0
Saturday 2 February 2013 - 22:02

İlyas İsmayılov əsgər ölümü, Binə və İsmayıllı olaylarından danışdı

Story Code : 236725
İlyas İsmayılov əsgər ölümü, Binə və İsmayıllı olaylarından danışdı
İlyas İsmayılov əsgər ölümü, Binə və İsmayıllı olaylarından danışdı
Milli Məclisin yaz sessiyasının ilk iclasında cari məsələlər müzakirə edilərkən millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov həm parlament, həm deputatlar, həm də cəmiyyətlə bağlı bir neçə mühüm məqama toxunub.

Partiyanın mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, İ.İsmayılov ilk öncə Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına iradını bildirib: “Başa düşə bilmirəm, nə üçün Milli Məclisin deputatlarının Konsititusiyanın 96-cı maddəsində nəzərdə tutulan qanunvericilik təşəbbüs hüququ etiraf olunmur və Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planının 1-ci bəndində nəzərdə tutulmayıb?! Bu məsələ dəfələrlə mənim tərəfimdən, başqa deputatlar, habelə hörmətli Siyavuş Novruzov tərəfindən qaldırılsa da, nə bizə izahat verilir, nə də bu, planda öz əksini tapır. Onsuz da xalq arasında deyilir ki, Milli Məclis Prezident tərəfindən göndərilən layihələri təsdiq etməklə məşğuldur. Bu yanaşmayla biz özümüz də belə bir fikrin yayılmasına şərait yaratmış oluruq. Odur ki, Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq iş planının 1-ci bəndində deputatların da qanunvericilik təşəbbüs hüququ nəzərdə tutulmalıdır. Yeri gəlmişkən, mən hələ 2007-ci ildə ikili vətəndaşlıq haqqında qanun layihəsi təqdim etmişəm. Bu, Konstitusiyamızın 152-ci maddəsinin imperativ tələblərindən doğur. 2011-ci ildə isə korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etmişəm. Dəfələrlə burada məsələ qaldırsam da, həmin layihələrin heç biri müzakirəyə çıxarılmayıb. Xahiş edirəm, hər iki qanun layihəsi müzakirəyə çıxarılsın”.

Sonra deputat əsgər ölümü ilə bağlı gənclərin məlum aksiyasını yada salıb: “Bu ilin 12 yanvarında gənclərimiz atasız böyümüş, ailənin yeganə oğlu olan əsgərin əsgərlikdə müəmmalı şəraitdə ölməsinə və yaxud öldürülməsinə etiraz olaraq aksiya keçirdilər. Keçirməsələr, bu başa düşülən olmazdı. Bu gənclər hakimiyyətin istefasını da tələb etmirdilər. Buna baxmayaraq, onların bəziləri məhkəmə qaydasında cəzalandırıldılar. Bu, utanc gətirən hərəkətdir. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə odur ki, ailənin atasız böyümüş yeganə oğlu həyatdan getdi, nəsil kəsildi. Düşünürəm ki, bu böyük faciədir. Qüvvədə olan qanunvericiliyə görə, ancaq valideyinlərinin hər ikisi birinci dərəcəli əlil olan ailənin tək oğlan övladı əsgərlikdən azaddır. Düşünürəm ki, qanunvericilikdə dəyişiklik edilməlidir, ailənin tək oğlan uşağı, xüsusilə də atasız böyümüş uşaqlar əsgəri xidmətdən azad edilməlidirlər. Yaxud da alternativ hərbi xidmət haqda qanunun qəbulu ilə bu məsələni həll etməliyik”.

Çıxışının sonunda İ.İsmayılov Binə və İsmayıllı hadisələri ilə bağlı ondan əvvəl çıxış edən deputat həmkarı İqbal Ağazadənin dediklərini müdafiə etdiyini bildirib: “Biz doğrudan da hər hansı bir problemi həll etmək istəyiriksə, çalışmalıyıq ki, ilk növbədə həmin problemi doğuran səbəblər aşkar edilsin, aradan qaldırılsın, buna yol verən şəxslər vəzifəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunsunlar. Bunu unudub, ancaq hadisələrin nəticələri ilə məşğul olsaq, problem həll olunmamış qalar, insanlar barəsində isə ədalətsizliyə yol vermiş olarıq”.
Source : İslamazeri
Comment