0
Friday 23 November 2012 - 11:27

Başqa ölkələrdə istefa verirlər…

Story Code : 214544
Başqa ölkələrdə istefa verirlər…
Əliməmməd Nuriyev: “Bu, insanlar arasında davranışlarda daxili senzuranın yaranmasına gətirib çıxaracaq”


Texniki yeniliklər arzu olunan hal olsa da, bəzi hallarda onun mənfi nəticələri də müşahidə olunur. Konkret olaraq video və audio yazılışlar bəzi şəxslərin məqsədli maraqlarının həyata keçirilməsində ən yararlı vasitəyə çevrilir. Tanınmış hüquqşünas Əliməmməd Nuriyevin AzNews.az-a müsahibəsində də söhbətimizin mövzusunu gizli audio-video çəkilişləri təşkil edir.

- Video çəkilişlər müasir dövrün daha ciddi problemli məsələsinə çevrilib...

- Video qalmaqalları ilə bağlı məsələlərdə bir qayda olaraq sivil ölkələrdə informasiya yayılan andan həmin şəxslər istefa verir. Yaxud da adı hallanan şəxs müraciət edir ki, araşdırma aparılsın. Bu müraciətə əsasən də həmin videonun saxta olub-olmaması məsələsi araşdırılır. İkinci bir tərəfdən videoda səsləndirilən fikirlər inzibati cinayət və digər xarakterli qərarların qəbuluna əsas olub-olmaması məsələsi araşdırıldıqdan sonra nəticələrə müvafiq olaraq addım atılmalıdır. Əgər cinayət hadisəsi varsa, cinayət işi açılması barədə qərar verilir. Yox əgər digər xarakterli - inzibati məsuliyyət, intizam kimi məsələlər varsa, ona uyğun şəkildə də müvafiq strukturlar müvafiq qərarlar qəbul edirlər.

- Əgər adı hallanan şəxsin şərəf və ləyaqəti, reputasiyası müzakirə mövzusudursa, o zaman hansı seçim imkanı verilir?

- Belə hallarda, yəni artıq həmin şəxsin reputasiyasının, şərəf və ləyaqətinin ləkələnməsi, ehtiyatsız ziyan vurulması ilə bağlı çıxarılan qərarları məhkəmədə mübahisələndirə bilirlər. Bir qayda olaraq əksər ölkələrdə bu həmin şəxslərin istefası ilə nəticələnir. Hətta bu istefalar da ona görə verilmir ki, orda söylənilənlər real həqiqəti ifadə edir və yaxud da etmir. Ictimai nüfuzu qorumaq, ictimai münasibətlərə ziyan vurmamaq, aparılan araşdırmanın hər hansı təsir etməməsi naminə həmin şəxslər istefa verir.

- Beynəlxalq təcrübədə onun əksini müşahidə etmək mümkündür?

- Beynəlxalq təcrübələrə, ölkələrin praktikasına baxsaq, biz bunu belə də görürük. Bəzi hallarda isə video və yaxud da audio çəkilişdən xüsusi olaraq şantaj məqsədi ilə istifadə edənlər tapılır. Hətta belə metodlarla ən nüfuzlu, ən ləyaqətli insanlara çamur atmağa çalışırlar. Müxtəlif yerlərdə, müxtəlif məkanlarda səslər yazılır, video çəkilişlər aparılır. Bəzi hallarda bu, həm ayrı-ayrı rəqiblərin, həm bu işdə maraqlı olan şəxslərin, həm də eyni zamanda ayrı-ayrı xüsusi xidmət orqanlarının işi olur. Əgər şəxs kifayət qədər nüfuzludursa, cəmiyyətə təsir gücünə malikdirsə, onu ləkələmək, ictimai-siyasi reputasiyasına zərər vurmaq üçün belə üsullardan istifadə oluna bilir. Bu da praktikada daha çox rast gəlinən haldır. Bütün hallarda bu məsələlər araşdırma predmeti olmalıdır. Belə araşdırma müddətində də ən optimal variant odur ki, adı hallanan şəxs istefa versin.

- Araşdırmalar məqsədli video çəkilişlər aparıldığını aşkarlayarsa, o zaman hansı addımlar atılır?

- Araşdırmalar saxtakarlıq olduğunu və burada başqa məqsədlərin olduğunu təsdiqləyərsə, o zaman şübhəsiz şəxs həm təmiz adını bərpa etmiş, həm də eyni zamanda reputasiyasına ehtimal olunan zədələrin nəticələrinin qarşısını almış olur. Düzdür, bütün hallarda çamuru təmizə çıxarmaq çox çətindir, xeyli müddət tələb olunur. Bu müddət ərzində də həmin şəxsin nüfuzdan düşməsi prosesi baş verir. Əlbəttə ki, burada söhbət şəxslərə qarşı qəsdən və bilərəkdən böhtan xarakterli məlumatların yayımlanmasından gedir. Amma günümüzdə elə məsələlər də var ki, onlar real həqiqəti ifadə edən məlumatlardır, doğrudan da baş vermiş hadisələrlə bağlıdır.

- İnsanların öz aralarındakı məsələləri bu formada çözməsini necə başa düşmək olar?

- Çox təəssüf ki, bəzən insanlar arasında münasibətlərin aydınlaşması prosesində belə üsul və vasitələrlə həyata keçirilməsinə cəhdlər edilir. Bu da bir sıra hallarda onunla bağlıdır ki, insanların bəzi hallarda müəyyən strukturlara etimadı olmur. Belə olan halda da biz bu kimi hadisələri müşahidə edə bilirik. Yaxud da başqa bir forma tapmamaq da insanlarla belə üsul və vasitələrdən istifadəyə sövq edir. Amma bəzi insanlar da bunu peşəyə çevirirlər.

- Məqsəd nədir?

- Çox maraqlı bir fakt var. Son video qalmaqallardan sonra daha çox müşahidə olunan odur ki, ictimai, siyasi çəkisi olan əksər insanlar da artıq son dərəcə ehtiyatla danışırlar. Hətta pozalarda belə bu ehtiyatlılıq özünü göstərir. Çünki audio, video çəkilişlərin aparıldığı istisna olunmur. Ayrı-ayrı işgüzar görüşlərdə, xarici nümayəndələrlə müzakirələrdə belə bu gün çəkilişlər, stenoqramlar prosesi gedir. Əlbəttə ki, bu etikadan kənar məsələlərdir. Şübhəsiz, belə münasibətlərdə heç zaman işgüzar müzakirələrdə səmimi, işgüzar şəraiti yaratmaq mümkün olmayacaq. Bu çox ciddi surətdə insanlar arasında davranışlarda daxili senzuranın yaranmasına gətirib çıxaracaq. Əslində bunu ifadə etmək azadlığının məhdudlaşdırılmasına yönələn hal kimi dəyərləndirmək olar.

- İfadə azadlığına qarşı şantaj real yoldur?

- Həmin qalmaqallardan sonra çox məşhur, ictimai rəydə adı səslənən şəxslərdən birinin də beynəlxalq təşkilatlarla görüşündən stenoqramaoxşar bir şeyi gördük. Şübhəsiz, bu zaman ölkə maraqları da nəzərə alınıb. Amma bütün hallarda belə şeylər nəinki etik davranış qaydalarına, heç ictimai, siyasi, ən adi insani davranış qaydalarına uyğun deyil. Onsuz da bu insanlar ki, istənilən halda mətbuatda, qapalı müzakirələrdə öz mövqelərini ortaya qoyurlar, deməli onlar hər zaman da çəkinməyəcəklər, öz fikirlərini söyləyəcəklər. Çünki bu unsanların bir sifəti var və onlar hansı auditoriyada olmasından asılı olmayaraq fikirlərini ifadə etməkdə azad olacaqlar.

- Ona görə də bu insanlar barəsində şantaja əl atılır?

- Hər hallda düşünürəm ki, belə hallar digər xoşagəlməz fəaliyyətlərin görülməsinə də rəvac verir. Özünü adlı-sanlı hesab edən şəxslər də çox zaman audio-video yazmalardan istifadəyə maraq göstərirlər. Bu artıq son aylarda çox tez-tez rast gəlinən və aşkar olunan hallardır.

Gültəkin Qəhrəmanlı
/HaqqYolu/
Comment