0
Saturday 21 September 2013 - 21:15

Hacı İlqar: “Bu problemlər həllini tapmayınca, kiminsə “ölkədə din sahəsində problem yoxdur” deməsinin əsası olmayacaq”

Story Code : 304038
Hacı İlqar: “Bu problemlər həllini tapmayınca, kiminsə “ölkədə din sahəsində problem yoxdur” deməsinin əsası olmayacaq”
Hacı İlqar: “Bu problemlər həllini tapmayınca, kiminsə “ölkədə din sahəsində problem yoxdur” deməsinin əsası olmayacaq”
RATİ-də İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə 2010-2013-cu illər ərzində islam camiəsində baş verən hadisələrlə bağlı hesabatın təqdimat mərasimi keçirildi. Komitənin üzvü Emil Rahiloğlu tədbirin başlanğıcında hazırlanan hesabatı təqdim etdi.

Qeyd edək ki, hesabatda 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda aparılan həbslər, hicab qadağası və digər mövzularda keçirilən etiraz aksiyaları zamanı həyata keçirilən tutuqlamalar, saxlanılan, eyni zamanda həbs cəzasına məhkum olunan dindarlar haqda məlumat verildi.
2010-cu il fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfatı ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş edənlərin 17 nəfəri həbs olunub və məhkəmənin hökmü ilə onların beşi 4-5 il müddətinə azadlıqdan məhrum ediliblər. 2011-ci il yanvarın 7-dən 8-nə keçən gecə AİP sədri Mövsüm Səmədov və onunla birgə olan Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov həbs olunub. Sonrakı iki il ərzində dindarlar, ilahiyyatçılar həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Ümumilikdə son 3 ildə 100-dən artıq dindar müxtəlif ittihamlarla həbs olunaraq cəzalandırılıb. Eyni zamanda hicab qadağasına etiraz olaraq keçirilən 3 aksiyada 60-dan artıq dindar saxlanılıb.

Konfransda çıxış edən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu dini camiəyə qarşı təzyiq siyasətinin, eləcə də başörtüyü qadağası ilə başladığını bildirdi. Əvvəlcə pasportlara şəkil çəkdirilməsi ilə gündəmə gələn qadağanın daha sonra genişləndiyini qeyd edən DEVAMM sədri 2006-cı ildən başlayaraq dindarlara qarşı müxtəlif mövzularda qadağa və təzyiqlərin başladığını bildirdi. 2009-cu ilə qədər DEVAMM-ın problemin lokal şəkildə, yerli məktəb və digər müəssisələrdə baş verdiyini və lokal olaraq həllinə çalışdıqlarını qeyd edən Hacı İlqar 2010-cu ilin payızında hökumətin Təhsil Nazirliyi səviyyəsində baş örtüyünə rəsmən qadağa qoyduğunu və bundan sonra proseslərin daha da gərginləşdiyini bildirdi.
Hacı İlqar İbrahiomoğlu hazırda dini sahədə iki əsas problemin qaldığını və təcili olaraq həll edilməsinin vacibliyini qeyd etdi: “Bu problemlər həllini tapmayınca, kiminsə ”ölkədə din sahəsində problem yoxdur" deməsinin əsası olmayacaq. Bu iki problemin birincisi təhsil müəssisələrində, özəl qurumlarda, dövlət müəssisələrində tətbiq olunan hicab qadağasının aradan qaldırılması və bu addımın yanlış olduğunun etiraf edilməsidir. İkinci addım isə hicab məhbuslarının azadlığa buraxılmasıdır. Çünki bu insanlar məhz hicab qadağasına etiraz olaraq aksiyalara qatılıblar. Əgər qadağa olmasaydı, onlar da etiraz etməyəcəkdilər. Bu iki məsələ həll olunduqdan sonra Azərbaycanda din sahəsində hansısa addımların olduğunu deyə bilərik".
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov isə hazırda müstəqil hüquq müdafiəçilərinin birlikdə Azərbaycanda yeni vicdan məhbusu siyahısı hazırlayacağını bildirdi. Vicdan məhbuslarının mühakimələrinin qanun pozuntuları ilə keçdiyini qeyd edən hüquq müdafiəçisinin sözlərinə görə, bir çox hallarda, xüsusən də dindarlara qarşı adekvat olmayan güc tətbiq olunub. R.Cəfərov Avropa Şurasının yeni məruzəçisinin təyin olunmasına çalışacaqlarını bildirdi.
Konfransda iştirak edən Birlik Təşkilatının sədri Vüsal Hətəmov məktəblərdə tətbiq edilən hicab qadağasından, həbs olunan islamçılardan danışıb. O da məhkəmələrin islamçılara qarşı həddən artıq ağır cəzalar tətbiq etdiyini bildirib. Təşkilat sədri bildirib ki, məktəblərdə şagirdlərin hicabla dərsə buraxılmaması ilə yanaşı hicablı müəllimələr də işdən çıxarılır.
Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının sədri Elşən Həsənov dindarların haqsız yerə həbs olunduğunu, ümumiyyətlə, hakimiyyətin yalnız inanclılara qarşı deyil, bütün təbəqədən olan insanlara qarşı düşmənçilik etdiyini bildirdi.
Yaşıllar Partiyasının sədri Mayis Güləliyev təklif etdi ki, hicab qadağası ilə bağlı məhkəmələrə müraciət olunsun, məsələni Avropa Məhkəməsinə qədər daşısınlar. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov isə Azərbaycanda dindar və dindar olmayanların qarşılaşdıqları haqsızlıqların kökündə hakimiyyətin dayandığını bildirərək, seçkilərdə fəal olmağa çağırdı. Müsavat başqanının müşaviri Tural Abbaslı hicab məhbuslarının bir qismi ilə məhbəsdə bir yerdə olduğunu xatırladaraq, onlara qarşı ittihamların haqsız olduğunu bildirdi: “O insanlardan nəinki ittiham olunan maddələri, hətta heç bir kobud hərəkət belə görməmişəm. Onlar etik normanı belə pozmurlar. Məsələn, Hacı Mövsüm özündən neçə yaş balaca gələndə də hörmət əlaməti olaraq ayağa qalxırdı. Bunlar, sadəcə, demək istəyirlər ki, inanclılar siyasətə baş qoşmasın, başlarını aşağı salıb həyatlarını yaşasınlar”.(musavat.com)
Source : Musavat
Comment