0
Sunday 18 November 2012 - 00:35

Əli Kərimli: “Bugünkü aksiya 24 il öncə başlatdığımız hərəkatın davamı idi”

Story Code : 212778
Əli Kərimli: “Bugünkü aksiya 24 il öncə başlatdığımız hərəkatın davamı idi”
Artıq xəbər verdiyimiz kimi, bu gün Bakının “Fəvvarələr meydanı”nda saat 15:00-da mitinq keçirilib. Mitinqin təşkilatçıları siyasi partiyaların, gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, eləcə də mühacirətdə yaşayan azərbaycanlılar olub. Aksiya polis tərəfindən dağıdılıb. Çoxlu sayda aksiyaçı polis tərəfindən saxlanılıb.

Keçirilmiş etiraz aksiyası ilə bağlı dəyərləndirmələrini Deyerler.Org ilə bölüşən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bugünkü aksiyanı 24 il bundan öncə başladılmış bir hərəkatın davamı olaraq dəyərləndirib: “Bu gün Azərbaycanın fədakar, mübariz insanları növbəti dəfə “parlament buraxılsın!” tələbi ilə etiraz aksiyası keçirib. Bu, olduqca yerinə düşən bir aksiyadır. Çünki son zamanlar artıq bütün Azərbaycan xalqı bilir ki, bu parlamentin xalqa heç bir aidiyyəti yoxdur. Bu parlamenti xalq seçməyib, saxta yollarla, rüşvətlə, korrupsiya ilə formalaşdırılıb. Bu parlamentin Azərbaycan xalqını təmsil etmək haqqı yoxdur. Ona görə də bu gün yüzlərlə fədakar insanın, İctimai Palatanın üzvlərinin, heç bir partiyada olmayan, azadlıq istəyən insanların, gənclərin keçirdiyi aksiyanı yüksək dəyərləndirirəm. Bütün maneələrə baxmayaraq, şəhərin mərkəzinə çıxan insanlar öz etiraz səslərini ucaltdılar. Bütün dünyaya göstərdilər ki, Azərbaycan xalqı dəyişiklik istəyir. Aparılan repressiv siyasət də onu durdurmaq gücündə deyil. Azərbaycan xalqı bu ölkədə azadlığı, ədaləti bərpa edənə qədər mübarizəsini davam etdirəcək.

Mən bugünkü aksiyada fədakarlıq etmiş bütün insanlara təşəkkür edirəm. Hesab edirəm ki, onlar bizim 24 il bundan qabaq başlatdığımız böyük yolun layiqli davamçılarıdır. Bu gün Azərbaycanın tarixində Milli Dirçəliş günüdür. 24 il bundan qabaq Azərbaycan xalqı azadlığı uğrunda mübarizəyə başlayıb. Dövlət müstəqilliyimizi bərpa etsək də, ölkəmizdə azadlıq və ədaləti bərpa etmək mümkün olmayıb. Ona görə də bugünkü aksiyanı 24 il bundan qabaq başlatdığımız hərəkatın davamı hesab etmək olar”.
Comment