QR CodeQR Code

“Ramil Usubov həbs edilməliydi”

23 Oct 2012 10:04

IslamTimes - Artıq xəbər verdiyimiz kimi, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşı ilə söhbəti əks etdirən gizli videoçəkilş yayılıb.


Artıq xəbər verdiyimiz kimi, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşı ilə söhbəti əks etdirən gizli videoçəkilş yayılıb. Azərbaycan Daxili İşlər Nazirliyi bu videoçəkilişə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Elşad Abdullayevin 5 il əvvəl xidmətdən xaric edilmiş sabiq əməkdaşla söhbətinin videogörüntülərini yayımlaması Azərbaycan polisinin nüfuzuna xələl gətirmir: “Konkret olaraq videogörüntüdəki əməkdaşa gəldikdə isə, qeyd etməliyəm ki, həmin şəxs hələ 2008-ci ilin fevralında daxili işlər orqanlarından xaric edilib. Lakin Elşad Abdullayevin təxminən 5 il əvvəl xidmətdən xaric edilmiş sabiq əməkdaşla söhbətinin videogörüntülərini yayımlaması nə daxili işlər orqanlarının, nə də Ramil Usubovun nüfuzuna xələl gətirmir və gətirə də bilməz”.

Müxbirimiz məsələylə bağlı politoloq Nadir Əhmədoğlunun fikirlərini öyrənib. Ekspert DİN-in mətbuat xidmətinin rəhbərinin açıqlamasını absurd və hüquqazidd olduğunu bildirib: “DİN rəsmisi bilməmiş deyil ki, bu görüntülərdə cinayət tərkibli əməllərdən söhbət gedir. Məsələ orda danışan sabiq əməkdaşla məhdudlaşmır, söhbət onun təmsil etdiyi Daxili İşlər Nazirliyinin fəaliyyət üslubundan, həm də bu sistemə işə düzəlmənin qanunazidd fəndlərindən gedir. Bilavasitə nazir Ramil Usubovun da, idarə rəisi Vaqif Şərifovun da adları çəkilir. Onlardan hansı biri indiyədək cinayət məsuliyyətinə cəlb edilib?”.

Ekspert qeyd edir ki, hadisənin üstən illər keçib, amma konkret sözügedən cinayətə görə heç kim cəzalanmayıb: “Ən azından, rüşvət alıb işə düzəldən rəis haqda hansı ölçülər götürülüb ki, indi cənab Gözəlov videogörüntünün nə daxili işlər orqanlarının, nə də Ramil Usubovun nüfuzuna xələl gətirmədiyini deyir? Rüşvətlə işə adam düzəldən daxili işlər orqanları deyilmi? Rüşvətlə işə adam götürməyə görə cinayət işi açılmalı deyildimi?”.

Ekspert açıq-aşkar cinayət işlərini əks etdirən bu videogörüntülərdən sonra da cinayəti törədənlərin məsuliyyətə cəlb edilməməsini belə izah edir: “Aydındır ki, bu cinayətlərin arxasında adı çəkilənlərdən başqa, daha yüksək kürsülərdə oturan şəxslərin əli var. Odur ki, videogörüntülər hər şeyi əyan etdiyi halda belə, cinayətkarları cəzalandırmaq olmur. Hamı bilir ki, bu ölkədə daxili işlər orqanlarına da, digər vəzifələrə də rüşvətlə işə düzəlirlər. Hər vəzifənin də öz qiyməti var. Videogörüntüdən də açıq görürük ki, daxili işlər orqanları rüşvətlə işə adam götürür. Normal ölkədə bu rüsvayçılıqlara görə indi sabiq idarə rəisi də, Ramil Usubov da həbs edilməliydi. Çünki daxili işlər orqanlarındakı rüşvət iyerarxiyasının başında məhz o dayanır.”

HaqqYolu


Story Code: 205880

News Link :
https://www.islamtimes.org/az/news/205880/ramil-usubov-həbs-edilməliydi

Islam Times
  https://www.islamtimes.org