QR CodeQR Code

"Əsas məsələ vəhdət məsələsidir"

17 Dec 2012 09:57

IslamTimes - Qardaşlar! Bacılar! Düşmənin əlində işləyən və maksimum istifadə edilən silah ixtilaf yaratmaqdır.


Böyük Rəhbərlik Məqamı Ayətullah Xameneinin “İslam Dünyasının Universitet Müəllimləri və İslam Oyanışı” konfransının iştirakçıları ilə görüşdə bəyanatı

Bismillahir-Rəhmanir-Rəhim

Müxtəlif ölkələr, eləcə də öz ölkəmizin universitetlərindən gəlmiş əziz və möhtərəm qonaqları salamlayıram.
Təqribən bir il yarım öncədən bu günədək Tehranda İslam Oyanışı mövzusunda müxtəlif görüşlər keçirilmiş, iclas və konfranslar təşkil olunmuşdur. Amma düşünürəm ki, universitet müəllimlərinin qatıldığı toplantıların xüsusi əhəmiyyəti var. Çünki cəmiyyətə hakim olan düşüncə onların əlindədir. Cəmiyyətin düşüncəsini müəyyən istiqamətə yönəldə bilən, onların qurtuluşuna yol açan zümrə məhz onlardır. Eyni zamanda bu zümrə millətləri elə bir səmtə yönəldə bilər ki, onların bədbəxtlik və əsalətinə səbəb olar. Təəssüflər olsun ki, son 70-80 ildə bəzi ölkələrdə, o cümlədən bizim ölkəmizdə ikinci hal yaşanmışdır.
Əziz Peyğəmbərin (s) öz söhbətində əvvəlcə alimləri, sonra başqa zümrələri zikr etdiyi nəql olunur. Bəli, universitet müəllimləri, elm xadimləri hər bir ölkədə xalq hərəkatının aparıcısı ola bilərlər. Əlbəttə ki, onların səmimi, cəsarətli, düşməndən qorxmaması şərtdir. Əgər qorxu, tamah, qəflət, tənbəllik olsa uğursuzluq qətidir. Əgər qorxu yox cəsarət, tamah yox, gözütoxluq, qəflət yox, ayıqlıq olsa, bütün işlər düzələr.
32 il əvvəl inqilabın başlanğıc dövründə mühüm bir iş üçün Tehrandan Quma, o zaman Qumda yaşayan İmam Xomeyninin görüşünə gəlirdik. Mən və mənimlə olan iki şəxs inqilab şurasının üzvləri idik. Məqsədimiz mühüm bir mövzuda İmamla məsləhətləşmək, onun rəyini öyrənmək idi. Görüşdə mövzunu açıqlayandan sonra İmam soruşdu: “Amerikadan qorxursunuz?” Cavab verdik ki, qorxmuruq. İmam buyurdu ki, əgər beləsə gedin işə başlayın. Biz geri qayıdıb nəzərdə tutduğumuz işi gördük və uğur qazandıq. Əgər qorxu, tamah, qəflət, azğın istəklər varsa iş dolaşığa düşəcək.
Bu gün dünya əzəmətli bir hadisə ilə üzbəüzdür. Bu hadisə İslam Oyanışıdır. İslam Oyanışı reallıqdır. Müsəlman xalqlar, İslam ümməti tədricən oyanmışdır. Bu gün müsəlmanlara hakim olmaq birinci dünya müharibəsindən sonrakı kimi, miladi 19-cı və 20-ci əsrlərdəki kimi asan deyil. Bu gün dünyanın super gücləri, imperialistlər müsəlman xalqlara hakim olmaq istəyəndə müqavimətlə üzləşirlər. Artıq İslam ümməti oyanıb, bu oyanış ümmətə nüfuz edib. Bəzi ölkələrdə İslam Oyanışı inqilaba çevrilib, puç və qul rejimləri süquta uğradıb. Amma bu İslam Oyanışının bir hissəsidir. İslam Oyanışı daha geniş, daha dərindir.
Düşmənlər “İslam Oyanışı” sözündən qorxur. Onlar mövcud hərəkatlarda bu sözün işlənməməsinə çalışırlar. Nə üçün? Çünki İslam öz real ölçüsündə zühur edib. Bu onların canına vəlvələ salıb. Onlar dollara qul olan İslamdan qorxmur. Eyş-işrət, kübarlığa qərq olmuş İslam onlar üçün qorxulu deyil. Başlanğıcı və sonu əməldə, xalq kütlələrində olmayan İslam düşməni qorxutmur. Onlar əməli, fəal, xalq kütlələrini əhatə etmiş, Allaha sığınan, ilahi vədlərə, “Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər” kimi vədə ümid edən İslamdan qorxurlar. Bu İslamın adı gələndə dünya imperializmi lərzəyə gəlir. Onlar hürküdülmüş heyvanlar ovçulardan qaçdığı kimi qaçırlar. Bu səbəbdən İslam Oyanışı adını istəmirlər. Bizsə inanırıq ki, bu İslam Oyanışıdır, həqiqi bir oyanış. O kütlələrə nüfuz etmişdir və düşmənlər onun qarşısını asanlıqla ala bilməzlər.
Əlbəttə ki, qüsurlar araşdırılmalıdır. Nəzərinizə çatdıracağım ilk nöqtə budur. Bu İslam hərəkatlarını, Misir, Tunis, Liviya və başqa ölkələrdəki inqilabları, əldə olunmuş qələbələri təhlil edin. Bu hadisələrin təhlükəsi, problemi nədir? Nə üçün deyirik ki, baş verənlər həqiqi İslamdır? Xalqın şüarlarına diqqət yetirin. Qul rejimlərin süqutunda İslama etiqadlı insanların roluna baxın. Xalq arasında İslama etiqadlı və əzəmətli toplum olmasaydı Misir və Tunisdə böyük izdiham yaranmazdı. Xalq hərəkatının, böyük kütlələrin təzyiqi altında Hüsnü Mübarək, Bin Əli kimilərin çürük sarayları uçdu. Meydanda İslam şüarları səsləndirən müsəlmanlar vardı. Bu zalım rejimlərin süqutunda islamçıların fəaliyyəti hərəkatın İslam hərəkatı olduğunu göstərir. Harada səsverməyə növbə çatdısa xalq islamçıların ardınca getdi, onlara arxa durdu, onlara üstünlük verdi. Bu gün kiçik istisnalarla demək olar ki, bütün İslam dünyasında azad seçki keçirilsə, müsəlman siyasətçilər meydanda olsa xalq onlara səs verər. Hər yerdə belədir. Demək, hazırkı hərəkat heç şübhəsiz İslam hərəkatıdır.
Bəli, qeyd etdim ki, problemləri araşdırın. Problemləri araşdırmaqla yanaşı məqsədləri müəyyənləşdirin. Əgər məqsədlər müəyyən olmasa, tərəddüd, pərişanlıq yaranar. Məqsədlər aydınlaşmalıdır. Bu oyanışın əsas məqsədlərindən biri dünya imperializminin əsarətindən qurtuluşdur. Bunu açıq deməliyik. Əgər desək ki, ABŞ-ın başçılığı ilə dünya imperializmi İslam hərəkatları ilə sazişə gələ bilər, düzgün olmaz. Əgər İslam, islamçılar meydanda olsa ABŞ bütün varlığı ilə onların məhvinə çalışacaq. Zahirdə təbəssüm də göstərəcək. İslam hərəkatları mövqeyini müəyyənləşdirməlidir. Demirəm ABŞ-la savaşa qalxsınlar. Demək istədiyim budur ki, ABŞ və Qərb imperializminin kimliyi budur. Bunu düzgün təyin etsinlər. Bu sahədə yanılsalar aldanacaqlar.
Bu gün dünya imperializmi pul, silah və elm kimi vasitələrə malikdir. Bu vasitələrlə dünyaya hakimlik edir. Amma bir düşüncə boşluğu yaşayırlar. Dünya imperializminin belə bir böyük problemi var. Onların bəşəriyyətə təqdim etmək üçün ideologiyası yoxdur. Xalq kütlələrinə, düşüncə sahiblərinə yol göstərə bilmirlər. Amma sizin belə bir yolunuz var, İslamınız var. Əgər düşüncəmiz, yolumuz varsa məqsədləri müəyyənləşdirib müqavimət göstərə bilərik. Bu halda onların silah, elm və pulu öncəki kimi təsirli olmayacaq. Təsirsiz də deyil. Biz bu vasitələrə qarşı yol axtarmalıyıq. İlk növbədə ideyamız, yolumuz olmalıdır. Nə etmək istədiyimizi bilməliyik.
Hədəflər müəyyənləşməlidir. Mühüm hədəflərdən biri budur ki, inqilablar İslam mehvərindən çıxmasın. Mehvər İslam olmalıdır. İslam və şəriət düşüncəsi əsas götürülməlidir. İslam şəriətinin inkişaf və mədəniyyətlə uyğun gəlmədiyini sübut etməyə, görüntü yaratmağa çalışırlar. Bu düşmən sözüdür. Əslində İslam inkişaf və mədəniyyətlə tam uyğundur. Əlbəttə ki, İslam dünyasında öz guşənişinlik, mürtəcelik ruhiyyəsi ilə düşmənin sözünə qüvvə verənlər az deyil. Bunlar müsəlmandır, amma düşmənə xidmət edirlər. Bizim öz ətrafımızda, bəzi müsəlman ölkələrində belələri var. Onların adı müsəlmandır. Amma onlarda İslam maarifindən yeni düşüncə, yeni baxış müşahidə edilmir. İslam dünyanın həmişəlik ehtiyacıdır, bütün əsrlər üçün dəyərdir. Bəşər mədəniyyətinin inkişaf mərhələlərində İslam var. İslam bütün ehtiyaclara cavab verir. İslamın ehtiyaclara cavab verməsi fikri əldə olunmalıdır. Bəzilərində belə bir fikir yoxdur. Təkcə bunu bilirlər ki, inkar etsinlər. Adlarını da müsəlman qoyublar. İnsan bir də ayılır ki, hansısa məsələdə düşmən muzdurları ilə bir sırada dayanıb. İslam şəriətini, İslam düşüncəsini fəaliyyətlərinizdə mehvər seçin. Hədəflərdən biri budur.
Başqa bir hədəf üsul-idarə yaratmaqdır. İnqilab baş vermiş ölkələrdə dövlətçilik olmasa qorxuludur. Şimali Afrika ölkələrində 60-70 il öncəyə aid təcrübəmiz var. İyirminci əsrin ortalarında bunu yaşamışıq. Tunisdə inqilab oldu kimlərsə hakimiyyətə gəldi. Misirdə inqilab baş verdi kimlərsə hakimiyyətə sahib durdu. Amma dövlət, üsul-idarə qura bilmədilər. Bu səbəbdən inqilablar süquta uğradı, üstəlik hakimiyyətə gələnlər 180 dərəcə dəyişdilər, yoldan çıxdılar. Tunis və Misirdə bu hadisələr baş verib. Sudanda da belə bir hadisə olub. 1964-67-ci illərdə mən bir neçə dostla Məşhəd şəhərində sotul-ərəb radio kanalını dinləyirdik. Bu kanal Qahirədən yayımlanırdı. Proqramda Cəmal Əbdünnasir, Müəmmər Qəzzafi, Cəfər Numəyrinin söhbətləri yayımlanırdı. Onlar üçü bir yerdə idilər. Biz Məşhəddə istibdadın təzyiqi altında bu adamların alovlu çıxışlarından həyəcanlanır, ləzzət alırdıq. Əbdünnasir dünyasını dəyişdi, canişinlərinin nə etdiyini gördünüz. Qəzzafinin də sonu göz qabağındadır. Numəyri də bu qəbildən. İnqilablar da dəyişdilər. Çünki düşüncə yox idi, üsul-idarə yarada bilməmişdilər. Hazırda inqilab baş vermiş ölkələrdə üsul-idarə qurulmalıdır. Möhkəm qanunlar yaradılmalıdır. Bu da mühüm məsələlərdən biridir.
Mühüm məsələlərdən biri də xalqın dəstəyini hifz etməkdir. Xalqdan ayrılmaq olmaz. Xalqın gözləntisi, ehtiyacları var. Əsl iqtidar da xalqdadır. İnsanlar bir araya gələndə, həmfikir olanda, rəhbərlərin arxasında dayananda ABŞ ya ondan da böyük qüvvələr acizdir və heç bir iş görə bilməzlər. Xalqı qorumaq lazımdır. Bu sizin bacardığınız bir işdir. Bu, ziyalıların, mütəfəkkirlərin, yazıçıların, din alimlərinin məsuliyyətidir. Çiynində ağır vəzifə olan din alimləri bu işdə daha təsirlidirlər. Nə istədiklərini, hansı yolu tutduqlarını, hansı mövqedə olduqlarını xalqa çatdırsınlar. Maneələri göstərsinlər, düşməni tanıtsınlar. Xalqı ayıq saxlasınlar, məlumatlandırsınlar. Bu halda heç bir zərbə vura bilməzlər.
Digər mühüm məsələ gənc nəslin tərbiyəsidir. Onları elmə sövq etmək lazımdır. İslam ölkələri elm və texnologiya sahəsində inkişaf etməlidir. Qeyd etdim ki, Qərb və ABŞ elm sayəsində dünya ölkələrinə hakim ola bilib. Onların vasitələrindən biri elmdir. Sərvəti də elmlə əldə edirlər. Əlbəttə ki, xəzinələrinin bir hissəsini yalan, xəbislik, çirkin siyasətlə toplayıblar. Amma elm də təsirsiz olmayıb. Elmə çatmaq lazımdır. Rəvayətdə buyurulur ki, elm əldə etsəniz güclü qollarınız olacaq. Elminiz olmasa qoluzorlular qolunuzu buracaqlar. Gənclərdə elmə maraq oyadın. Bu mümkün işdir. Biz İranda bu işi gördük. İnqilabdan əvvəl elm baxımından dünyada ən aşağı sıralarda idik. Bizi saya salan, bizə baxan yox idi. Amma İslam inqilabının, İslam şəriətinin sayəsində İran elm baxımından dünyada 16-cı yerə yüksəlib – bunu dünyanın araşdırma, sorğu institutları deyir. Həmin mərkəzlər proqnozlaşdırır ki, bir neçə ildən, məsələn 10-12 ildən sonra İranın tutduğu yer təkrəqəmli olacaq. Onlar dördüncü yeri nəzərdə tuturlar. Bunun səbəbi ölkədə elmin sürətli inkişafıdır. Hələ ki, dünyada öndə deyilik. Sürətimizsə dünyanın sürətindən qat-qat artıqdır. Əgər bu sürətlə getsək önə çıxacağıq. Bu hərəkat İslam dünyasında davam etməlidir. İnsanlarımız istedadlıdır. Gənclərimiz dəyərlidir, böyük istedada malikdirlər. Tarixin bir dönəmində dünya elminin sükanı müsəlmanların əlində olub. Nə üçün bu gün geridəyik? Nə üçün 30 il sonra İslam dünyasının elm sahəsində öndə olacağını gözləməyək?! Bu olası bir işdir. Çalışaq, səy göstərək. Bu günkü nailiyyətlərimiz İslam və inqilabın sayəsində əldə edilib. Dini üsul-idarə sübuta yetirdi ki, böyük sürətə malik ola bilər. Digər əsas məsələ vəhdət məsələsidir. Üzümü sizə tuturam: Qardaşlar! Bacılar! Düşmənin əlində işləyən və maksimum istifadə edilən silah ixtilaf yaratmaqdır. Sünni-şiə ixtilafları, tayfa və millətlər arasında ixtilaf, yersiz qürur böyük təhlükədir. Sünni-şiə mövzusunu şişirtməyə çalışırlar. Arada ixtilaf salmağa cəhd göstərirlər. Baxın inqilab baş vermiş ölkələrə, görün necə ixtilaf salırlar. İslam dünyasının müxtəlif nöqtələrində ixtilaf silahını işə salırlar. Hamı oyaq, diqqətli olmalıdır. Qərb və ABŞ İslam dünyasının düşmənidir. Onların fəaliyyətlərinə bu gözlə baxmaq lazımdır. Aranı qarışdırırlar, kəşfiyyat orqanları fəaliyyətdədir. Gücləri çatan yerdə təxribat törədirlər. Fələstin məsələsində bütün vücudları ilə təxribata əl atdılar. Amma məğlub oldular. Biz irəli gedirik, İslam dünyası irəli gedir.
Fələstin məsələsi çox mühüm məsələdir. Qəzzə zolağı ilə məntəqədə ən güclü orduya malik olduğunu iddia edən sionist rejim arasında 8 gün müharibə oldu. Atəşkəs məsələsi ortaya çıxdı. Atəşkəs üçün şərt qoyan fələstinlilər oldu. Bu inanılası işdirmi? 10 il qabaq kim inanardı ki, Fələstinin bir məntəqəsi olan Qəzzə ilə sionist rejim arasında müharibə olacaq və fələstinlilər şərt qoyacaq?! Əhsən fələstinlilərə! Əhsən! Əhsən HƏMAS-a, Cihada, Fələstində, Qəzzədə vuruşan mübariz qruplara. Onlar şücaət göstərdilər. Şücaət budur. Mən öz tərəfimdən göstərdikləri fədakarlıqlara, təlaşa, səbrə görə bütün Fələstin mübarizlərinə təşəkkür edirəm. Səbr etsək bu səbr Allah-Taalanın yardımına səbəb olar. Onlar səbr etdilər, müqavimət göstərdilər. Nəticədə Allah-Taala qurtuluş nəsib etdi. Bu bir dərsdir. Onların özləri üçün də dərsdir. Müsəlmanlar arasında vəhdətə sadə baxmayın, bu çox mühüm məsələdir.
Bəhreynli qardaşlarımız öz çıxışlarında dedilər ki, İslam dünyası Bəhreyndə baş verənlər qarşısında susdu. Bu doğrudur. Bəzilərinin sükutunun səbəbi əfsus ki məzhəb məsələsidir. Bir millət istibdada qarşı qiyam qaldırıbsa onu müdafiə etmək lazımdır. Bir millət Bəhreyndəki kimi şiədirsə müdafiə olunmamalıdır?! Bu nə məntiqdir?! Bəzilərində belə bir məntiq var. Bunu kənara qoymaq lazımdır.
Düşməni, düşmənin əlindəki vasitələri, hiylələrini tanımaq lazımdır. Düşmən hansı yollarla meydana girir? Biz bu baxışla Suriya məsələsində mövqe tutduq. Biz bir müsəlmanın burnundan qan dammasına razı deyilik. Bu bizim qəlbimizi ağrıdır. Biz Suriyanı vətəndaş müharibəsinə sürükləyənləri ittiham edirik. Bu ölkəni təxribata, qardaş qırğınına aparanlar günahkardır. Xalqların bütün istəkləri sülh yolu ilə, qan-qadasız həyata keçməlidir. Ümid edirik ki, Allah-Taala hamımızı doğru yola hidayət edəcək. Sizin hərəkatlarınıza ilahi bərəkət veriləcəyinə ümidvarıq. İnşaallah, Allah-Taala İslam dünyasının bu əzəmətli oyanışını müsəlman ümmət üçün aydın, bərəkətli gələcəyə qovuşdurar.
/HaqqYolu/
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh


Story Code: 222013

News Link :
https://www.islamtimes.org/az/news/222013/əsas-məsələ-vəhdət-məsələsidir

Islam Times
  https://www.islamtimes.org