0
Friday 7 December 2012 - 11:12

“Azərbaycan həbsxanaları Quantanamodan da qapalıdır”

Story Code : 218774
“Azərbaycan həbsxanaları Quantanamodan da qapalıdır”
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına təcridxana və cəzaçəkmə müəssisələrində monitorinq aparmaq üçün icazə verilmir. Bu barədə redaksiyamıza “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının təsisçilərindən olan keçmiş siyasi məhbus Elşən Həsənov məlumat verib.

E.Həsənov bildirdi ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı olaraq təcridxana və həbsxanalarda monitorinqlər aparmaq məqsədilə ədliyyə naziri Fikrət Məmmədov və Penitensiar Xidmətin rəisi Mədəd Quliyevə müraciət ediblər: “Müraciətdən bir ay keçməsinə baxmayaraq, nə Ədliyyə Nazirliyindən, nə də Penitensiar Xidmətdən cavab gəlib. Bu, qanunvericiliyin kobud pozulması deməkdir. Müraciətə 10 gün müddətinə cavab verilməli idi. Bizə monitorinqlə bağlı mandat verilməməsini həbsxanalardakı real durumun cəmiyyətdən gizlədilməsi kimi qiymətləndiririk. Bir qrup hüquq müdafiəçisi istisna olmaqla, həbsxanalarda monitorinq aparmaq üçün heç bir təşkilata şərait yaradılmır. Azərbaycan həbsxanaları hətta Quantanamodan da qapalıdır.

Bizim təşkilata həbsxanalarda işgəncə faktları ilə bağlı çoxsaylı məlumatlar daxil olub. Bu məlumatların araşdırılması və cəmiyyətə şəffaf informasiyaların verilməsi Ədliyyə Nazirliyi ilə yanaşı Pentensiar Xidmətin özünün də marağında olmalıdır".

E.Həsənov qeyd etdi ki, bir müddət öncə 14 saylı, bugünlərdə isə 1 saylı cəzaçəkmə müəssisəsində baş verən və ordunun müdaxiləsi nəticəsində yatırılan üsyanlar həbsxanadakı vəziyyətin öyrənilməsi və məlumatların cəmiyyətə ötürülməsi zərurəti yaradıb: “Heç kimə sirr deyil ki, indiyədək monitorinq aparan insanlara cəmiyyətdə etimad qalmayıb. Alyansı təsis edən insanların böyük əksəriyyəti həmin həbsxanalarda cəza çəkiblər. Oradakı reallıqları daha yaxşı bilirlər”.

E.Həsənov bildirdi ki, iki gün əvvəl N.Yaqublu ilə görüşüb saxlanma şəraiti ilə maraqlanmaq istəsə də, buna imkan verilməyib: “Təcridxanadan rəhbərliyin yerində olmadığını bəhanə gətirərək görüşə icazə verilmədi. Bu da bizim Nigarla bağlı narahatlığımızı daha da artırır”.

E.Həsənov onu da bildirdi ki, qeyd olunan məsələlərin ictimai sektorla müzakirəsi üçün ayın 6-da vəkillər, keçmiş siyasi məhbuslar və media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq: “Tədbirdə iştirak üçün Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə də müraciət edəcəyik”.
Source : Müsavat
Comment