QR CodeQR Code

Britaniyadan Əliyevlərə zərbə

28 Sep 2013 19:16

IslamTimes - Ölkənin məşhur nəşrlərindən olan «The Guardian» qəzeti hakim ailəni topa tutdu.


«Azərbaycanın hakim elitası neft və qaz resurslarından istifadə edərək ölkədə repressiv sistem yaradıb»
 
«The Guardian» qəzeti Azərbaycan hakimiyyəti haqqında növbəti sensasion məqalə ilə çıxış edib. Emma Hyucsa məxsus məqalədə Azərbaycan hakimiyyətinin Avropada apardığı lobbiçilik siyasətinin pərdəarxası məqamları əksini tapıb. Məqalədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyəti barədə bir sıra maraqlı məqamlardan söz açılıb, Azərbaycandakı mövcud ictimai-siyasi durum analiz edilib. Məqaləni qısa ixtisarlarla diqqətinizə çatdırırıq: 
 
«Ötən həftə İşçi Partiyasının keçirdiyi konfrans bir sıra ənənəvi prosedurlarla yanaşı lobbi təşkilatlarının axınına səbəb oldu. Bu təşkilatlar  sırasında Avropa Azərbaycan Cəmiyyətinə də rast gəlmək mümkün idi. Bu lobbi təşkilatı öz fəaliyyətini  caz qəbulu təşkil etməklə qurmağa çalışırdı. Əsas mənzil qərargahı Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyəti «Azərbaycan anlayışının» geniş təbliği üçün yaradılıb. Bu təşkilat Azərbaycanla Avropa ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafına çalışır. Amma əslində bu maraqlar o deməkdir ki, bu təşkilat meqa-varlı, repressiv Əliyev rejiminin mənafeyini təmsil edir. Ötən iki həftə boyunca davam edən bu prosesdə caz konsertləri çay süfrəsinin müşayəti ilə davam edib. Bu da təsadüfi deyil. Çünki çay və caz musiqisi Azərbaycanla bağlı assosasiyalar yaradır. Təşkilatın çaydan təbliğat vasitəsi kimi istifadə etməsi eyni zamanda ingilislərə bir mesac və dəvətdir ki, onlar Azərbaycanda biznes qursunlar.
 
Amma Azərbaycandakı həyat çay süfrəsindən, caz musiqisindən xeyli fərqlənir. Azərbaycanın hakim elitası neft və qaz resurslarından istifadə edərək ölkədə repressiv sistem yaradıb. Bu ölkədə polis insanları daim nəzarətdə saxlayır. Söz və mətbuat azadlığı mövcud deyil. Hətta ən dinc aksiyalar belə zor gücü ilə dağıdılır. Son 18 ay ərzində hakimiyyətin fərqli düşüncəyə, müxalif fikirliyə qarşı atdığı addımlar Human Rights Watch təşkilatı tərəfindən kəskin tənqid olunub. Bu ilin yanvar ayında İsmayılıda dəyənək və göz yaşardıcı qazın köməkliyi ilə dinc əhalinin etiraz aksiyası dağıdıldı. Mart ayında isə rezin güllələr və su şırnağı paytaxtdakı aksiyanın dağıdılması üçün istifadə olundu. Bu aksiyadan sonra polis «NİDA» Gənclər Təşkilatının 7 nəfər üzvünü həbs etdi. İnsan Haqları Klubunun apardığı araşdırmalara görə hazırda ölkədə 100-ə yaxın siyasi məhbus var. Bu məhbuslardan ikisi prezident seçkilərində namizəd kimi iştirak etməli idi. 
 
Əliyev rejiminə yaxın olan Avropa Azərbaycan Cəmiyyəti 2008-ci ildə Taleh Heydərov tərəfindən yaradılıb. T.Heydərovun atası Kəmaləddin Heydərov ölkədə fövqəladə hallar naziridir. «WikiLeaks»daki məlumatlarda ABŞ-ın Azərbaycandakı səfiri K.Heydərov haqqında belə yazırdı: «dövlət başçısı kimi nüfuza sahib olan Kəmaləddin Heydərov ölkə daxilində geniş maliyyə mənbələrinə rəhbərlik edir». Bu təşkilat artıq uzun müddətdir ki, Böyük Britaniyanın deputatları ilə isti münasibətlər saxlayır. Onlar 25 parlamentaridən ibarət «Azərbaycanın Konservativ dostları» qrupunu yaradıblar. Eyni siyasət İşçi Partiyasına münasibətdə də aparılıb. Təşkilat bütün xərcləri ödəməklə Mark Fild, Cerri Satkliff , Stiven Xammond kimi deputatların Azərbaycana səfərlərini belə təşkil ediblər. 
 
Azərbaycan uzun illər Böyük Britaniya ilə neft və qaz resurslarına görə «xüsusi əlaqələr» qurmağa məcbur idi. Burada BP ilə əlaqələr də xüsusi önəm daşıyır. 1994-cü ildə məhz BP beynəlxalq şirkətləri konsersuma gətirərək «əsrin müqaviləsini» imzalamağa təhrik etdi. Bu müqavilə BP-yə Azərbaycanda neft çıxarma ilə məşğul olmağa imkan verdi. Bu müqavilə BP üçün də vacib idi. Ötən həftə şirkət daha bir meqa müqaviləyə imza atdı. Bu dünyada imzalanan qaz alqı-satqısına dair ən iri müqavilələrdən biridir. İyimi beş illik layihədə 100 milyardlıq qaz alqı-satqısı nəzərdə tutulub. Qaz gəlirlərinin artması Azərbaycan hakimiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Amma bu layihələrdən Azərbaycan xalqının gəlir əldə edəcəyi az inandırıcıdır. Offşor zonalardan gələn məlumatlardan o məlum olur ki, Azərbaycanın gəlirlərinin offşor zonlara çıxarılması ənənəsi formalaşıb. Əlbəttə bu tipli konfranslar Böyük Britaniyanın parlamentariləri tərəfindən müzakirə predmeti olmalıdır. İnsan haqları məsələləri heç bir halda təbii resursların arxasına keçməməli və daha önəmli dəyər kimi qiymətləndirilməlidir. Bu müqavilələrdən əldə olunan gəlir demokratik prinsipləri üstələməməlidir».
 
/ Hikmət / Azadliq /


Story Code: 306323

News Link :
https://www.islamtimes.org/az/news/306323/britaniyadan-əliyevlərə-zərbə

Islam Times
  https://www.islamtimes.org