0
Thursday 4 April 2013 - 13:03

Dindarlara hücum nəyə hesablanıb?

Story Code : 251446
Arif Yunus
Arif Yunus
Aprelin 2-də Azərbaycan Dövlət Neft Akademiyasının 10-dan çox hicablı tələbəsi dərsə buraxılmayıb. Mühafizəçilər bunu hicabın Akademiyanın daxili nizamnaməsinə zidd olması ilə əsaslandırıb. Xatırladaq ki, təhsil müəssisələrində hicabla bağlı qadağa tətbiq ediləndə rəsmilər bunun yalnız orta məktəblərə aid olduğunu bildirmişdi.

Lakin son hadisə bunun belə olmadığını göstərdi. Bir çoxlarının fikrincə, bu olay, həmçinin son günlər dindarlara qarşı təzyiqlərin artması hakimiyyətin diqqəti digər proseslərdən yayındırmaq məqsədi daşıyır. Hakimiyyət bununla nəyə nail olmaq istəyir?
Konfliktoloq Arif Yunus dindarlara qarşı artan təzyiqlərin, həmçinin hicab qadağasının hakimiyyətin müxalif fikirli insanlara qarşı kampaniyasının tərkib hissəsi olduğunu deyir: “Azərbaycanda 2006-cı ildən dini müxalifət fəallaşdı. Dini müxalifət fəallaşandan sonra dindarlara qarşı repressiya kampaniyası başladı. Bu təkcə hicabla bağlı deyil. Hakimiyyət azanla bağlı neçə dəfə qadağa qoyub, məsçidləri söküb, saqqalla gəzənləri tutublar. Ümumiyyətlə, hakimiyyət müxalif fikirli insanları qəbul etmək istəmir”.
Ekspertin sözlərinə görə, dindarlar siyasətlə məşğul olmasalar da, onlara qarşı belə kampaniya aparılır və bundan sonra da aparılacaq: “Hakimiyyətin bir siyasəti var, o da repressiya siyasətidir. Azərbaycanda nə varsa, hamısı hakimiyyətin nəzarəti altında qalmalıdır. Bu istiqamətdə müxtəlif addımlar atılıb və atılacaq”.
Ekspert seçki ilində bu tip addımların atmasını da təsadüfi hesab etmir: “Seçki ilində belə hadisələr çox olur. Çünki gənclərin fəallığı artıb. Dindarlar arasında da gənclərin sayı çoxdu. Ancaq bu kampaniya seçkidən sonra da davam edə bilər. Çünki bu hakimiyyətin müxalifətə qarşı həyata keçirdiyi siyasətdir”.
Source : Azadliq.info
Comment