0
Saturday 22 December 2012 - 14:46

ABŞ rejimlərlə yox, cəmiyyətlərlə işləməlidir!

Story Code : 223759
ABŞ rejimlərlə yox, cəmiyyətlərlə işləməlidir!
Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı dekabrın 19-da Vaşinqtonda "Azərbaycanın Qərb üçün istifadə olunmamış potensialı: ABŞ-ın müttəfiqi qismində Azərbaycan cəmiyyəti ilə təmas qurulması" (Azerbaijan’s Untapped Potential for the West: Engaging Azerbaijani Society as a US Ally) adlı dinləmə keçirib.
Tədbirdə əsas məruzəçilər ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç və Hudson İnstitutunun aparıcı tədqiqatçısı Devid Satter olub.
Tədbiri giriş sözü ilə açan AZAD-ın sədri Elmar Şahtaxtinski 2011-ci ildə Misirdə baş verənləri xatırladaraq, o zaman siyasi analitiklərdən birinin işlərdiyi ifadəyə diqqət yönəldib: “İndiyədək ABŞ-ın Mübarək siyasəti mövcud olub, bu gündən isə ABŞ yeni Misir siyasəti formalaşdırmalıdır”. E.Şahtaxtinski təşkil etdikləri müzakirəni də məhz bu kontekstdə aparmağı istəyib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç konfransın adında iki məqamın – “istifadə olunmamış potensial” və “müttəfiq” sözlərinin diqqət çəkdiyini bildirib.
Keçmiş səfirin sözlərinə görə, “müttəfiq Azərbaycanda çoxtərəfli əlaqələr üçün” həqiqətən böyük potensial var. O deyib ki, rəsmi Vaşinqtonla rəsmi Bakı arasında əlaqələri kənara qoyub, cəmiyyətlərarası əlaqələri önə çəkmək lazımdır.

Kozlariç ABŞ administrasiyasını “regionda real müttəfiq yaradaq, münasibətləri möhkəmləndirmək məqsədilə” Azərbaycanın vətəndaş cəmiyyəti ilə iş aparmaq üçün əlavə imkanlar axtarmağa çağırıb. Belə yollardan biri müstəqil KİV-in, həmçinin akademik və demokratik institutların dəstəklənməsidir. O, əməkdaşlıq haqda danışarkən ən böyük potensialın demokratiya, insan haqları və dini azadlıqlar sahəsində olduğunu bildirib.

Kozlariç Azərbaycanda korrupsiyanın yüksək səviyyədə olmasına da toxunaraq bildirib ki, bunu Azərbaycan üçün ən ciddi təhlükə sayır.

Hudson İnstitutunun tədqiqatçısı Satter isə əsasən postsovet ölkələrində yaşanan oxşar problemlərdən söhbət açıb. O, Qırğızıstanı misal gətirərək bildirib ki, ölkədə bir neçə dəfə dəyişiklik baş verməsinə baxmayaraq, lazımi sistem qurulmayıb. O, habelə ABŞ-ın mühüm strateji maraqları nəzərə alaraq korrupsioner qırğız məmurlarla əməkdaşlığını tənqid edib.
Satter qeyd edib ki, öz xalqı tərəfindən devrilməyə məhkum olan korrupsiyalaşmış liderlərə investisiyaların qoyulması ABŞ-ın uzunmüddətli maraqlarına uyğun deyil. ABŞ hakimiyyəti diqqəti ona yönəltməlidir ki, Azərbaycanda və başqa postsovet ölkələrində hakim ailələr neftdən ölkənin pis idarə olunması üçün istifadə edirlər.

“Fərdi düşüncənin və hisslərin kütləvi məhv edilməsi ona gətirib çıxarıb ki, bu gün orada hamı bir nəfərə, sonsuz hərisliyə əsaslanmış bir ailə diktaturasına tabedir”, - deyə Satter qeyd edib.
Ekspert vurğulayıb ki, Amerika üçün rejimlərlə yox, vətəndaş cəmiyyətləri ilə işləməyin zamanı gəlib.
O bu yaxınlarda ABŞ-ın qəbul etdiyi “Maqnitski qanunu”na toxunaraq, onu “azadlıq hissini və dəyərini təhqir edən rejimə qarşı necə hərəkət etməyə nümunə” adlandırıb.

AZAD sədrinin müavini Qorxmaz Əsgərov çıxışında deyib ki, Azərbaycanda ədalət məhkəməsi yoxdur, hər şeyə hakim partiya nəzarət edir. O, Qərbin neft maraqlarına görə Əliyev rejimini dəstəklədiyini deyib və bunu tənqid edib.
Tədbir iştirakçıların sualları və şərhləri ilə davam edib. /HaqqYolu/
Comment