0
Monday 10 December 2012 - 07:45

MTN-in Xaricə qaçan əməkdaşının səsinin lent yazısı yazıldı

Story Code : 219735
MTN-in Xaricə qaçan əməkdaşının səsinin lent yazısı yazıldı
MTN-in Xaricə qaçan əməkdaşının səsinin lent yazısı yazıldı
Türkiyənin “Medya TV” kanalında efirə çıxan “Azərbaycan saatı” verilişində Naxçıvan MTN-də işgəncələr nəticəsində dünyasını dəyişdiyi bildirilən Turac Zeynalovun xanımı Gülnar Ağayevaya qarşı təxribatın icraçısı olan İbrahim Musayevin səs yazısı yayılıb. Xatırladaq ki, İbrahim Musayev Azərbaycandan qaçıb.

Özünü Naxçıvan MTN-in əməkdaşı kimi təqdim edən bu şəxs “Azadlıq” qəzetinə verdiyi məlumatlarda bildirib ki, Naxçıvan MTN-in rəhbərliyi tərəfindən Gülnar Ağayevaya qarşı əməliyyatın icraçısı olub. Məqsəd Gülnar Ağayevanı susdurmaq olub. İbrahim Musayev Gülnar Ağayeva ilə tanış olaraq onunla münasibət qurub. İ.Musayev T.Zeynalovun dul xanımını aldadıb ki, onunla ailə quracaq. Beləliklə də Gülnar Ağayevanın etibarını qazanaraq ona sifariş verən şəxsin iyrənc planlarını icra edib.

Özünü Gülnar Ağayevaya narkobaron kimi təqdim edən İ.Musayev qadının narkotik vasitə ilə həbs edilməsinə nail olub. Bundan sonra Gülnar Ağayevanın sosial şəbəkələrdə “etirafları” yayılıb. O, ərinin xəstəlikdən öldüyünü, Naxçıvan MTN-in bu məsələdə heç bir təqsirinin olmadığını bildirib. Gülnar Ağayeva ona qarşı tələ qurulduğunu anlayandan sonra isə İbrahim Musayevə onu aradan götürmək tapşırılıb. İbrahim Musayev bu əməliyyatı yerinə yetirməyərək ölkədən qaçıb.

MTN İbrahim Musayevin dedikləri ilə bağlı yaydığı açıqlamada qurumun belə bir əməkdaşının olmadığını iddia edib. “Yeni Müsavat” olaraq qeyd edək ki, bir sıra ekspertlər də İbrahim Musayevin MTN-in əməkdaşı olmadığını, sadəcə, MTN-də işləyən hansısa şəxsin qeyri-rəsmi agenti olduğunu düşünürlər.

“Azadlıq” qəzetinin yazdığına görə, “Azərbaycan saatı” verilişinin yaydığı materialda isə İbrahim Musayev Naxçıvan MTN-dən ona vəsiqə verildiyini deyib. O, həmçinin Turac Zeynalovun necə öldürüldüyünü diqqətə çatdırıb. Qəzet İbrahim Musayevin səs yazısının stenoqramını təqdim edib.

Stenoqramda deyilir: “Hazırda Naxçıvanda qalmıram. Anam, qardaşım, nənəm, babam orada qalır. Məni elə bir vəziyyətə saldılar ki, toy mərasimimdə anam da iştirak eləmədi... Beynəlxalq təşkilatlardan kömək gözləyirəm. Azərbaycana heç vaxt qayıtmayacağam, ta ki, hakimiyyət dəyişməyənə qədər. Kim nə vəd verir, kim nə söz verir versin, ailəmin, övladımın həyatını təhlükəyə atmaq istəmirəm. İlk vaxtlarda mənə də özləri vəsiqə hazırlayıb vermişdilər. Birinci dəfə 2010-cu ilin noyabrında Naxçıvandan gizli yolla aparılan qədim əşyalar, sonra Bakıda qiymətli bir daş məsələsi vardı. 5 milyon manat qiymət qoymuşdular. ”Hacı" ləqəbli bir insan idi. Onun işinə baxdım. Turacın işində məxfi sənədləri gördüyüm üçün tutub məhkəmə prosesində bunları deyə biləcəyim üçün tutmaq əlverişli deyildi... Asılmağında orda olmamışam (Turac Zeynalovu nəzərdə tutur). Mobil telefonda videosunu görmüşəm. Nazirliyin əməkdaşı çəkmişdi, onun telefonunda baxmışam. Döyülməyi, dubinka ilə, taxta ilə, küt alətlərlə başından vurmaq, bədəninə. İki nəfər nazirliyin əməkdaşları. Nazirliyin xüsusi təyinatlı əməkdaşları maskalı vəziyyətdə təzyiq göstərmişdilər. Turacın ölümünə qərar veriləndən sonra orada olmadım, ancaq onların ora maskasız getdiyini bilirəm. Çox az işıqlandırılan bir otaqdır. İşıq kənarlarda yoxdur, Turacın üstünə salınır. Deyə bilmərəm işıq ora niyə salınıb, niyə Turacın üstünə düşüb. Ancaq telefondan çəkildiyini bilirdim. Videoya iki-üç dəfə baxmışam".

Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər isə bildirdi ki, mətbuatda açıqlanan bu şok yaradıcı faktlar müvafiq qurumlar tərəfindən ciddi araşdırılmalıdır. Araşdırmalardan sonra təsdiqini taparsa, fakt üzrə cinayət işi açılmalıdır.

E.SEYİDAĞA
Source : Musavat
Comment