0
Saturday 3 July 2010 - 19:46

DAĞLIQ QARABAĞLA VİDALAŞA BİLƏRİK

Story Code : 29960
DAĞLIQ QARABAĞLA VİDALAŞA BİLƏRİK

 ATƏT-in Minsk Qrupu (ABŞ, Fransa və Rusiya) səviyyəsində Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində davam edən danışıqların indiyə qədər nəticə vermədiyi göz önündədir. 

Qeyd edək ki, hazırda münaqişənin həlli prosesi ötən il tərəflərə təqdim olunan yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Hansı ki, həmin prinsiplərdə Dağlıq Qarabağın, eləcə də Laçın dəhlizinin statusunun müəyyənləşdirilməsi və digər bu cür mübahisə doğuran məsələlərin birbaşa Qarabağın itirilməsinə hesablandığı bildirilir. 

Xəbər verildiyi kimi, ötən həftə «Böyük səkkizlər»in Kanadada keçirilən sammitində Minsk Qrupuna həmsədrlik edən dövlətlərin başçıları tərəfindən Qarabağ münaqişəsinə dair müzakirələrdə yekun sənəd qəbul olundu.

Prezidentlərin birgə bəyanatından bir daha məlum oldu ki, Qarabağ danışıqlarında müzakirələr hələ də bölgənin statusunun referendumda müəyyən edilməsini nəzərdə tutan sənəd əsasında gedir. Belə ki, ABŞ, Fransa və Rusiya prezidentləri rəsmi bəyanatlarında qeyd edirlər ki, Azərbaycan və Ermənistan münaqişənin nizamlanmasının ATƏT-in Helsinki Yekun aktında əks olunan prinsiplərə və 2009-cu il iyulun 10-da Akvilla şəhərində «Səkkizlər qrupu»nun bəyanatında əksini tapan təkliflərə əsaslandıqları üçün onları dəstəkləyirlər.

Sözügedən sənəddə Azərbaycan və Ermənistan prezidentləri münaqişənin nizamlanmasının əsas prinsipləri üzərində işi yekunlaşdırmağa çağırılır. Eyni zamanda iddia olunur ki, bu prinsiplərin əsasında sülh sazişinin layihəsini hazırlamaq olar.

Bu prinsiplər Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatını və özünü idarəetməni nəzərdə tutan aralıq statusu, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz, Dağlıq Qarabağın gələcək hüquqi statusunun onun əhalisinin mütləq hüquqi qüvvəyə malik səsverməsində müəyyən edilməsini, beynəlxalq təhlükəsizlik təminatını, o cümlədən sühməramlı əməliyyatları nəzərdə tutur.

Konfliktoloq Elxan Mehdiyev prezidentlərin son bəyanatını ermənilərin tələbləri üzərində qurulduğunu və bunun birtərəfli, müəyyən mənada təxribat xarakteri daşıdığını söylədi: 

«Baxmayaraq, Minsk Qrupuna həmsədrlik edən dövlətlərin başçıları ötən il də belə bir bəyanatla çıxış etmişdilər. Amma o vaxt həmsədrlər guya yeniləşmiş Madrid prinsipləri deyilən təklif ortaya qoyudular. Azərbaycan tərəfi də onu qəbul etdi. İndiki sənəddə isə heç bir yenilənmiş Madrid prinsiplərindən bəhs edilmir. Əksinə, danışıqlar prosesi davam etdiyi bir zamanda Dağlıq Qarabağın statusunu müəyyənləşdirməkdən söhbət gedir. Əslində isə Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmalıdır. O baxımdan prezidentlərin bəyanatı Azərbaycanın maraqlarına tamamilə zidd və öncədən improvizə edilən bir plandır. Qarabağ münaqişəsinin həll olunması üçün danışıqlar formatı qəbul olunub. Ona görə də siyasi bəyanatların verilməsi başadüşülən deyil. Çünki bu, heç nəyi çözmür». 

Azərbaycan hakimiyyəti Madrid prinsiplərin yenilənmiş variantını böyük sülh sazişi üçün əsas kimi qəbul etsə də, Ermənistan tərəfi məsələyə başqa rakursdan yanaşır. Rəsmi İrəvan yenilənmiş Madrid prinsiplərinin deyil, 2008-ci ildə təqdim olunan Madrid prinsiplərinin mövcud olduğunu bildirir və onu danışıqlar üçün əsas kimi qəbul edir. Ermənistanın təkliflərdən yayınması Madrid prinsiplərinin yenilənmiş variantında Dağlıq Qarabağda keçiriləcək referendumun vaxtının göstərilməməsi ilə izah olunur.

E.Mehdiyev isə belə düşünmür. Onun fikrincə, referendumun nə vaxta təyin olunub olunmaması o qədər də əhəmiyyət kəsb etmir: «Əsas narahatedici məsələ odur ki, Azərbaycan həmin prinsipləri qəbul edib üzərində işləyərsə, onda biz, Dağlıq Qarabağla vidalaşmalıyıq. Bütün dünya Kanadada münaqişəyə dair müzakirələrdə qəbul olunan yekun sənəd barədə danışdıqları halda Azərbaycan rəhbərlərinin başı bayramlara qarışıb. Onların vaxtında məsələyə münasibət bildirməməsi, yəni susması çox şeylərdən xəbər verir. Düşünürəm ki, ölkə başçısı İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov prezidentlərin birgə bəyanatına aydınlıq gətirməlidirlər. Qarabağın taleyini müəyyən edən bir məsələyə münasibət bildirilmirsə, yaxud yubadılırsa, məncə, bu hakimiyyətdən heç bir ciddilik gözləməyə dəyməz». 

Son vaxtlar Füzuli rayonuna ABŞ, Kəlbəcərə isə rus qoşunlarının yeridiləcəyi barədə deyilənlərə münasibət bildirən konfliktoloqun qənaətincə, bu, qeyri-ciddi söhbətdir. Avropa Erməni İttifaqları Forumunun yaydığı bəyanatda iddia olunur ki, ABŞ və Rusiya prezidentləri arasında razılaşdırılan plana görə, yay aylarında Qarabağ münaqişəsi cəbhəsində bir neçə insident təşkil olunacaq. Ardınca guya genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq. Qısamüddətli döyüşlərdən sonra hər iki dövlətin müdaxiləsilə döyüş dayanacaq. Kəlbəcərə rus, Füzuliyə isə hərbi qoşunları Amerika hərbi qoşunları yeridiləcək.

Avropa erməniləri təşkilatı iddia edir ki, sözügedən plan Ermənistan və Azərbaycan prezidentləri ilə də razılaşdırılıb. «Bu, o vaxt ola bilər ki, tərəflər arasında sülh müqaviləsi imzalansın. İndiki halda heç bir prinsip razılaşdırılmayıbsa, sülh müqaviləsi yoxdursa, bölgədə hansı əcnəbi qoşunların yerləşdirilməsindən söhbət gedə bilər» - deyə, E.Mehdiyev vurğuladı.

Comment