0
Sunday 22 December 2013 - 11:25

Ərdoğan ABŞ səfirinə mesaj göndərdi: “Həddinizi bilin"

Story Code : 333054
Ərdoğan ABŞ səfirinə mesaj göndərdi: “Həddinizi bilin"
“Baxın, son günlərdə çox qəribə hadisələr olur, səfirlər bəzi təxribatçı hərəkətlərə qarışırlar. Mən onlara da səslənirəm: vəzifənizi yerinə yetirin, əgər səlahiyyət həddinizi aşsanız, bu, hökumətlərimiz arası əlaqələrin sərhədləri daxilində olan yerlərə qədər böyüyər. Biz sizləri ölkəmizdə saxlamağa məcbur deyilik. Əgər sizin ölkələrinizdə də bizim səfirlər bu cür oyunlara girirlərsə, bizə xəbər verin, sizin göndərməyinizə gərək yoxdur, biz özümüz onları geri çağırarıq”.
 
Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Samsuna səfəri zamanı hava limanında onu qarşılayanlar qarşısında çıxış edərkən deyib.
 
Türkiyə mətbuatı baş nazirin bu sözləri ABŞ-ın Ankaradakı səfiri Fransis Rikkiardoneyə ünvanladığını yazır. Belə ki, bundan əvvəl Rikkiardonenin Türkiyəni silkələyən antikorrupsiya əməliyatı barədə müəyyən açıqlamalar verdiyi haqda məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, ABŞ səfiri dekabrın 17-də Avropa Birliyi ölkələrindən olan həmkarları ilə bir araya gəlib və orada “Halkbank”ın İranla əlaqələrinin kəsilməsini istədik, eşitmədilər. İndi siz bir imperiyanın çöküşünü izləyirsiniz” deyib.
 
ABŞ səfiri dərhal yazılı açıqlama verərək bu məlumatları təkzib etmişdi. Açıqlamada bildirilirdi ki, nə belə bir görüş keçirilib, nə də belə fikirlər səsləndirilib. Baş verənlərin isə ABŞ-a heç bir aidiyyatı yoxdur. “Heç kim Türkiyə-Amerika əlaqələrini belə yalan iddialarla təhlükəyə atmamalıdır. Belə bir toplantı keçirilmədiyi kimi, xəbərlərdə ortaya atılan iddialar da tamamilə yalan və iftiradır”, - deyə açıqlamada yazılıb.
 
Xatırladaq ki, ABŞ səfirinin CHP lideri Kamal Kılıçdaroğluna verdiyi nahar zamanı bu mövzunu dəyərləndirdiyi və son hadisələrin, “Gəzi Parkı olayları zamanı olduğu kimi, Türkiyədə demokratiyanın inkişafına kömək edəcəyinə” ümid ifadə etdiyi haqda da xəbər yayılmışdı və bu, təkzib olunmamışdı. /Azadliq/
Comment