QR CodeQR Code

"İran və ABŞ arasında ticarət dövriyyəsi artıb"

1 Feb 2014 21:20

IslamTimes - "ABŞ və müttəfiqlərinin İranla iqtisadi əlaqələri zəiflətmək məqsədi ilə tətbiq etdikləri sanksiyalara baxmayaraq, Birləşmiş Ştatlar və İran arasında ticarət dövriyyəsi artıb".


7/24news-un Trend-ə istinadən verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
 
M.Pakayin bildirib ki, 2013-cü ilin yanvar-aprel aylarında ABŞ-dan İrana ixracat 2012-ci ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 118,5 milyon dollara çatıb. Onun sözlərinə görə, 2012-ci ilin ilk dörd ayında ABŞ-dan İrana ixracatın həcmi 85,3 milyon dollar təşkil edib.
 
Səfir əlavə edib ki, ABŞ-ın İrana qarşı ciddi sanksiyalar tətbiq etməyə başladığı 2012-ci ildə də bu ölkədən İrana ixracatın həcmi 10 faiz artıb: "İran və ABŞ arasında ticarət dövriyyəsi üç mərhələdə azalıb və artıb. 2009-cu ildən 2010-cu ilin ortalarına kimi iki ölkə arasında ticarət dövriyyəsi 300 milyon dollar təşkil edib. 2010-cu ilin ortalarından sanksiyalar nəticəsində ticarət dövriyyəsi azalıb. 2012-ci ilin ikinci yarısından isə artmağa başlayıb. Belə ki, 2013-cü ilin statistikası göstərir ki, iki ölkə arasında ticarət dövriyyəsi təqribən 360 milyon dollar təşkil edib".
 
İranlı diplomat qeyd edib ki, sanksiyadan sonra ilk vaxtlarda əlaqələrdə durğunluq yaransa da, daha sonra şirkətlər elə ABŞ dövlətinin yardımı ilə sanksiyalardan yan keçmək üçün hüquqi yollar tapır və ticarət dövriyyəsi yenidən artır: "Cenevrə sazişini nəzərə alsaq, 2014-cü ildə ABŞ və İran arasında ticarət dövriyyəsi hiss olunacaq dərəcədə artacaq".


Story Code: 347504

News Link :
https://www.islamtimes.org/az/news/347504/iran-və-abş-arasında-ticarət-dövriyyəsi-artıb

Islam Times
  https://www.islamtimes.org