0
Tuesday 5 February 2013 - 12:45

Masallı dindarlarının məhkəməsi keçirilib

Story Code : 237331
Masallı dindarlarının məhkəməsi keçirilib
Masallı dindarlarının məhkəməsi keçirilib
Vəkil Fariz Namazlı “Media forum”a deyib ki, prosesdə təqsirləndirilən şəxslər, iki zərərçəkən və bir şahid ifadə verib: “Zərərçəkənlər və şahidin çıxışlarında ibtidai istintaqa verilən ifadələrlə ziddiyyət hiss edildi. Araz Quliyevə dövlət bayrağını təhqir etmə ilə bağlı ittihamlar irəli sürülüb. Amma zərərçəkənlər və şahid hadisə yerində bayrağın olub-olmaması, təqsirləndirilən şəxsin bayrağı yerə atıb cırması ilə əlaqəli hər hansı fikir səsləndirmədilər. İş materialında da dövlət bayrağı yoxdur. Əgər belə bir maddə ilə ittiham irəli sürülürsə, maddi sübut əlavə edilməlidir”.

Fariz Namazlı bildirib ki, həbs olunan dindar Vüsal Quliyevin səhhətində problemlər yarandığı üçün vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət qaldırıb: “Məhkəmə dindarın ağır xəstə olub-olmadığını müəyyən etmək üçün ekspertiza keçirilməsi haqqında qərar verdi”.

Proses fevralın 5-də davam edəcək.

Dindarlar Namiq Kişiyev, Nicat Əliyev, Araz Quliyev, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Ziya Tahirov, Rza Ağalı ötən il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılır.

İlkin rəsmi məlumata görə, dindarların işinin araşdırılması Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə başlanıb. Amma sonradan təqsirləndirilənlərə yeni ittiham qaldırılıb. Respublika Prokurorluğu bu barədə rəsmi məlumat yaymayıb.

İctimaiyyətə yalnız “Xeber44.com” saytının rəhbəri Araz Quliyevin ittiham olunduğu bütün cinayət maddələri bəllidir. Ona Cinayət Məcəlləsinin 221.2.1 və 315.1-ci maddələri ilə ittiham irəli sürülmüşdü. Yeni ittihama görə, cinayət işindən 221.2.1-ci maddə götürülüb və əvəzində 5 maddə əlavə olunub: 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər).


İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

Media forum
Source : Mediaforum
Comment