0
Monday 15 July 2013 - 10:33

“Qərb xalqını talayan diktatorlara qarşı sərt olmalıdır"

Story Code : 283206
“Qərb xalqını talayan diktatorlara qarşı sərt olmalıdır"
«Həm Lukaşenko, həm də Əliyev özlərini rəhbərlik etdikləri ölkələrin sahibi, xalqı isə qul sayırlar»
 
“Əliyev və Lekaşenko rejimi eyni cür korrupsioner və repressivdir. Buna baxmayaraq, Qərbin Azərbaycanda və Belarusdakı diktator rejimlərinə qarşı dəqiq strategiyası yoxdur” - bunu azərbaycanlı hüquq müdafiəçisi, Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus “charter97.org” saytına müsahibəsində deyib:
 
- Sizi son vaxtlar aldığınız yüksək mükafatlara - Fransanın Şərəf legionu ordeni və Teodor Heker mükafatına görə təbrik edirik. Diktatura ölkəsindəki hüquq müdafiəçisi üçün bu, nə dərəcədə vacibdir?
- Mən çox sevindim. Amma sevincimin böyük hissəsi o ümiddən ibarət idi ki, bu mükafatlar eyni zamanda müdafiə edəcək. Yaşadığımız avtoritar rejimdə repressiyalar bizim üçün adi hala çevrilib. Sabah nə olacağını proqnozlaşdırmaq mümkün deyil.
 
- Azərbaycan və Belarusdakı vəziyyət bir-birinə nə dərəcə oxşar və fərqlidir?
- Azərbaycandakı situasiyanı həmişə Belarusla müqayisə edirəm. Nələrsə oxşardır, nələrsə yox. Əgər biz repressiyalardan, siyasi məhbuslardan, vicdan məhbuslarından danışırıqsa, onların sayına görə Azərbaycan Belarusu geridə qoyur. Bizdə onların sayı 80 nəfərdir. Amma siyasi məhbusların saxlanma şəraiti baxımından Belarus həbsxanalarında vəziyyət daha pisdir.
Ən əsas məsələ beynəlxalq ictimaiyyətin Belarus və Azərbaycandakı avtoritar rejimlərə münasibətidir. Təəssüf, neftlə zəngin Azərbaycan elə geopolitik məkanda yerləşir ki, bizim aeroport və aerodromlardan NATO qoşunlarının Əfqanıstana göndərilməsi, Iranın şimalında plazdarma malik olmaq baxımından istifadə olunur. Ilham Əliyevin avtoritar rejimi də yaradılan bu imkanlara görə Avropa Ittifaqı, Avropa Şurası və ABŞ tərəfindən dəstək alır. Hətta Lukaşenko rejiminə qarşı tətbiq olunan sanksiya və qətnamələr də Azərbaycana münasibətdə qəbul edilmir.
Bizim rejimləri həm də diktatorların şəxsi xarakteristikaları birləşdirir. Həm Lukaşenko, həm də Əliyev özlərini rəhbərlik etdikləri ölkələrin sahibi, xalqı isə qul hesab edirlər. Istədikləri özbaşınalığı edirlər. Onlar üçün heç bir beynəlxalq hüquq norması işləmir.
 
- Həm Azərbaycan, həm də Belarus Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısıdır. Avropa Ittifaqının bu təşəbbüsünə münasibətiniz necədir?
- Azərbaycan və Belarus “Şərq Tərəfdaşlığı” çərçivəsində üzərinə götürdüyü öhdəliklərə qətiyyən əməl eləmir. Təəssüf ki, Avropa Ittifaqı da öhdəliklərə əməl etməyən ölkələrin rəhbərlərinə qarşı hansı addımların atılması haqda konkret qərarlar qəbul etmir. Iyunun 21-də Avropa Parlamentinin insan hüquqları komitəsində Azərbaycan və Belarusa dair dinləmələr keçirildi. Azərbaycandan mən çıxış elədim. Azərbaycandakı iyrənc vəziyyət canlı müzakirə olundu. Buna baxmayaraq, az sonra mətbuat konfransında Joze Manuel BarrozuÿAzərbaycanla bağlı insan hüquqları haqda heç nə demədi, yalnız enerji tərəfdaşlığı sahəsində əldə olunan nailiyyətlərdən danışdı. Avropa Ittifaqının bu cür reaksiyası əlbəttə ki, məyusluq yaradır.
 
- Sizcə, Qərbin Azərbaycan və Belarus kimi dövlətlərə münasibətdə siyasəti necə olmalıdır?
- Ikili standartlar olmamalıdır. Əgər avtoritar rejimlər öhdəlikləri yerinə yetirmirsə, ölkədə insan hüquqları tapdalanırsa, bu cür dövlətlərə qarşı konkret mövqe ortaya qoyulmalıdır. Bəlkə də “Maqnitski siyahısı”na bənzər siyahı hazırlanmalıdır. Öz vətəndaşlarına qarşı cinayətlər törədən məmurlar Avropa Ittifaqı ölkələrində cinayətkar kimi tanınmalıdır. Bu cür məmurlar nəinki həmin ölkələrdəki banklarda pullarını saxlamamalıdır, heç sərbəst hərəkət də etməməlidir.
Xalqlarını talayan, bütün dünya üzrə offşor zonalarda milyardlara malik olan cinayətkarların korrupsiya hesabına qazandığı pullar çox ciddi şəkildə izlənməlidir. Bu barədə Qərb mətbuatı yazır, amma buna qarşı konkret siyasət ortaya qoyulmalıdır. (azadliq.info)
Comment