0
Tuesday 18 June 2013 - 08:41

“Binə” məhbuslarına dəstək aksiyası keçiriləcək

Story Code : 274523
“Binə” məhbuslarına dəstək aksiyası keçiriləcək
Yanvarın 19-da “Binə” ticarət mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Hazırda cinayət işi ilə tanışlıq mərhələsi başlayıb. Vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. “Binə” məhbuslarının yaxınları və onlarla birlikdə işləyən ticarətçilər məhkəmənin başlanmasını gözləyirlər. Onlar məhkəmə qarşısına toplaşıb dustaqlara dəstək verəcəklər.

Binə olaylarından sonra məğlubiyyətə düçar olan və vəziyyətlə barışan ticarətçilərin indi yeganə ümidi dostlarının azadlığa buraxılmasına nail olmaqdır. Onların sözlərinə görə, vaxtında bütün ticarətçilər mitinqə dəstək versəydi, yarmarka rəhbərliyi tələbləri yerinə yetirməyə məcbur olacaqdı. Ötən gün “Binə” bazarında olub son vəziyyətlə maraqlandıq. Həmçinin, tutulanların taleyindən xəbər tutduq.

“Bizə lazımi dəstək olmadı. Burada minlərlə ticarətçi işləyir. Amma onların cüzi bir hissəsi aksiyada iştirak edirdi. Əgər hamı mütəşəkkil şəkildə nümayişə çıxsaydı Kəbirə Məmmədova geri çəkiləcəkdi. Bizi aldatdılar və oyun qurdular. Aramıza qəsdən təxribatçılar salınmışdı. Onlar polisə daş atdılar. Bu da ticarətçilərin həbsinə zəmin yaratdı. Hadisəni bilərəkdən şişirdib iğtişaş adı qoydular. Bizsə sosial tələblər irəli sürmüşdük. Yer haqları, vergi və işıq pulu məsələsi. Heç yerdən dəstək ala bilmədik. İndi qəzetlərdə bizi qınayırlar ki, niyə axıra kimi mübarizə aparmadıq,” - deyə şikayətlənir “Binə” ticarətçisi Yusif Babayev.

Etirazdan sonra vəziyyətin dəyişmədiyini deyən Y.Babayevin sözlərinə görə, bazar sahibi Kəbirə Məmmədova indi özünü despot sayır. O, hadisələrdən qalib çıxdığını fikirləşir və himayəçilərinə güvənir: “Ticarətçilərin arasında fikir belədir ki, Kəbirəyə batmaq olmaz. Adam mitinq yerinə gəldi, hamını hədələdi və bir kimsənin səsi çıxmadı. İndi başımıza aşağı salıb sakit işləyirik. Əvvəlki yer pulunu da alır, alverimiz də yoxdur”.

Y.Babayevlə söhbətimizə qoşulan həmkarı Vaqif Əlizadə bazarda təqribən 10 min obyektin fəaliyyətdə olduğunu söylədi. Dediyinə görə, dükanların qapısını kilidləyib gedənlər var. Amma bununla belə bazarda qalıb işləyənlər də az deyil. Yer haqları 1500-3000 manat arası dəyişir. K.Məmmədovanın artırmaq istədiyi 500 manat da yanvarda etirazlara səbəb oldu. V.Əlizadə deyir ki, bazar rəhbərliyi hikkəsindən qalmayıb 500 manatı obyekt sahiblərindən yığır.

“Bizi narahat edən tutulanların aqibətidir. Onlar yanvardan həbsdə saxlanılır. Bu aksiyada yüzlərlə ticarətçi iştirak edib və əgər belədirsə hamını tutmalıdırlar. Aramızdan bir neçə nəfəri seçib həbsə atmaq qanunsuzluqdur. Türkiyədəki hadisələrdə yüzlərlə etirazçı saxlanılır, dərhal da sərbəst buraxılır. Bizdən tutulanlar ailəsinə çörək aparırdı. İndi onlara çörək pulu gətirən də yoxdur. Biz məhkəmənin başlanmasını gözləyirik. Hamımız yığışıb dəstək verməyə gedəcəyik. Seçki ərəfəsində də prezidentə məktubla müraciətimiz olacaq. Prezidentdən onların buraxılmasını xahiş edəcəyik. Əgər bizim seçkidə səsimizi qazanmaq istəyirsə bu addımı atsınlar. Burada yüzlərlə seçici işləyir. Hökumət bunu nəzərə almalıdır. Özlərindən bizi küsdürməsinlər,” - bazarda çalışan və aksiyada iştirak edənlərdən biri olmuş ticarətçi deyir.

Onun dediyinə görə, sosial tələblə keçirilən mitinqə görə sahibkarın həbsdə saxlanması heç bir çərçivəyə sığmır: “Aksiyalara baxmayaraq ticarət mərkəzinin rəhbərliyi arzusuna çatdı. Yəni haqlarını qaldırdılar. Sahibkarların tək vergi xərcləri artmadı. Onlara elektrik enerjisi ilə bağlı da əlavə xərc qoydular. Dövlət elektrik enerjisi tarifini 6 qəpik hesablayıbsa, ticarət mərkəzində enerji sərfiyatını daha yüksək tariflə hesablayırlar. Hətta buranın sahibləri elektrik tariflərini belə yüksək qoymaqla da əlavə gəlir əldə edirlər. Bu qədər bizi sıxışdırıblar, hələ aramızda həbsdə olanlar da var. Məhkəmə başlasın, sözümüzü deyəcəyik”.
Müşahidələrimizə gəlincə, “Binə" əslində gec-tez bağlanacaq. Bazarda surətlə köç prosesi gedir. Yanvar hadisələrindən bu günə kimi hissə-hissə ticarətçilər yarmarkanı tərk edib “Sədərək” və “Karvansaray”a üz tuturlar. İndi bazara gedən sadə vətəndaşlar da müşahidə edə bilər ki, hər addımbaşı ticarət obyektlərinin üstünə “icarəyə verilir” elanı qeyd olunub.
Alıcılıq qabiliyyətinin aşağı düşməsi də səbəblərdən biridir. Bundan başqa məsələnin kökündə duran amillərdən biri də şəhərdə geyim dükanlarının sayının artmasıdır. Çünki haradasa 10 il əvvəl paytaxtda geyim dükanları bu qədər çox deyildi. Amma indi hər 5 metrdən bir pal-paltar mağazalarına rast gəlmək olur.
Şəhərin mərkəzində yerləşən geyim mağazalarında qiymətlər “Binə”də çox da fərqlənmir. Bu da öz təsirini göstərir. Başqa bir məqam - qonşu Gürcüstan və Rusiya bazarları “Binə” ticarət mərkəzindən aparılan geyim məhsullarının hesabına fəaliyyət göstərirdi. İndi isə bu ölkələrdən bazara gələnlər azalıb. Ən nəhayət, yer haqqının artırılması, əlavə vergilərin tətbiqi sahibkarları bazardan qaçırmağa məcbur edir.
Source : Musavat
Comment