0
Sunday 19 August 2012 - 01:32

Azərbaycan əlifbasının dəyişdirilməsi təklif edilir !!

Story Code : 188668
Azərbaycan əlifbasının dəyişdirilməsi təklif edilir
Azərbaycan əlifbasının dəyişdirilməsi təklif edilir
Hazırkı latın qrafikalı Azərbaycan əlifbasında dəyişiklik edilməsinə ehtiyac var. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib.

Bu fikrini elmi cəhətdən əsaslandıran Veysəllinin sözlərinə görə, bu gün Azərbaycan əlifbasında külli miqdarda olmasa da, bir neçə artıq işarə var.
O hesab edir ki, əlifbamızdakı "q", "ğ", "ə", "ç" hərfləri daha münasib formada yazıla bilər. İnternetlə yazışan zaman da bu hərflərdən istifadə etdikdə çətinliklər yaranır.

Onların nə ilə əvəzlənməsinə gəldikdə, Veysəlli deyib ki, bunu hələ fikirləşmək lazımdır. Bunun üçün qrafemlərin birləşməsindən də istifadə etmək olar.
Veysəlli Azərbaycan dilində "ə"nin hazırkı yazılış formasını elmi cəhətdən düzgün saymır.
O bildirib ki, Azərbaycan dilində "ə" istisna olmaqla, bütün incə saitlər qalın saitlərin üzərinə (ö, i, ü) nöqtə qoymaqla yaradılıb. Bu simmetriyanı gözləmək baxımından "ə"-ni də "a" hərfinin üzərinə iki nöqtə qoymaqla yazmaq olar. "ə" hərfinin belə yazılması elmi cəhətdən daha düzgün olar.

Veysəlli hesab edir ki, almanlar "ç" səsini latın "tsch", ingilislər "ch" qrafem birləşməsi kimi verirlər. Bunun üçün onlar yalnız latın əlifbasından istifadə ediblər. Bunu ən gözəl optimal variant sayan alimin fikrincə, Azərbaycanda da "ç" qrafemlərin birləşməsi kimi yazıla bilər.

"Biz "ç" yazanda aşağısında "quyruq" qoyuruq. Buna nə ehtiyac var idi ki? Dünyanın heç bir əlifbasında "ç" dördüncü hərf deyil. Çünki ona ehtiyac yoxdur", - direktor əvəzi qeyd edib.

O əlavə edib ki, bütün Avropa, o cümlədən almanlar vahid latın əlifbasından istifadə edirlər. Amma hər bir xalq müəyyən mənada oraya öz yeniliyini əlavə edir.

"Əgər biz latın qrafikalı əlifbadan istifadə ediriksə, sandıqda nə varsa, ondan istifadə edilməlidir. Yenidən latın qrafikalı əlifbaya işarə əlavə etməyə ehtiyac yoxdur. Çünki onda "calaq əlifba" olacaq", - alim qeyd edib.

Dilçi onu da bildirib ki, türkdilli xalqlar üçün vahid türk əlifbasının yaradılması mümkün məsələdir. Bu halda hərflərin heç birinə yenilik etmək lazım deyil. Sadəcə olaraq, bu halda da latın əlifbasındakı hərflərdən istifadə etməklə ya müəyyən birləşmələrdən, ya da diakritik işarələrdən istifadə etmək olar.

Veysəllinin fikrincə, vahid türk əlifbasının yaradılması mümkün olsa da, ortaq türk dilinin yaradılması elmi cəhətdən böyük problemdir.

"Sizcə, Anadolu, Osmanlı türkləri öz dillərindən imtina edib Azərbaycan dilinə keçərlər? Və ya biz öz dilimizdən imtina edərək başqa dilə keçərik? Bu, çətin, uzun sürən bir prosesdir. Bunun üçün vahid iqtisadiyyat, bazar və siyasi birlik olmalıdır", - alim əlavə edib.
Source : Trend.az
Comment