0
Sunday 22 September 2013 - 21:31

Milli Şura Yasamalda möhtəşəm mitinq keçirdi

Story Code : 304317
Milli Şura Yasamalda möhtəşəm mitinq keçirdi
Saat 15.30-dan etibarən insanlar meydana toplaşmağa başlayıblar. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxıb. Prosesə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun başçılıq edib.  

Mitinqə yaşı 18-dən az olan şəxslər buraxılmayıb. 
 
Minval.az saytının  məlumatına görə, mitinqdən öncə saxlanılanlar olub. Nuru Abdullayev, Tural Sadıqlı, Anar Qurbanov saxlanılıb. Digər bir məlumata görə isə Müsavat başqanının müşaviri Tural Abbaslı döyülüb. 
 
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Müsavat başqanı İsa Qəmbər və AXCP sədrli Əli Kərimli meydana daxil olduqda böyük coşqu yaşanıb, gurultulu, sürəkli alqışlar səslənib.  
 
Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb.Mitinqdə ilk çıxışı AXCP sədri Əli Kərimli edib. O bildirib ki, Cəmil Həsənli 12 dəiqə müddətində hakimiyyəti darmadağın etdi: "Əziz həmvətənlərim artıq bir neçə gündür ki, Azərbaycan uğrunda vətən uğrunda bu millətin uğrunda İctimai televiziyada bir döyüş gedir. Bu döyüşdə sizin təmsilçiniz, xalqın təmsilçisi professor Cəmil həsənli gözlənilməz, dəqiq zərbələri ilə hakimiyyəti artıq sarsıdıb. Hakimiyyətdəkilər çıxılmaz vəziyyətdədirlər və məcbur olublar vəxtilə öz əqidəsini, düşərgəsini satmış xəyanətkarları köməyə çağırıblar və xalqımız düşünür ki, bu çarəsizlərin ümüdi mənəvi şikəstlərə qalıb. Qələbə yaxındadır, qələbə bizimlədir, qələbə Cəmil Həsənli ilə gələcək". 

Daha sonra çıxış edən tanınmış vəkil, Aslan İsmayılov seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcəyini bildirb: “Əziz həmvətənlərim, mən həyatım boyu yüzlərlə mitinqlərdə iştirak etsəm də, bu mənim cəmi ikinci çıxışımdır. Bir dəfə 1998-ci ildə vətən uğrunda döyüşmüş, əllərini, ayaqlarını, gözlərini itirmiş Qarabağ Əlilləri Cəmiyyətinə divan tutulandan sonra mən çıxış etmişəm. Onda da hamınızı çağırmışam ki, susmayaq. Biz onda susduq. Məhz ona görə biz bu günə düşdük. Bu mənim ikinci çıxışımdır. Və əsla mənim çıxışım hardasa mənə qarşı olan haqsızlıqlara qarşı deyil. Mənə qarşı olan haqsızlıqlara mən hüquq çərçivəsində gücüm çatdığı qədər müqavimət göstərirəm, gec də olsa istəyimə nail oluram. 1995-ci ildə də vəkillikdən qovdular 2005-ci ildə də o cür bərpa etdilər. 2010-cu ildə parlament seçkilərində səsimi aldılar, amma bu il  Azərbaycan hökuməti Strazburqda məndən oğurladıqları səsin hesabatını verirlər. Mən özümə görə heç vaxt heç kimə ağız açmamışam. Bizim hər birimizin həmin debatlarda qürurumuzu, ləyaqətimizi, əxlaqi mənəvi dəyərlərimizi tapdalayıblar. Debatlarda  göstərdilər ki, bu Azərbaycan xalqını hafizlər, oruclar təmsil edir. Bunu məqsədyönlü edirlər ki insanları seçkilərdən iyrəndirsinlər. Həmin o tədbirdə bütün varlığı ilə bu xalqa xidmət etmiş, ağır təbiətli, əxlaqlı, nəfsi tox olan, Azərbaycanı canı qədər sevən Cəmil Həsənlinin qismində bütün Azərbaycan xalqını təhqir etdilər. Mən ona görə burdayam”. 
 
Mitinqdə daha sonra çıxış edən sabiq Azərbaycan Respublikasının Daxili İşlər Naziri, milli azadlıq hərəkatının liderlərindən biri İsgəndər Həmidov bildirdi ki, Cəmil Həsənli 18 dəqiqəlik debatda dediyi sözlər öz ünvanına çatıb. İTV-dəki debatda Cəmil Həsənlinin ətrafındakıların hamısı  İlham Əliyevin siyasətini dəstəkləyir. Deməli orada 48 dəqiqə İlham Əliyevə məxsusdur, cəmi 6 dəqiqə Cəmil Həsənliyə?  
 
**** 
Sonra söz keçmiş vicdan məhbusu Tural Abbaslı çıxış etdi. 
 
****  
Aparıcı bildirdi ki, hakimiyyət üçün ən böyük dəyər bu dövlətin sərvəti, qızılı, neftidir. Amma ən böyük dəyər bu dövlətin insanlarıdır. Dövlət də, onun sərvətləri də insanımız üçün olmalıdır. 

Sonra Eldar Namazov çıxış etdi. Dedi ki, Mlli Şuranın regionlarda da kampaniyası artıq başlayıb. O, bu məsələ ilə bağlı Ağstafada olduğunu dedi və o bölgənin salamanı çatdırdı.  

“Bölgə insanlarımızın bu seçki ilə bağlı mesajlarını ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar: “İlham, bəsdir!”, - deyə o bildirdi. 

*** 

Aparıcı Milli Şuranı Rusiyaya bağlamaq istəyənlərə cavab verdi. Dedi ki, bu ittihamları səsləndirənlər zamanında Azərbaycanın müstəqilliyinə qarşı çıxanlardır. "Milli Şurada cəmlənən qüvvələr isə Azərbaycanın müstəqilliyi uğrunda meydanlarda savaş veriblər. İndi mübarizənin növbəti mərhələsi yaşanır. Müstəqilliyinə nail olduğumuz Azərbaycanın sərvətlərinin ədalətli bölgüsünə, xalqa çatmasına nail olmalıyıq və olacağıq", - deyə o bildirdi 
 
**** 

Daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış etdi: 

"Heç bir qüvvə xalqın qarşısını kəsə bilməz. Biz mütləq qalib gələcəyik. Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasəna güzəştə gedə bilmirlər. İndi isə deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər. 
 
Bu tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik. 
 
Biz Cəmil bəyin arxasında gizlənməmişik. Biz Cəmil bəyin yanındayıq, ona olan hücumların qarşısındayıq. Bunu İlham Əliyev və ətrafındakılar yaxşı bilsin.
 
Debatlarda gördünüz ki, əksər namizədlərin hədəfi Cəmil bəydir. Onlar hətta ləyaqətsizcəsinə, Cəmil bəyin ailə məsələlərinə qarışdılar. Amma Cəmil bəy adekvat cavab verməyib, çox sərrast şəkildə Əliyevlər ailəsinin xalqdan oğurladıqları hesabına qurduqları biznesindən danışdı. 
 
Bütün həqiqətlər açıqlanmalıdır. Bizim namizədin, bizim tələbimizlə bütün həqiqətlər açılacaq. 

İsa Qəmbər siyasi məhbusların adlarını çəkib, onları salamladı. Bildirdi ki, onların azadlığa çıxmasına az qalıb. 
 
Müsavat başqanı İlham Əliyevi prezidentliyə namizədliyini geri götürməyə çağırdı: 
 
"Bilirik ki, Cəmil bəy bütün xalqın, o cümlədən İlham Əliyevin prezidenti olacaq. Həmişə Heydər və İlham Əliyevlərin istefasını tələb etmişəm. Bu gün isə İlham Əliyevə təklif edirəm ki, prezidentliyə namizədlikdən istefa versin, namizədliyini geri götürsün. Tam ciddi deyirəm, İlham, namizədliyini geri götür. Azərbaycan xalqı naminə, xalqı nəzərə almırsansa, özünü düşünərək, namizədliyini geri götür". 
 
**** 
Azadlıq qəzetinin saytının verdiyi məlumata görə, sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənnli çıxış etdi: 
 
Ey uca millətim! Ey 1918-ci ildə cümhuriyyət yaratmış qurucu babaların şərəfli nəvələri. 
Biz Milli Şuramızın müəyyən etdiyi yolla gedirik. Əmin ola bilərsiniz ki, yurdumuzu sarmış bu zülm və istibdad rejimin axırına çıxacağıq. 
 
Millət yoludur, haqq yoludur tutduğumuz yol, 
Yaşa, ey sevgili millət, yaşa, var ol. 
 
Milli Şuranın müəyyən etdiyi yol, milli birlik yoludur. Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn etmək istəyirdi. Sizlər bu meydana toplaşıb mesaj verdiniz ki, biz diriyik, gəlirik. 

Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanı olan gənclərimiz, gözü yaşlı əsgər anaları, əmin olun ki, ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə qaytarılacaq. 

And olsun şərəfimə. Qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qarşısında dayanmalıyıq. Həzrət Əlinin bir söz var: Zülmü görüb ona etiraz etməmək, zalımın yanında olmaqdır. Millət qəddini düzəldib göstərməlidir ki, bu vətənin sahibi mənəm. 
 
Millətimiz yaşlaşdıqca həbsdə olan siyasilərimiz cavanlaşır. Bu adamların günahı nədir? Allah sevgisi. Allah sevgisinə vətən sevgisini qatmaqdır. Bu hökumət narkotikaya o qədər uyub ki, narkotik itithamı bunların hüquq sisteminin əsasına çevrilib. 
 
Gəlsin mənimlə debata, izah etsin ki, 10 ildə bu torpağın 1 qarışı niyə azad olunamdı? Korrupsionerin vətən-torpaq sevgisi ola bilməz. Bunlar Qarabağ problemini də hakimiyyətdə qalmaq üçün alver predmetinə çeviriblər. Bu seçki deyil, seçki görüntüsüdür, xalqın haqqına, hüququna həqarətdir. Qoy onlar öz əməllərindən, xalqın fəlakətləri üzərində sərvət toplamalarından utansınlar. Bunlar mif yaradırdılar ki, Azərbaycanın sülalə hakimiyyətindən başqa yolu yoxdur. Heç kəs bu ölkəni Şimali Koreyaya döndərə bilməz. Ey, şərəfli millətin şərəfli varisləri. Səsinizlə tarix yaradın. Vətənimizi və özünüzün qurtuluş haqqına sahib çıxın. Millətin içindəki ortada olmalıdır. Haqq uğrunda, ləyaqətli həyat uğrunda mübarizə milli mücadiləmizin əsasını təşkil edir. 

Sonda mitinq qətnamənin oxunması ilə başa çatdı. /Müsavat/
Comment