. Bilmirəm, bu arxayınlıq qədərə gizli, etiraf olunmayan inamdandı, utancaqlıdandı, tənbəllikdəndi, qürurdandı, özünə sığışdırmamaqdandı – hər nədi, bilmirəm və bu səbəblərdən biri idi ki, 2000-ci ildə Bakıda güclü zəlzələ olanda həyətə düşməyi özümə ar bilmişdim. Bəzən mənə elə gəlir ki, haçansa ölüm təhlükəsi ilə üz-üzə qalanda da eləcə yerimdə qalaram. Qorxudan içim titrər, ama qaçmaram. Gözüm görə-görə ölməyimə tamaşa eləyib, təəssüflə ölərəm və yəqin ki, sonradan mənə hətta qəhrəman deyərlər. Ancaq gerçək qəhrəmanlar da var, bu haqda bir azdan yazacam.

Nə isə, zəlzələnin ikinci dalğası qayıdıb başa çatandan sonra, evdəkilər “indi Biləsuvarın adının çəkəcəklər ”,- deyib, TV kanallarımıza hücum çəkdilər və xəbəri anında yaxaladılar. Xəbərçi xanım Biləsuvarın böyür-başındakı rayonların adını çəkib, zəlzələ dalğası kimi rayonumuzdan bir elə ötdü, bir belə qayıtdı, ama adını çəkmədi. O zaman keşkə bizimkilərin üzündəki təəssüf və pərişanlığı görəydiniz! Sanki ev başlarına uçmuşdu. Zəlzələnin ən pisi indi baş vermişdi: “Axı niyə bu biçarə Biləsuvarın adını çəkən yoxdu? Axı bizdə də oldu bu şoğərib!..” Tanış hiss idi. Uzun həsrətdən sonra, ilk dəfə hava haqda məlumatlarda rayonumuzun adını eşidəndə nə qədər sevinmişdim! Halbuki yerliçilik mərəzənin yoxluğundan öyünəcək beş adam varsa, biri də mən deyiləmmi?
Eyni sualı Qarabağ savaşında ad açmış Biləsuvar alayının igid oğlu Eldardan da eşitdim: “Biləsuvardan 191 şəhid vermişik, bu qədər veteranımız, əlilimiz var. Bizim necə döyüşdüyümüzü hər kəs bilir. Ancaq necə olur ki, kimsə adımızı çəkmir, bir Milli Qəhrəmanımız yoxdu? Mübarizdən başqa. Ancaq ona da bu ad verilənəcən at oğrusuymuş kimi, evlərinin üstünü kəsdirib sorğu-suala tutmuşdular valideynlərini...” Eyni sözü atası da demişdi mənə, Mübarizin əşyaları evlərinə gətirilən gün.

Heç olmasa, bir hava haqqında məlumatda, zəlzələ xəbərində rayonunun adını efirdən eşitmək istəyinin nədən doğduğunu təsəvvür eləyə bilirsinizmi? Bu istəyin mayasında zəlzələ qədər acı gerçəkliklər dayanır.

“Təbrizim, qəlbi yaralı Təbrizim” kimi cümlələr yazmaqdan, yazanlardan ürəyim bulanır. Zəlzələ dalğalarında bu cür bulanmışdı ürəyim. Azərbaycanın quzeyində hər gün baş verən 9 ballıq zəlzələdən bəhrələnən, ətə-qana gələn, 9 milyon soydaşının diri-gözlü, mənəvi və fiziki ölümünə susub, ancaq susulası, içində çəkiləsi dərd olan, Güneydə baş verən 6,2 ballı zəlzələyə və onun sonuclarına “Təbrizim, qəlbi yaralı Təbrizim” yazıb şivən qoparanların saxtalığı adamın ətini tökür. Güneyə yollanan yardım karvanı isə bu üzdə ölən 9 milyondan oğurlanmayıbmı? Onların ən xeyirxah işlərinin mayası belə haramdan tutulub deyə, heç nəyə, heç nəyə sevinmək olmur bu viranə qoyulmuş yurdda! Narkotikdən, spirtli içki alverindən qazanıb valideynlərini Həcc ziyarətinə göndərənlər gəlir ağlıma.


İranın yunan-roma güləşi üzrə olimpiya çempionu Qasem Rezai qızıl medala görə aldığı pul mükafatını Şərqi Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlayıb. Azərbaycanda isə qaliblərə birlikdə 4 milyon 50 min manat pul mükafatı veriləcək. Elə çıxmasın ki, bir ədəbiyyat adamı olaraq həsəd aparıram. Heç o qorxum da yoxdu ki, bütün gənclik ancaq mitinqlərdə adam döyən idmançı olmaq haqda düşünəcək. Xeyir. Kəl kimi şairlərimiz, yazıçılarımız var, ama heç bir gəlir gətirməyəcək sözü qoyub, idman zallarına getmək haqda düşünmür. Sadəcə, sual bu:
Necə olur ki, 191 şəhid vermiş Biləsuvardan bir nəfər Milli Qəhrəman yoxdu?.. Milli Qəhrəmanlıq üçün təqdimatı Müdafiə Nazirliyinin dəhlizlərində it-bata düşmüş cəngavər Qədir Əsəd oğlu Musayevsə ikinci dəfə şərlənərək, ikinci məhbus həyatını yaşayır. İki dəfə özünə qəsd eləyib... Deyəsən, onun siyasi baxışlarına görə həbs edilməsi, vicdan məhbusu olması da heç kəsin, heç bir hüquq müdafiəçisinin yadına düşmür. Hardan düşəcək ki? Zəlzələdə belə bu rayonun adını çəkmirlər...

Başın sağ olsun, Azərbaycan!

Pərviz Cəbrayıl (Qİ)
Comment