0
Monday 22 October 2012 - 16:09

Bakıdan Avropa Məhkəməsinə göndərilən sənədlər yoxa çıxıb

Story Code : 205703
Bunu öz açıqlamasında vəkil Əsabəli Mustafayev deyib
Bunu öz açıqlamasında vəkil Əsabəli Mustafayev deyib
“Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sənədlər ünvanına çatmayıb. Bunu “Media forum” saytına vəkil Əsabəli Mustafayev deyib. Vəkilin sözlərinə görə, bu il iyunun 13-də Avropa Məhkəməsinə müraciət ediblər: “Müraciətdə xahiş etmişdik ki, Elnur Seyidovla bağlı Avropa Məhkəməsi reqlamentinin 39-cu maddəsi tətbiq olunsun və ilkin tədbir kimi onunla bağlı seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə Azərbaycan hakimiyyəti qarşısında tələb qoyulsun. Avropa Məhkəməsi də bizdən əlavə sənədlər istəmişdi. Avqustun 6-da və 18-də Elnur Seyidovun xəstəliyi haqda arayışları, həkim rəylərini, xəstəlik tarixçəsini, tibbi avadanlıqlarla aparılan müayinələrin SD disklərini poçtla Avropa Məhkəməsinə göndərdik”. Ə.Mustafayev bildirib ki, bir neçə gün əvvəl Avropa Məhkəməsindən faksla onlara yeni məktub göndəriblər, eyni zamanda məhkəmədən vəkillərə zəng edilib: “Məktubda qeyd olunub ki, Elnur Seyidov haqda tələb olunan əlavə sənədlər Avropa Məhkəməsinə təqdim edilmədiyinə görə Azərbaycan hökumətindən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəmək mümkün deyil. Məktubda göstərilən sənədlərin sayına baxanda məlum olur ki, bunların hamısı bizim avqust ayında Avropa Məhkəməsinə göndərdiyimiz sənədlərdir. Ona görə də məhkəməyə yeni faks yolladıq, orada qeyd etdik ki, sənədləri avqustda göndərmişik. Məsələ Avropa Məhkəməsində ciddi narahatlıqla qarşılanıb. Faksı göndərdikdən iki saat sonra Avropa Məhkəməsində çalışan azərbaycanlı hüquqşünas Vüqar Fətəliyev mənə zəng etdi, dedi ki, o sənədlər Avropa Məhkəməsinə daxil olmayıb”. Ə.Mustafayev vurğulayıb ki, müxtəlif tarixlərdə Avropa Məhkəməsinə göndərilən sənədlərin ünvanına çatmaması müəmmalıdır. Onun fikrincə, bunun poçtda yaranan hansısa texniki problemdən baş verməsi mümkün deyil: “Bu işdə bəzi maraqlı hüquq mühafizə orqanlarının iştirakı var. Onlar sənədlərin göndəriməsinin qarşısını alıblar. Sənədlər texniki problemlərə görə deyil, siyasi amillərə görə ünvanına çatmayıb. Bizdə rəsmi poçt qəbzləri var. Ona görə də Sumqayıt poçtuna gedib məsələni araşdırdıq. Bizə dedilər ki, poçtun xüsusi internet saytı var, orada göndərilən poçt bağlamalarının hərəkət maşrutunu izləmək, hara çatdığını öyrənmək mümkündür, amma indi sayt işləmir, ona görə də heç nə deyə bilməzlər. Öz araşdırmalarımızı davam etdiririk. Mən 8 ildir Avropa Məhkəməsi ilə işləyirəm. İlk dəfədir belə halla rastlaşıram. Hesab edirəm ki, bu məsələ Avropa Məhkəməsi ilə Azərbaycan hakimiyyəti arasında ciddi qalmaqala səbəb olacaq”. Ləğv olunmuş “Texnikabank”ın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O, dələduzluqda ittiham olunur. Avqustun 30-da Səbail Rayon Məhkəməsi onun həbs müddətini daha üç ay uzadıb.
islamazeri.az
Source : İslamazeri
Comment