0
Friday 10 May 2013 - 19:47

İmişlidə "kəndli üsyanı"

Story Code : 262603
İmişlidə "kəndli üsyanı"
Aldığımız məlumata görə, Imişlinin Otuziki kəndində camaatla bələdiyyə arasında mübahisə yaranıb. Belə ki, kənd camaatı onlara verilməli olan torpaq sahəsinin, bəldiyyə və İcra hakimiyyəti tərəfindən kənar şəxslərə satıldığna etiraz edirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət də olunub.

Bu gün isə sakinlər örüş yerinin əllərindən alınmasına etiraz olaraq mal-qara ilə birgə rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd edib. Polis icra hakimiyyətinə çatmamış narazıların qarşısını alıb.

Bir neçə etirazçı ilə birgə hadisələri lentə alan "Azadlıq" radiosunun bölgə müxbiri Azər Əli və AXCP fəalı Vüqar Qədirov da saxlanılıb. Saxlananlardan Fərman Zərbəliyevin atası Əlisiyavər Zərbəliyevin "Azadlıq" radiosuna dediyinə görə, onlar Küdrü deyilən ərazidə onlara məxsus 85 hektar örüş sahəsinin zəbt olunmasına etiraz ediblər.

“İndiyə qədər bununla bağlı şikayətlərimizə baxılmadığından bu gün 150 baş mal-qaranı icra hakimiyyətinin qarşısına aparmağa qərar verdik. Bu barədə “102” xidmətinə də zəng vurub xəbərdar etdik ki, bizə heç kim mane olmasın. İcra hakimiyyətinə az qalmışdıq ki, polislər bizim qabağımızı kəsdi, uşaqların bir neçəsini döyüb apardılar polisə, bizi də geri qaytardılar”.

İmişli polisindən isə deyilənləri təkzib ediblər.


Polis şöbəsindən sərbəst buraxılan Natiq Şirov onunla birgə 7 nəfərin polis şöbəsinə aparıldığını, bir qədər sonra iki nəfərdən başqa hamının sərbəst buraxıldığını deyib. “Azər Əli ilə Vüqar Qədirovu buraxmadılar. Bizə isə dedilər ki, gedin həmin örüşdə heyvanlarınızı otarın”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı araşdırma aparılandan sonra məlumat veriləcəyini deyiblər. (azadliq.info)
Source : Azadliq.info
Comment