0
Friday 28 September 2012 - 10:05

Müxalifəti parlamentə buraxmamağın bir səbəbi məlum olub

Story Code : 199201
Müxalifəti parlamentə buraxmamağın bir səbəbi məlum olub
Eldar Namazov: “Mandatı 1 milyona satırlar, düşünürlər ki, qələbəsi əlindən alınan müxalifətçi namizəd uzağı Avropa Məhkəməsinə müraciət edəcək, həmin instansiya da uzağı 20 min cərimə kəsəcək”

Fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videogörüntülərlə bağlı siyasi müzakirələr davam edir. Azərbaycan Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov bu videomaterialdakı məqamları nələri ortaya çıxardığını şərh edərkən bildirdi ki, Elşad Abdullayevin yaydığı videomaterial nəinki Azərbaycanda, beynəlxalq aləmdə də böyük rezonansa səbəb olub. Məndə olan məlumata görə, bu hadisə beynəlxalq təşkilatlarda da rezonans doğurub. Bu da təbiidir. Ona görə ki, birincisi, seçki saxtakarlığını, deputat mandatlarının pulla satıldığını sübut eləmək həmişə çox çətin olur.

Bu videoçəkilişdə isə çılpaqlığı ilə bu proses öz əksini tapıb. İkinci tərəfdən də qarşıdan prezident seçkiləri gəlir, ona görə də Azərbaycanda seçkilərə aid hər bir mövzu diqqət mərkəzindədir. Ona görə də bu videonun yayılması çox ciddi hadisədir: “Eyni zamanda bu hələ başlanğıcdır. Mən güman edirəm ki, ola bilsin davamı da ola bilər. Burda həm siyasi, həm hüquqi, həm mənəvi aspektlər çox önəmlidir. Faktiki olaraq, söhbət açıq cinayətdən gedir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılmalıdır. Siyasi tərəfi də çox önəmlidir. Ona görə ki, əgər Azərbaycan parlamenti bu yolla formalaşırsa, deməli, parlamenti legitim də saymaq olmaz. Ona görə ki, söhbət bir dairədən getmir, videoda açıq deyilir ki, söhbət ümumi siyahıdan gedir və mandat dəllallığı ilə bir adam yox, bir neçə qrup da məşğul olur. Həmin qruplar bir-biri ilə rəqabət aparırlar. Bazarda mal satan şirkətlərin arasında rəqabət getdiyi kimi bunların da arasında rəqabət getdiyi oradan aydın olur. Ona görə də bütövlükdə parlamentin nə cür formalaşması ortalığa çıxaranda Milli Məclisin qeyri-legitim olduğu meydana gəlir. Parlamentin qeyri-legitim olması isə ümumiyyətlə siyasi sistemin də qeyri-legitim olduğuna əsas verir. Çünki parlament ölkənin büdcəsini, baş nazirini, Konstitusiya Məhkəməsinin üzvlərini, seçki komissiyalarını təsdiq edir. Hakimiyyətin qanunverici qolu qeyri-legitimdirsə, onda bütövlükdə siyasi sistemin qeyri-legitimliyi meydana gəlir”.
O ki qaldı müxalifət namizədlərinin mandat bazarlığında iştirakının mümkünsüzlüyünə və pul faktoruna görə müxalifətçilərə mandat verilməməsinə, E.Namazov dedi ki, hakimiyyət seçki ilə bağlı özü üçün sərfəli biznes mexanizmi tapıb: “Bu bir faktdır ki, hakimiyyət seçkilərlə bağlı Avropa Məhkəməsində bütün işləri uduzur. Ancaq adətən Avropa Məhkəməsi şikayətçi tərəfin xeyrinə 10-20 min manatlıq cərimə kəsir. Hər dairədə seçkilərin saxtalaşdırılmasına görə, Avropa Məhkəməsi 10-20 min manat cərimə kəsir. Görün, hakimiyyət özü üçün necə sərfəli biznes qurub. Deputat mandatını 1 milyona satırlar, cərimələri isə 10-20 min olur. İqtisadiyyatın hansı sahəsində belə gəlir əldə etmək olar ki, 20 min xərcləyib 1 milyon qazanasan. Mandatı 1 milyona satırlar, düşünürlər ki, qələbəsi əlindən alınan müxalifətçi namizəd uzağı Avropa Məhkəməsinə müraciət edəcək, həmin instansiya da uzağı 20 min cərimə kəsəcək seçki saxtakarlığına görə. Deməli, müxalifətçilərin seçkilərdə uduzdurulmasının səbəblərindən biri də budur”.
Onu da qeyd edək ki, 2005-ci il parlament seçkilərində Eldar Namazov 15 saylı Yasamal seçki dairəsində YAP-ın namizədi Gülər Əhmədova ilə mübarizə aparırdı. Əsas mübarizə məhz onların arasında getmişdi. Exit-pollun nəticələrinə görə, E.Namazov qalib olsa da seçki komissiyası G.Əhmədovanı qalib elan etmişdi. E.Namazov bizimlə söhbətində bildirdi ki, indi məlum olur ki, G.Əhmədova hətta başqa dairələrdə də seçkilərin saxtalaşdırılması işində də rol alıbmış: “Mənim həmin seçkilərdə qalib gəldiyimə Avropa Məhkəməsi də sonradan aydınlıq gətirdi. Bizim dairədə keçirilən seçki ilə bağlı Azərbaycan hökuməti Avropa Məhkəməsinə də müraciət edib ki, mən Eldar Namazovun seçkilərdə hüquqlarının pozulduğunu tanıyıram və ona cərimə ödəməyə hazıram. Cərimə də artıq ödənilib. Bununla hakimiyyət 15 saylı dairədə seçkinin saxtalaşdırıldığını təsdiqləyib. Ancaq mən dediyim kimi, bunların alveri çox maraqlıdır, 10 min 20 min cərimə ödəyirlər, 1 milyona yerləri satırlar. Seçkidə həm rəsmi protokollarla, həm də exit-pollarla mənim qalib gəldiyim ortada idi. Mən Avropa Məhkəməsinə möhürlü, imzalı protokolları və exit-polların nəticələrini göndərmişdim. Avropa Məhkəməsi məhz bu faktlara əsaslanıb Gülər Əhmədovanın deputat elan olunduğu dairədə mənim qalib gəldiyimi təsdiqləmişdi”.
E.Namazov sonda vurğuladı ki, E.Abdullayevin yaydığı video Azərbaycanda sistemi açıb ortaya qoyub. Odur ki, Azərbaycan cəmiyyəti, ictimai, siyasi qüvvələr bu işin üzərində çox ciddi dayanmalıdır.

Etibar SEYİDAĞA /Müsavat/
Comment