0
Monday 18 November 2013 - 11:37

Ramiz Mehdiyevin komandasında panika

Story Code : 322025
Ramiz Mehdiyevin komandasında panika
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandası təşviş içindədir. Bu barədə redaksiyamıza məlumat iqtidardakı mənbələrdən daxil olub. Məlumatda bildirilir ki, narahatlıq Ramiz Mehdiyevin istefaya göndərilə biləcəyi barədə ehtimallardan yaranıb.
Ramiz Mehdiyevin komandasında bir neçə ciddi səbəbə görə belə rəy yaranıb ki, PA rəhbərinin yaxın vaxtlarda istefaya göndərilməsi reallaşa bilər.
Məlumatda bildirilir ki, komandanın mülahizələrinə görə, bu səbəblərdən başlıcası Ramiz Mehdiyevin prezident seçkisindən sonra ABŞ-a qarşı sərt ittihamlar səsləndirməsidir.
Yada salaq ki, seçkidən sonra hakimiyyətdə iki nüfuzlu məmur ABŞ-ın ünvanına ittihamlar səsləndirmişdi. Onlardan biri keçmiş müdafiə naziri Səfər Əbiyev idi. Müdafiə Nazirliyi Səfər Əbiyevlə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın görüşü barədə yaydığı məlumatda təhrifə yol vermişdi. Hər halda ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan etmişdi ki, Riçard Morninqstarla görüş barədə yayılan məlumatda səfirə aid edilən “seçki arxada qalıb, Ilham Əliyev artıq qalibdir” ifadəsi qeyri-dəqiqdir. Səfirliyin bu təkzibindən sonra Müdafiə Nazirliyidən belə bir açıqlama gəldi: “Əgər mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim edə bilər”.
Müdafiə Nazirliyi ilə ABŞ səfirliyi arasında baş verən bu qalmaqaldan bir neçə gün sonra isə Səfər Əbiyev tutduğu vəzifədən azad edildi. Bəzi mülahizhələrə görə, Səfər Əbiyevin işdən çıxarılmasında bu məsələ də rol oynayıb.
Ramiz Mehdiyevə gəlincə, o, ABŞ-ı faktiki olaraq seçki saxtakarlığında ittiham etmişdi. PA rəhbəri seçkidən sonra hakimiyyətyönlü mətbuata verdiyi müsahibədə bildirmişdi ki, prezident seçkisində ABŞ hakimiyyətə Ilham Əliyevə 75, Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə isə 25-30 faiz səs yazmağı təklif edib. Ramiz Mehdiyevin ittihamlarına da qarşı tərəfdən cavab gecikmədi və PA rəhbərinin söylədikləri “ağ yalan” adlandırıldı.
Riçard Morninqstarın bugünlərdə yenidən bu mövzuya qayıdıb. O, AzadlıqRadiosuna müsahibəsində növbəti dəfə Ramiz Mehdiyevin dediklərini təkzib edib.
Bu isə PA rəhbərinin komandasında narahatlıq yaradıb. Çünki  Azərbaycan hakimiyyətilə bu məsələnin pərdəxarxası müzakirələrində ABŞ-ın mövqeyi kifayət qədər sərt olub. Hətta bəzi iddialara görə, Ramiz Mehdiyevin postundan uzaqlaşdırılması şərti irəli sürülüb.
Məlumatda deyilir ki, Ramiz Mehdiyevin narahat edən başqa bir səbəb isə Vilnüs sammitilə bağlıdır. Ilham Əliyevin bu sammitə getmək barədə qərar verdiyi bildirilir. Bu isə təbii olaraq Azərbaycanı Avrasiya Ittifaqında görmək istəyən Rusiyanın maraqlarına ziddir. Inandırıcı deyil ki, Kreml sammitdə Azərbaycanın imzaladığı sazişləri rahatlıqla həzm etsin. Rusiyanın mümkün təzyiqlərindən qorunmaq üçün isə Ilham Əliyev tədbirlər görməlidir. Bu tədbirlərin sırasında ilk olaraq hakimiyyətdə təmsil olunan rusiyapərəst qüvvələrin “vurulması” gəlir. Ramiz Mehdiyev və komandası isə Kremlə yaxın qüvvələr hesab edilir.
Bütün bunlardan başqa seçkidən sonra PA rəhbərinin rəqibləri xeyli fəallaşıb. Onlar yaranmış vəziyyətdən istifadə edərək Ramiz Mehdiyevin mövqelərinin zəiflədilməsi və nəticədə tamamilə hakimiyyətdən uzaqlaşdırılması istiqamətində ciddi səy göstərirlər.
Beləliklə, uzun illər hakimiyyətdə əsas söz sahibi olmuş Ramiz Mehdiyev artıq panika içində olan komandasında mövqelərini itirmək təhlükəsi ilə üzləşib.
Comment