QR CodeQR Code

Bu olay qurban yox, qurbanlar tələb edir

14 Oct 2012 11:17

IslamTimes - Öncə bir qəribəlik barədə


İşə bax, Yeni Azərbaycan Partiyasının (YAP) yüksək dövlət qulluğunda olan üzvlərinin böyük əksəriyyəti kişi cinsinə aiddir və o vəzifəli kişilərin yüzdə-yüzü olmasa da, yüzdə doxsandoqquzu rüşvətlə nəfəs alır. Di gəl ki, tora düşənmi yazım, ilişənmi, ilişdirilənmi deyim YAP-ın qadın üzvü oldu.
Guya ki, korrupsiyaya və rüşvətə qarşı kampaniyaya start veriblər, fəqət, bir iri vəzifəlini rüşvət alarkən yaxalaya bilmirdilər. Müdir, rəis, direktor, sədr, nazir toxunulmaz olaraq qalmaqdadır, cinayətdə vasitəçilik edənlərin bir neçəsini damlayıblar. Diqqət edin, qolu qandallanan ən ranqlı vəzifəli VTEK, bələdiyyə sədri, ya rayon hərbi komissarı olub. Onların havadarlarına isə gözünün-üstündə qaşın var deyən yoxdur.
Azərbaycanda savadlı bir yana, danaotaran da bilir ki, rüşvət alan qələt edər atası ilə aldığını tək yeyər. Yuxarıdakı kişilərin payı çatmasa qulağını dərhal kəsərlər rüşvəti tək yeyənn.
“Yuxarıdakılar” da gözəgörünməzlər deyil, onların kimliklərini də sıravi Azərbaycan vətəndaşı müəyyən etməkdə çətinlik çəkmir. Bu müəyyənetmədə zorlanan korrupsiyaya və rüşvətə qarşı vuruşanlardır. Məsələn, baş həkim rüşvət alırsa, Səhiyyə naziri, məktəb direktoru şagirdlərdən pul yığırsa, Təhsil naziri lap belə müqəddəs kitaba and içib desə ki, mənim bu işdən xəbərim yoxdur, yalan danışır, inanmağa dəyməz. Nədən ki, baş həkim və məktəb direktorunun ağzı nədir ki, böyüklərindən xəbərsiz özləri üçün rüşvət yığsın. Başqa tərəfdən, RÜŞVƏT elə bir mexanizmdir ki, onu yalnız mərkəzdən idarə edirlər. Rüşvət preyskurantı da yerlərdə deyil, mərkəzdə tərtib olunur. Uzatmıram, bütün bunları cümlə Azərbaycan bilir. Iki YAP üzvünün - keçmiş deputat Gülər Əhmədova və əski rektor Elşad Abdullayev arasındakı olay da isbatladı ki, alınan pul yuxarılara ötürülür. Vasitəçiyə 5-10 faiz qala bilər, artıq qalırsa, şəriklik barədə düşünmək lazım gəlir. Və əsla inandırıcı deyil ki, deputat adlarını çəkdiyi çox yüksək görəv sahibləri ilə şəriklik etsin.
YAP-da abdominal sancılar başlayıb. Tutuquşu kimi düzlükdən, ədalətdən, korrupsiya və rüşvətə qarşı mübarizə apardıqlarından dəm vuranların övqatı təlx olub, səsləri çıxmır. Manevrlərindən hiss olunur ki, bu olayı tək qurbanla - Gülər Əhmədovanı həbs etməklə ört-basdır etmək istəyirlər.
Bu çapda dövləti cinayətin bədəli qurban yox, qurbanlar verməkdir cənab yapçılar. Azərbaycan tarixinin ən qara ləkələrindən biri sayılacaq bu cinayətdə 5-10 faiz qazancı olanla birgə 90-95 faiz qazanc götürənlər də cavab verməlidir. Və bu məsələdə son söz Azərbaycan Prezidenti Ilham Əliyevindir.
Ilham Əliyevin bu olaya münasibəti hələ ki, açıqlanmayıb. Ancaq Bakının Ağ evində mandat alverinin ciddi müzakirə edildiyi barədə xəbərlər mətbuata sızır və indi hər kəs prezidentin hansı addımlar atacağını maraqla izləyir.
Bu olay tək vasitəçinin cəzalanmağı ilə sonuclanacaqmı?
Adları cinayətdə hallananlara qarşı tədbir görüləcəkmi?
Bu olaydan sonra prezident Ilham Əliyevin Milli Məclisə münasibəti necə olacaq, xalqın gözündən düşən o parlamenti buraxacaqmı?
Suallara yalnız Ilham Əliyev aydınlıq gətirə bilər. Nədən ki, o, Azərbaycanın dövlət başçısıdır və növbəti prezident seçkilərində də namizədliyinin irəli sürüləcəyi gözlənilir. Seçkilərə isə üç-dörd il yox, bir il qalır. Və məhz bu rüşvət olayına sərgiləyəcəyi münasibət prezidenin siyasi karyerası üçün mühüm əhəmiyyət kəsb edəcək.
Top Ilham Əliyevdədir. Bütün Azərbaycanın da gözü ona dikilib.
/HaqqYolu/
Səxavət Əlisoy


Story Code: 203416

News Link :
https://www.islamtimes.org/az/news/203416/bu-olay-qurban-yox-qurbanlar-tələb-edir

Islam Times
  https://www.islamtimes.org