0
Wednesday 17 October 2012 - 08:36

“Quba işi”nə görə tutulan jurnalistdən dəhşət dolu məktub

Story Code : 204223
“Quba işi”nə görə tutulan jurnalistdən dəhşət dolu məktub
“Quba işi”nə görə tutulan jurnalistdən dəhşət dolu məktub
Bu il martın 1-də Qubada baş vermiş aksiyalarla bağlı həbs edilən, Qubadan yayımlanan “Xəyal TV”nin icraçı direktoru Vüqar Qonaqov üzləşdiyi qeyri-insani rəftarla bağlı mətbuata müraciət ünvanlayıb.

V.Qonaqov qeyd edib ki, saxlandığı gün, yəni martın 13-də yüksək qızdırması olmasına baxmayaraq, nə Quba rayon polis bölməsində, nə rayon prokurorluğunda yardım ala bilməyib. Bu hal martın 14-də Bakıya gətirilərək saxlandığı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində də davam edib. Əksinə, halsız olduğu üçün yataqda uzandığına görə idarə əməkdaşlarının təhqir və hədələrinə məruz qalıb.

Bundan əlavə, V.Qonaqov martın 15-də ölkənin hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən dindirilərkən də təhqirə, hədələrə məruz qaldığını nəzərə çatdırır. Saxlandığı kameranın qonşuluğunda hansısa müttəhimə işgəncə verilməsi ilə bağlı idarə rəisi Mirqafar Seyidova şikayət edib. “Əgər səhv etsən, növbə sənindir” deyən idarə rəisi jurnalistə bildirib.

Martın 18-də V.Qonaqov idarə rəisi M.Seyidovun otağına aparılıb. Jurnalist hər şeyi öz xoşu ilə etiraf etməsi təhrikinə məruz qoyulub. “Məni hədələyirdilər ki, hər şey ortadadır, öz xoşumla etiraf edim, yoxsa əynimə qırmızı yubka geyindirib, türməyə göndərəcəklər, heç vaxt oradan çıxmayacağam, bu hədə qorxular, təzyiqlər altında ifadə verməyə məcbur edilirdim” deyə V.Qonaqov bildirib.

V.Qonaqov dövlət hesabına ona verilən vəkil Şöhrət Allahmanovun izahatları ilə tanış olmadan onunla “Xəyal TV”nin texniki direktoru Vahid İbrahimovun arasındakı üzləşdirmədə iştirak etdiyini qeyd edib: “Martın 28-də vəkilim Elçin Sadıqovla tanış oldum. Görüşdən sonra Eldar Əhmədov, Mirqafar Seyidov, müavini Səməd və İbrahim Lənbəranski növbə ilə məndən Elçin Sadıqovdan imtina etməyi tələb etdilər. Mən etiraz etdim. Həmin gecə məni mülki geyimli şəxs gözlərimi bağlı şəkildə başqa kameraya apardı, orada əllərimi və ayaqlarımı qandalla çarpayıya bağladı. Mənim suallarıma cavab vermədi. Səhərə qədər elə vəziyyətdə saxlandım”. Məhbus-jurnalist yazır ki, növbəti gün onu BMCMİ-nin rəis müavini kimi tanıdığı Səmədin otağına aparıblar. Orada vəkilindən imtina etməsini tələb ediblər: “Həmin gün məni vəkildən imtina etməyə məcbur etdilər və ərizə yazdırdılar. Elə həmin gün də vəkilim olmaya-olmaya E.Əliyevlə mənim aramda üzləşdirmə istintaq hərəkəti aparılıb. Aprelin 5-nə - Bakı İstintaq Təcridxanasına gətirilənə qədər ”Bandotdel"də qeyri-insani şəraitdə saxlanıldım. Hər gün təzyiq və təhqirə məruz qaldım. 23 gün ərzində uzun müddət xəstə oldum və 21 kiloqram arıqladım".

V.Qonaqov bu il martın 1-də Qubada baş verən hadisələrə görə həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. 2012-ci il martın 15-də Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

E.MƏMMƏDƏLİYEV
Source : Musavat
Comment