0
Tuesday 28 May 2013 - 14:57

Talıbovların Batumidəki milyonları batır

Story Code : 268306
Talıbovların Batumidəki milyonları batır
Talıbovların Batumidəki milyonları batır
“Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsus ”Gəmiqaya" şirkətinin Batumidə inşa etdirdiyi obyektlərin tikintisi dayandırılıb". Bu barədə Gürcüstandakı mənbələrdən məlumat daxil olub.

Mənbənin dediyinə görə, hələ ötən il Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Batumiyə səfəri zamanı beşulduzlu hotelin tikintisi barədə yerli meriya ilə razılıq əldə etmişdi. Layihəyə görə, köhnə “Ritsa” hotelinin yerində tikiləcəyi gözlənilən və “London” adlanacaq hotelin tikintisi isə hazırda dayanıb.

Məlumata görə, tikinti işlərinə rəsmən ötən ilin iyulun 26-da başlanıb. Hotelin ərsəyə gəlməsi üçün ilkin olaraq 15 milyon dollar vəsait ayrılıb. Amma ortada bir şərt də olub. Şərt ondan ibarət imiş ki, qədim tarixi olan “Ritsa” hotelinin əvvəlki görkəminə zərrə qədər də xələl gəlməməlidir. Bundan başqa, hoteldə çalışacaq işçilərin əksəriyyəti Gürcüstan vətəndaşları olmalıymış.

Amma “Gəmiqaya” bu şərtlərin heç birinə riayət etməyib. Hotelin tikintisində, işçi qüvvəsinin əmək haqqından tutmuş, tikinti materiallarının alınmasına qədər - bütün mühasibat xərcləri, necə deyərlər, “qara mühasibat” yolu ilə aparılıb.

Yayılan xəbərlərə görə, Gürcüstanın yeni hökuməti “Gəmiqaya” şirkətini tikinti prosesindən müvəqqəti uzaqlaşdırıb, hazırda otel ətrafında ciddi maliyyə yoxlamaları aparılır. Oteldə əvvəlki kimi 60 otağın olacağı planlaşdırılsa da, Talıbovlar otaqların sayının 96-ya çatmasını istəyiblər. Bu isə köhnə hotelin meyarlarına uyğun gəlməyib. Yeri gəlmişkən, hotel 2013-cü ilin mayında istifadəyə verilməli imiş.

Mənbənin dediyinə görə, bundan başqa, “Gəmiqaya” Gürcüstanın Ketski rayonunda çaxır zavodunu da alıbmış. Bu zavodun alınması ilə bağlı da ciddi qanun pozuntularının olduğu da iddia edilir.

Talıbovların Kobuleti rayonunda istirahət mərkəzlərinin tikintisi də yarımçıq qalıb. Bu layihələrə də milyonlarla dollar xərclənibmiş.

Mənbə deyir ki, Batumidə kazino və hotelçiliklə məşğul olan Türkiyə şirkətlərinin də fəaliyyəti ciddi təftişə məruz qalmaqdadır.
Source : Musavat
Comment