0
Tuesday 2 February 2010 - 16:02

İSLAM KONFRANSI XOCALI FACİƏSİ ILƏ BAĞLI XÜSUSİ QƏTNAMƏ QƏBUL ETDİ

Story Code : 19720
İSLAM KONFRANSI XOCALI FACİƏSİ ILƏ BAĞLI XÜSUSİ QƏTNAMƏ QƏBUL ETDİ
İKT Gənclər Forumunun İstanbulda yerləşən baş qərargahından APA-ya verilən məlumata əsasən, Uqandanın paytaxtı Kampala şəhərində keçirilən 6-cı sessiyaya 51 dövlətin parlament rəhbərləri və nümayəndə heyətləri qatılıb.

Konfransda qurumun Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF ilə İKT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul olunub.

İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilib.

Qətnamədə “Xocalıya ədalət” kampaniyasına tam dəstək ifadə olunub, quruma üzv olan 51 dövlətin parlamenti bu faciəni insanlığa qarşı cinayət kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağırılıb.

Sənədi şərh edən İKGF baş katibi, səfir Elşad İsgəndərov bildirib ki, qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir:

“Nəzərə alsaq ki, İKT PB öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, sözügedən termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaq”.

Qeyd edək ki, qətnamənin qəbul olunması ilə bağlı ideya İKGF baş koordinatoru Leyla Əliyeva tərəfindən ötən il Bakıda kampaniyanın milli koordinatorlarının görüşü zamanı irəli sürülüb. “Xocalıya ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilib və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir.
Source : Yenimusavat
Comment