0
Wednesday 31 March 2010 - 23:08

QANLI TARİXİMİZ: MART SOYQIRIMI

Story Code : 22863
QANLI TARİXİMİZ: MART SOYQIRIMI
Tarixən torpaqlarımız işğallara, soyqırımlara məruz qalmışdır. Soyqırımların demək olar ki, hamısı erməni daşnakları tərəfindən törədilmişdir. 1918-ci il mart soyqırımı da bu siyahıya daxildir. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı kütləvi qırğın törətmişlər.

Azərbaycanlılara qarşı aparılmış soyqırımın tarixi

Bu hadisələrdən söz açarkən, bir qədər əvvəlki tarixi prosesləri xatırlatmaq lazım gəlir. Hələ 1723-cü il sentyabrın 3-də I Pyotr Peterburqda Bakının alınmasını təntənələli şəkildə qeyd etdi. 1724-cü ildən Bakı rus komendantı knyaz Baryatinskinin idarəsinə verildi.

Beləliklə, xaçpərəstlərin Bakıya və ona yaxın ərazilərə köçürülməsi başlandı, ölkə rus işğalçılarının təsiri altına düşdü. I Pyotr 1724-cü ilin 10 noyabrında 3 erməni katalikosunu qəbul edib, erməniləri Xəzəryanı ərazilərdə yerləşdirmək barədə xahişini dinlədi. Bununla bağlı Pyotrun verdiyi göstərişdə deyilirdi: "Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa yerlərdə yerləşdirilməsinə çalışın, bu bölgələrdəki yerli əhalini imkan düşdükcə sıxışdırıb çıxarın". Pyotrun ölümündən sonra onun vəsiyyətləri Rusiyanın xarici siyasətini istiqamətləndirən başlıca amil oldu. 1725-ci il fevralın 11-də Rusiyanın Xarici İşlər Kollegiyası ermənilərin köçürülməsi ilə bağlı fərman verdi. Rus yazıçısı Valentin Pinkov "Favorit" kitabında qraf Patyomkindən belə bir sitat gətirib: "İş bacaran ermənilər artıq özlərinə paytaxt gözaltı etmişlər - bu, İrəvan şəhəridir".

Ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsi

Bu proses "Türkmənçay" müqaviləsindən sonra kütləvi hal aldı. 1828-ci il fevralın 10-da imzalanan bu müqavilənin 12, 14 və 15-ci maddələri "Təbəə alış-verişi" ilə bağlı idi. İrandan ermənilərin köçürülməsi məsələsi II Rusiya-İran müharibəsinin (1826-1828) gedişində Sankt-Peterburqda qaldırıldı. Köçkün axını başlanan kimi, heç bir qanuni əsası olmadan erməniləri Naxçıvan və Qarabağdakı bəy-xan torpaqlarında yerləşdirməyə başladılar.

Rusiya yazıçısı, həmin dövrdə çar imperiyasının Tehrandakı səfiri olmuş Aleksandr Qriboyedov bununla bağlı yazırdı: "Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar arasında yaranan qorxunu aradan qaldırmaq üçün mövcud ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini dəfələrlə götür-qoy etmişik. Lakin Çar Rusiyası elə siyasət yeritdi ki, öz harayına qalan xalq ermənilərin həmin ərazilərdə məskunlaşmasını unutmalı oldu".

Çar Rusiyası özünün işğalçılıq siyasətinə Güney Qafqaza rusdilli əhalini deyil, erməniləri yerləşdirməklə başladı. 1828-1830-cu illərdə Güney Qafqaza İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni köçürüldü. Onlara 200 min desyatindən çox xəzinə torpağı ayrıldı. Əlavə olaraq 2 milyon manatlıq xüsusi sahibkar torpağı paylandı. Ermənilər 5 il müddətində vergilərdən azad olundular və bu ərazilərdə öz vətənləri kimi yaşamağa başladılar. 1890-cı ildə Tiflisdə "Daşnaksütyun" partiyasının yaradıldı. Ermənilər Azərbaycan və Türkiyənin tarixi torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq iddiasına düşdülər.

1905-1907-ci il soyqırımı və I Dünya Müharibəsi

1905-1907-ci illərdə Rusiyada inqilab baş verdi və yaranmış boşluqdan istifadə edən ermənilər, "Böyük Ermənistan" ideyasını həyata keçirmək istiqamətində ciddi fəaliyyətə başladılar. Bu məqsədlə Bakıda kütləvi qırğın törədildi, Qazax rayonu yandırıldı. Həmin vaxt Gəncədə Şəfi bəy Rüstəmbəyli ermənilərin azğınlıqlarına qarşı mübarizə aparmaq üçün "Qeyrət" adlı təşkilat yaratmış və yerli sakinləri səfərbər etmişdi.

Ermənilərin növbəti zorakılıqları I Dünya Müharibəsi zamanı baş verdi. Həmin vaxt Türkiyəyə xəyanət edən ermənilər, türk torpaqlarından çıxarıldılar. Ümumiyyətlə, tarix göstərir ki, Rusiya imperiyası laxlayan kimi, ermənilər də Azərbaycana qarşı iddialarla çıxış etməyə başlayırlar. 1917-ci ildə Rusiyada 300 ildən artıq hökmranlıq edən Romanovlar sülaləsi devrildikdən sonra hakimiyyətə bolşeviklər gəldilər. Bundan istifadə edən ermənilər bolşevik cildinə girib, Bakıda hakimiyyəti ələ keçirməyə çalışdılar. Nəticədə Stepan Şaumyanın başçılığı altında Bakı Soveti yaradıldı.

Soyqırımın başlanması

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. 1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər, öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi.

Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən S.Şaumyan başda olmaqla Bakı bolşevikləri, "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əks-inqilaba" qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı Bakıda 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi.

Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir.

9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün, general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya qəlmişdir Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir. General Talışinski Bakıya gəlmədən bir neçə gün əvvəl, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır:
Hörmətlı yoldaş Şaumyan:

Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik.

Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.

Bütün dostalara xoş arzular və salamlar.

V. Ulyanov (Lenin)

Leninin Şaumyana etdiyi bu müraciətdən sonra, Bakıya daxil olan general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər.

Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı molokan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı.

1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri dənizdən hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku" qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar etmiş, əhalini uşaqdan-böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər». Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 50 mindən çox olduğu bildirilir. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər.

S.Lalayantsın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-molokan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.

Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə, hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir" Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə minbir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış, əhalisini məhv etmişlər.

Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarları Soveyinə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi.

Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər trəfindən məhv edilməsi məsəlsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Nazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin təhqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və digər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə ADR Xarici İşlər Nazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR, torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına məruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı.

Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ermənilərin törətdiyi soyqırımı aktları ilə bağlı geniş araşdırmalar aparılıb. Bu araşdırmalar bir daha sübut edir ki, azərbaycanlılara qarşı soyqırımı təkcə bolşevizm ideyalarının Azərbaycanda həyata keçirilməsi məqsədilə törədilməyib. Bu, bilavasitə ermənilərin azərbaycanlılara qarşı yeritdiyi genisid, milli qırğın siyasətinin tərkib hissəsidir.

Təəssüf ki, biz hələ bu hadisələr barədə dünya ictimaiyyətini lazımınca məlumatlandıra bilməmişik. Buna görə də, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər bir vətəndaş fəal iştirak etməlidir.

Emin Həsənov,
“Dəyərlər”in oxucusu

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Comment