0
Tuesday 3 December 2013 - 09:07

Hökumət benzinin qiymətini qəfildən qaldırdı

Story Code : 326862
Hökumət benzinin qiymətini qəfildən qaldırdı
Azərbaycan hökuməti benzinin qiymətini bahalaşdırdı. Tarif Şurası dekabrın 2-i axşam buna qərar verib. Qərara əsasən Aİ-80 və Aİ-92 markalı benzinin bir litrinin qiyməti 55 qəpikdən 70 qəpiyə, Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiyməti isə 45 qəpikdən 60 qəpiyə qaldırılıb. Yeni qiymətlər dekabrın 3-dən tətbiq olunacaq.
 
Yanacağın qiymətinin qaldırılacağı haqda söz-söhbət bir müddət idi ki, gedirdi. Bu yaxınlarda isə maliyyə naziri Samir Şərifov bahalaşmanın anonsunu vermişdi. Amma Tarif Şurası bir neçə dəfə benzinin bahalaşacağı xəbərlərini təkzib etmişdi, gündəliyində belə bir məsələnin olmadığını demişdi.
İndi isə görünür ki, hansısa səbəblərdən Tarif Şurasının gündəliyi dəyişib. Həm də gözlənilmədən. Çünki qiymət artımının olacağına dair məlumat və proqnozlarda bunun gələn ilin birinci rübündə baş verə biləcəyi təxmin edilirdi. Lakin hökumət benzinin bahalaşmasına axşam qərar verib, səhər qüvvəyə mindirdi. Əslində buna "hökumət xalqa kələk gəldi" demək daha doğru olar.
 
Adətən benzinin qiyməti qalxandan dərhal sonra başqa mal və məhsullarda, xidmətdə də bahalaşma baş verir, ölkəni total qiymət artımı bürüyür. Bu baxımdan Tarif Şurasının son qərarı ilə yeni bahalaşma dalğasının gələcəyini çəkinmədən söyləmək olar. Beləliklə, İlham Əliyevin seçki təbliğatı üçün əmək haqlarına artırdığı 10 faizi əhali güzəranında hiss etməmiş, növbəti bahalaşmanın əsası qoyuldu. İlham Əliyev 3-cü dönəm prezidentliyi ələ keçirib, yerini azacıq bərkidən kimi xalqan qisas alırmış kimi qiymət artımına qərar verdi.
 
Yeri gəlmişkən, Tarif Şurası eyni iclasda bəzi rabitə xidmətlərinin qiymətinin enməsi haqda da qərar verib. Lakin nədənsə qiymətlərin enməsi benzinin bahalaşması kimi dekabrın 3-dən yox, 2014-cü ilin 1 yanvarından qüvvəyə minəcək. Başqa sözlə, bahalaşma dərhal tətbiq olunduğu halda, ucuzlaşma 1 ay sonraya saxlanılır.
 
Ucuzlaşmaya gəlincə, telefon çəkilişi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib.

Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanıb.

Həmçinin telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib.

Bunlardan başqa, Tarif Şurasının iclasında hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanıb.
Comment