0
Wednesday 16 January 2013 - 19:30

Əliyev iflic əsgərlə ordu qurur?

Story Code : 231850
Əliyev iflic əsgərlə ordu qurur?
Ceyhun Qubadovun döyülərək öldürülməsi hadisəsi soyumamış növbəti əsgər döyülməsi xəbəri Salyandan gəldi. Rayonun Yenikənd kəndində yaşayan Cəlilovlar ailəsi 2010-cu ilin oktyabrın 12-də evin böyük oğlu Davud Cəlillini hərbi xidmətə göndərib. Əsgər andiçməyə qədər Lənkəranda yerləşən “N” saylı hərbi hissədə xidmət keçib. Andiçmədən sonra isə əsgər hərbi xidməti Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. Ilk 11 ay Davud Cəlilli üçün normal keçib. Bu müddətdə o, məzuniyyətə çıxaraq ailəsinin yanına gəlib. 10 gündən sonra yenidən hərbi xidmətə yollanan əsgərin problemləri başlayıb. Belə ki, məzuniyyətdən qayıdandan bir neçə gün sonra halı pisləşib və onu Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən, Sərhəd Qoşunlarının hospitalına yerləşdiriblər. Həkimlər Davud Cəlillinin huşsuz olduğunu görüb ürəyində problem yarandığını düşünüblər. Müayinədən keçirərək, ürəyində heç bir qüsur olmadığını müəyyənləşdirib yenidən Şəkiyə qaytarıblar.

Əsgər hospitalda olarkən ailəsinə zəng edib. Başına gələnləri anasına danışıb. Bildirib ki, ciddi problemi yoxdur və yenidən hərbi hissəyə qayıdır.

Şəkiyə qayıdandan sonra, təxminən bir ay ərzində Davud Cəlillidən xəbər çıxmır. Ailəsi dəfələrlə övladının qulluq etdiyi hərbi hissənin zabitlərinə zəng etsə də, onunla danışa bilmir. Bu vaxtlarda isə əsgər tibb məntəqəsində müalicə olunurmuş. Ikinci dəfə Davudu hospitala gətirəndən sonra ailəsi onun səhhətində ciddi problemlər olmasından xəbər tutur.

“Oğlumu incidərək onu müalicə edirdilər”

Əsgərin anası Zərxanım Cəlilova deyir ki, oğlunun xəstə olması onlardan gizlədilib: “Birinci dəfə hospitaldan qayıdandan sonra üç həftə tibb məntəqəsində olub. Biz dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, heç bir nəticəsi olmayıb. Növbəti dəfə hospitala yerləşdiriləndən sonra bizə xəbər verdilər. Dərhal Bakıya getdim. Ancaq məni içəri buraxmadılar. Dedilər ki, valideynin övladının yanına buraxılmaması barədə komandanın əmri var. Kor-peşiman Salyana qayıtdım. Üstündən bir neçə gün keçəndən sonra yenidən hospitala getdim. Bu dəfə də buraxmadılar”.

Əsgərin anası övladını görmək üçün beş dəfə hospitala gedir və hər dəfə komandanın əmri olduğu üçün içəri keçə bilməyəcəyini ona deyirlər: “Altıncı dəfə hospitala gedəndə özümə söz verdim ki, nə olur-olsun Davudla görüşəcəm. Yenə içəri keçməyə icazə vermədilər. Axşama kimi hospitalın həyətində oturdum. Həkimlərdən biri hospitala gələndə mənim görüş üçün gözlədiyimi görüb içəri keçirdi. Oğlumu görəndə tanımadım. Pis gündə idi. Davuda ac qarnına o qədər dərman vermişdilər ki, ağzından qan gəlirdi. Qollarını da çarpayıya bağlamışdılar. Sistem vurmaq üçün qollarında damar tapa bilmədiyi üçün sinəsinə vururdular. Iynəni bədəninə keçirmək üçün maqqaşdan istifadə edirdilər. Bu hala görən kimi səs-küy qaldırdım. Ancaq heç kim səsimə səs vermədi. Dedim ki, jurnalistləri bura gətirəcəm, hər yerə şikayət edəcəm. Yenə bir xeyri olmadı. Cavabında bildirdilər ki, nə istəyirsən get elə. Biz əlimizdən gələn hər şeyi edirik”.

Zərxanım Cəlilova deyir ki, oğlu 14 ay hospitalda yatıb: “Mən də ayda bir-iki dəfə rayona gedib yenidən hospitala qayıdırdım. Ora Davud xidmət etdiyi hərbi hissədən əsgərlər də gəlirdi. Oğlumun bu hala necə düşdüyünü əsgərlərdən soruşdum. Mənə dedilər ki, komandir Davudu qışda soyuq suyla hamamda yuyunmağa məcbur edib. Bundan sonra onu üç nəfərin yerinə karaula çıxardıb. Karaul 2 saatdırsa, Davud 6 saat soyuqda ”naryad"ını edib. Bundan sonra o miningit olub".

“Bizə 2750 manat yardım etdilər, o da xəstəxanaya getdi”

Davudun atası Məhəmməd Cəlilov hospitalda olanda ona deyiblər ki, oğlu ömrü boyu belə qalacaq: “Dedilər ki, bundan sonra nə görəcək, nə yeriyəcək, nə də danışacaq. Get rayona yasa hazırlaş. Bu söhbətdən sonra lap pis oldum. Hər yerə şikayət edim. Heç bir nəticəsi olmadı. Sonradan bizə dedilər ki, oğlunuzu Türkiyəyə müalicəyə göndəririk, sənədləri hazırlayın. Yoldaşımın sənədləri qaydasında olmadığı üçün belə qərara gəldik ki, qaynımın oğlu Davudla getsin. Onun sənədlərini hospitala aparanda bizə dedilər ki, ehtiyac yoxdur, üç nəfər Davudla Gülhanə xəstəxanasına gedəcək”.

Davud üçün hospitaldan hazırlanan sənədlərə diqqət yetirəndə 15.03.2012-ci ildə Türkiyəyə getdiyinin, 31.03.2012-ci ildə geri qayıtdığının qeyd edildiyi görünür. Ancaq ailəsi övladlarının Türkiyəyə aparılmasına inanmırlar: “Bu sənədlərin yalan olduğunu düşünürük. Bizə dedilər ki, Gülhanə xəstəxanasının həkimləri əsgərin ora gətirilməsinin əleyhinə olub. Guya burada ona qoyulan diaqnoz düz imiş. Əvvəla, buna inanmıram. Gülhanə kimi dünyaca məhşur olan bir xəstəxana belə rəy verə bilməz. Son ana qədər kömək edər. Ikincisi də, əgər xəstəxana belə demişdisə niyə 16 gün oğlumu orada saxladılar? Elə müayinənin cavabını alan kimi geri qaytarardılar da? Sənədə atılan möhürü saxta hesab edirəm. Bunlar üçün nə var, hər şey öz əllərindədir, istədiyi saxtakarlığı edə bilərlər”.

Davud Cəlilli 14 ay Sərhəd Qoşunlarının hospitalında qalandan sonra onu oradan çıxarıblar. Ailəsinə Dövlət Sığorta şirkəti 2750 manat yardım etdiyindən əsgəri metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən 4 saylı vərəm dispanserinə aparıblar: “Pulumuz qurtarandan sonra həkimlər dedilər ki, heç cür yardım edə bilmirik”.

Bu ilin yanvarın 12-dən isə Davud Cəlilli evində müalicə alır. Indi onun sağ tərəfi tamam iflic vəziyyətdədir. Nə görür, nə də danışır. Yalnız anasının səsindən onu tanıyır.

“Hər yerə şikayət etdik. Mehriban Əliyevanın rəhbərlik etdiyi fonddan tutmuş nazirliklərə qədər. Heç kim bizə kömək eləmədi. Oğluma əlillik dərəcəsi və təqaüd almaq üçün rayonun tibbi-sosial ekspert komissiyasına müraciət etdik. Artıq iki aydır ki, bizi get-gələ salıblar. Əgər oğluma əlillik dərəcəsi və təqaüd verilsə o pulla Davudu Irana aparıb müalicə edərdik. Ancaq günü-günə calamaqla vaxt öldürürlər, övladımız isə əldən gedir”, - deyə Cəlilovlar bildirir.

***

Bu məsələdə ən maraqlı cəhət Davudun hərbi xidmətə yararsız olması barədə hərbi hissə komandirinin verdiyi sənəddir. Belə ki, hərbi biletdə müvafiq sərəncama əsasən Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətə yararsız olduğu əsas gətirilərək təxris ediblər. Təxrisin olunduğu tarix isə 26.04.2012-ci ildir.


Davud Cəlilli 2010-cu ilin oktyabrında hərbi xidmətə gedib. Iflic olmasaydı 2012-ci ilin aprelində hərbi hissədən təxris olunmalı idi. Iflici isə hərbi xidmətinin bir ilində olub. Nədən bu 6 ay ərzində onu ordudan təxris etməyiblər, vaxtı bitənə qədər yararlı saxlayıblar? Bu sual cavabını gözləyir, eləcə də əsgərin niyə iflic olunmasına da aydınlıq gətirilməlidir... /HaqqYolu/
Ramin DEKO
Comment