0
Friday 9 August 2013 - 19:21

Ayətullah Xamneyi bölgədəki prosesləri şərh edib

Story Code : 291139
Ayətullah Xamneyi bölgədəki prosesləri şərh edib
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi bayram xütbəsində bölgədə baş verən prosesləri dəyərləndirib.
 
İranın ali dini lideri deyib ki, ölkəsində sevindirici hadisələr baş verməsinə baxmayaraq, bölgədə yaşanan proseslər narahatlıq doğurur: “İsrail məzlum Fələstin xalqına qarşı zülmünə davam edir. Dünyanın bu gün yaşadığı müsibətlərə demokratiya və insan haqları tərəfdarları olduqlarını iddia edən və təcavüzkar İsrail rejiminə açıq-aşkar dəstək verən qüvvələr səbəbkardır. Fələstin rəhbərliyi ilə İsrail rejimi arasında sülh danışıqları daha əvvəlki müzakirələr kimi fələstinlilərin haqqının yox olmasına və təcavüzkarın təzyiq və cinayətlərinin davam etməsinə gətirib çıxaracaq. Bu müzakirələrdə vasitəçi olmağa cəhd göstərən ABŞ açıq-aşkar təcavüzkar İsrail rejiminin tərəfindədir. İmperialistin bu cəhdi şübhəsiz, fələstinlilərin zərərinə olacaq. Müsəlman dünyası bu zülmlərə qarşı səssiz qalmayaraq İsraili və onu dəstəkləyənləri qınamalıdır”.
 
Ayətullah Xamneyi Misirdə baş verən hadisələrə toxunaraq bu ölkədə vətəndaş müharibəsinin yaşanması ehtimalının daha da gücləndiyini söyləyib: “Bu ölkənin ictimai-siyasi xadimlərini və təşkilatlarını mövcud təhlükəli vəziyyətin aqibətini düşünməyə çağırıram. Suriyadakı vəziyyət və vətəndaş müharibəsinin çox pis nəticələri, Qərb, İsrail və muzdlu terrorçuların müsəlman dünyasının müxtəlif bölgələrində mövcudluğu Misir xalqı üçün ibrət olmalı deyilmi? Mən Misirdə xalqa qarşı yönəlmiş cinayətləri qınayıram. Bu ölkədə vətəndaş müharibəsinin yaşanması xarici qüvvələrin müdaxilə etməsinə zəmin yaradacaq”.
 
Ali dini lider İraqdakı vəziyyətin də narahatlıq doğurduğunu vurğulayıb: “Bölgədəki bəzi qüvvələr və super güclərin dəstəyi ilə seçki yoluyla hakimiyyətə gəlmiş İraq hökumətindən məmnun deyilik. Misir və İraqdakı vəziyyət İsrail rejimini məmnun edir. İraqdakı bütün siyasi qüvvələr və xalq başda olmaqla bu ölkədəki şiə, sünni, kürd və ərəblər vətəndaş müharibəsinin təhlükəsinə və aqibətinə diqqət yetirməlidir. Çünki bu vəziyyət xalqın gələcəyini və ölkənin infrastrukturunu məhv edəcək”.
Comment