0
Tuesday 23 October 2012 - 00:25

Almaniyada Əliyevlərin ifşası davam edir

Story Code : 205803
Almaniyada Əliyevlərin ifşası davam edir
Almaniyanın “Der Tagesspiegel” qəzetində Azərbaycan cəmiyyətinin gündəmindəki məsələlərdən bəhs olunan məqalə yayımlanıb. Həmin məqalədə Gülər Əhmədova olayı, şənbə günü Bakıda keçirilən etiraz aksiyası və ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən söz açılıb. Azərbaycanda insan haqları və söz azadlığının bərbad halda olduğu, korrupsiyanın geniş vüsət aldığı vurğulanıb. Yazıda bildirilir ki, Avropanın narahatlıqlarına baxmayaraq, Bakıda klan hakimiyyəti saxlanılır.

Rüşvət videosunda nələrdən danışılır?

“Der Tagesspiegel” oktyabrın 20-də “Parlament buraxılsın” tələbiylə keçirilən etiraz aksiyasına toxunaraq yazıb ki, əvvəllər Bakının mərkəzində müxalifətin etiraz aksiyaları az-az keçirilirdi. Şənbə günü keçirilən aksiya zamanı 100 nəfərdən çox etirazçı həbs olundu. İnsan haqları üzrə federal ombudsman Markuz Löninq dinc etiraz aksiyası zamanı həbs olunanların dərhal azadlığa buraxılmasına çağırış etdi.
Alman qəzeti aksiyanın keçirilməsinə səbəb olmuş məlum videokadrlardan da bəhs edib: “Videokadrlar 2 qadın və 1 kişinin pul mübahisəsindən bəhs edir. Söhbət 500 min və 1 milyon dollar rüşvətdən gedir. Pulun ödənilməsini deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevdən tələb edir. Elşad Abdullayev ödədiyi pulun müqabilində Azərbaycan parlamentində kürsü və deputat mandatı əldə etməliydi. Elşad Abdullayevin universitetində də rüşvət olayları çox olub. Bağlanmış universitetin tələbələri onlardan rüşvət alındığı və aldadıldıqlarından şikayətçidir”.

“Azərbaycan insanı oğru hakimiyyətdən əziyyət çəkir”

Məqalənin bu yerində “Der Tagesspiegel” əlavə edir ki, Azərbaycan insanı kelptokratiya (oğruların hakimiyyəti-red.) rejimindən əziyyət çəkir. Korrupsiyanın səviyyəsinə görə Azərbaycan ən aşağı sıralarda dayanır.
Məqalə belə davam edir: “Abdullayev Fransaya qaçandan sonra həmin videonu paylaşıb. Kadrlarda Prezident Administrasiyasının rəhbəri və hakimiyyətin “boz kardinalı” adlandırılan Ramiz Mehdiyevin adı keçir. Cəmiyyətdə də “hakimiyyətdə İlham Əliyev olsa da, idarəçilik Mehdiyevin əlindədir” iddiaları geniş yayılıb. Məlum videokadrlarda Elşad Abdullayevdən Mehdiyevin “liderliyini” qəbul etmək istənilir. Abdullayev əvvəllər sabiq ölkə başçısı Heydər Əliyevin qardaşı Aqil Əliyevin himayəsində olub. Gülər Əhmədova həmin videoda parlamentdə çoxlarının oturmaq istədiyini, seçicinin isə bir nəfər olduğunu deyir”.

Əliyevin “kürü diplomatiyası”na sığınan açıqlamaları

Qəzet son aylar gündəmə gələn “kürü diplomatiyası”na da toxunub. Azərbaycan hökumətinin Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərini ələ alması faktı xüsusi vurğulanıb: “Eurovision 2012” müsabiqəsi vaxtı Avropanın diqqəti Azərbaycanda idi. İnsan haqlarının və söz azadlığının vəziyyəti diqqətdə saxlanılırdı. Hələ may ayında “European Stability” dərgisində Azərbaycan hökumətinin Avropa Şurasının üzvləri arasında “kürü diplomatiyası”na üstünlük verdiyi yazılırdı. Araşdırmalar zamanı məlum olub ki, AŞPA-nın bəzi üzvləri hər iclasdan əvvəl azərbaycanlı “dostlarından” 1 kloqramı 1400 avro olan qara kürü alıblar. Həmin avropalılar Bakıya gələndə isə onlara daha bahalı xalçalar və pul hədiyyələri təqdim olunub. İlham Əliyevin də sitatlarında “Bizim Avropa ilə yüksək səviyyəli əlaqələrimiz var. Mən Avropa Şurasından narahat deyiləm” sözlərinə tez-tez rast gəlmək olurdu”.

Gəlirlər hakim ailə və nazir-oliqarxların nəzarətində

Məqalənin sonunda Azərbaycan hakimiyyətinin ifşa olunduğu məqamları da qabardıb. Ölkədən 10 il ərzində 48 milyard dolların çıxarıldığı faktı xatırladılıb: “Britaniyanın “Justice Network” təşkilatı 1993-2001-cu illər arasında Azərbaycandan 48 milyard dollar ofşor zonalara ötürüldüyünü açıqlayıb. İqtisadçı ekspert Qubad İbadoğlu hakimiyyətin yüksək təbəqəsinin izacəsiz olmadan bu qədər pulun ölkədən çıxarılmasının mümkünsüz olduğunu bildirib. Ölkənin əsas təbbi ehtiyyatları və onların gəlirləri prezident ailəsinin, nazir-oliqarxların nəzarətindədir”. /Azadliq/
Comment