0
Monday 12 July 2010 - 17:51

QARABAĞ AZADLIQ TƏŞKİLATI BƏYANAT YAYIB

Story Code : 30846
QARABAĞ AZADLIQ TƏŞKİLATI BƏYANAT YAYIB
“Azərbaycan rəsmiləri tərəfindən Qarabağ danışıqlarına dair verilən son açıqlamalar ciddi təhlükələrin olduğundan xəbər verir. Azərbaycanın Madrid prinsipləri çərçivəsində razılıq verdiyi məsələlər milli maraqlara ziddir və bu razılıq Dağlıq Qarabağın ermənilərə təhvil verilməsi deməkdir”. Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) bazar ertəsi yayılan bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, bu mövqe təslimçilik və milli maraqlara xəyanətdir: “Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti beynəlxalq güclərin təzyiqləri qarşısında geri çəkilir və işğalçı Ermənistanın əsassız iddialarına təslim olur. Bəzi məsələləri bir daha diqqətə çatdırırıq:

1. Dağlıq Qarabağa hər hansı, o cümlədən aralıq statusun verilməsi oradakı qondarma rejimin tanınması və legitimləşdirilməsidir, bu, qondarma rejimin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlərə bəraət qazandırılması deməkdir.

2. Dəhlizə razılaşmaq Dağlıq Qarabağa erməni iddialarını tanımaq deməkdir. Bu məntiqsiz qərar Dağlıq Qarabağı erməni quldurlarının silah, sursat anbarına və narkotrafikin ən böyük məntəqələrindən birinə çevirəcək. Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz tələb edənlər belə bir dəhlizin Naxçıvanla Azərbaycanın digər əraziləri arasında da olması zərurətini başa düşməlidirlər.

3. Yekun statusu ilə bağlı referenduma razılıq verilməsi ermənilərin işğalçılıq hərəkətlərinə bəraət qazandırır. Referendum məsələsi bir dəfələik gündəmdən çıxarılmalıdır. Ortada olan digər məsələlər də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsddən başqa bir şey deyildir”.

QAT hesab edir ki, bu vəziyyət Minsk qrupu həmsədrlərinin ermənipərəst siyasətinin nəticəsi olaraq yaranıb. ABŞ və Fransa Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməyə çalışır, Madrid prinsipləri də daha çox onların təşəbbüsünün nəticəsidir: "Rusiya isə münaqişəni olduğu kimi saxlamaqda maraqlıdır. Hər iki mövqe Azərbaycanın maraqlarına ziddir və Dağlıq Qarabağın həmişəlik itirilməsinə yönəlib".

Bəyanatda qeyd olunur ki, “biz hər iki mövqeni rədd edirik. Əgər vasitəçilər Qarabağ məsələsinin dinc yolla həllini istəyirlərsə, bunun yalnız bir yolu var: Ermənistan işğalçı qüvvələri Dağlıq Qarabağdan və bütün ətraf rayonlardan dərhal və qeyd-şərtsiz rədd olub çıxmalıdırlar, bütün bu ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunmalı və müharibənin törədilməsində təqsiri olan hərbi canilər cəzalandırılmalıdır. Əgər bu variant qəbul olunmursa, Azərbaycan hərb yolunu seçməli, işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır”.
Comment