0
Wednesday 5 February 2014 - 09:46

Özünü yandıran əlil 50 manat müavinət alırmış

Story Code : 348524
Özünü yandıran əlil 50 manat müavinət alırmış
Bir neçə gün əvvəl Yevlaxda özünü yandıran əlilin vəziyyəti düzəlməyə doğru gedir. Bu barədə əməkdaşımıza onun müalicə olunduğu 5 saylı şəhər Klinik Xəstəxanasından bildiriblər. Növbətçi həkim İsgəndər İsgəndərovun sözlərinə görə, 2-ci qrup əlil Nizami Xəlilov reanimasiyadadır. Vəziyyəti ağır, stabil olaraq qalır.
 
Qeyd edək ki, Nizami Kərimov yanvarın 27-də səhər saatlarında Yevlax Rayon Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edib. Səbəb ağır durumda olan ailəsinə maddi yardım verilməməsidir. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.

Əməkdaşımız N.Kərimovun həyat yoldaşı ilə ailənin durumu barədə söhbətləşib. Xəstəxananın qəbul otağında ərinin vəziyyəti barədə həkimdən gələcək xəbərləri gözləyən Zülfiyyə Kərimova deyir ki, Yevlax Rayon Sosial Müdafiə Mərkəzinə yeni müdir gələndən onların müavinəti kəsilib: “Əvvəl ayda əlli manat müavinət alırdıq, vəziyyətimiz heç yaxşı deyil. Bu pula da dolanmaq olmur, ərim əlildir, işləyə də bilmir. Qohum-qonşu köməklik edir, birtəhər dolanırdıq. Beş nəfərə 50 manat müavinət olur? Amma buna da şükür edirdik. Yeni müdir isə bizi 50 manatdan da etdi. İşçisi vasitəsi ilə söz göndərdi ki, bizə ayda yüz manat müavinət verilə bilər, amma gərək altı ayını onlara verək. Yoldaşım razılaşmadı ki, bu, necə ola bilər? Haqqımız olduğu halda, niyə pulun yarısını müdirə verməliyik? Süründürdülər bizi, hər dəfə dedilər ki, bu sənədi də gətir, əlavə bir sənəd də gətir və beləcə vaxt keçdi. Dörd ay dözdü yoldaşım, sonda da özünü yandırdı”.
 
Vəziyyətlərinin ağır olduğunu deyən xanım, əlilin müalicə xərclərinin də onlara əlavə yük olduğunu vurğulayır: “Həkimlər sağ olsunlar, müalicə edirlər. Ancaq birdən qan lazım olur, o da çox bahadır, ala bilmirik. O gün iki qohum gedib qan vermişik. İndi həkim antibiotik yazmışdı, biri altı manata yaxın pul edir. Dedim, həkim, başına dönüm, məndə bu qədər pul hardandır? On iynə lazımdır. Sağ olsunlar, özləri alıb vuracaqlar. Ərimin bədəninin 35 faizi yanıb, həkimlər sağalma, yaşama ehtimalının olduğunu deyirlər”.

Zülfiyyə xanım deyir ki, kənddə dolanışıqları heç də rayon rəhbərliyinin yaydığı xəbərlərdəki kimi normal deyil: “yalan yazırlar, qohum-qonşunun köməkliyi ilə dolanırıq. İt zülmü çəkirik, ev bom-boş, həyət boz çöl kimi. Mal-qara almağa, saxlamağa da imkanımız yoxdur. Qohumlar yığışıb köhnə maşın almışdılar ki, bəlkə bununla dolanaq, o da işləmədi. Lazımsız əşya kimi qalıb həyətin küncündə. Üç uşağım var. İmkansızlıqdan məktəb də oxuda bilmədim, hərəsi iki il məktəbə getdi, çıxartdım sonra. Ağlıya-ağlaya qaldılar, qızlarımın birinin 15 yaşı var, birinin 18. böyüyünü bu yaxınlarda ərə verdim. Kiçiyi oğlandır, beş yaşı var. Onu necə məktəbə göndərəcəm, bilmirəm. İndi uşaqları evə atıb gəlmişəm, xəbərim də yoxdur ki, nə edirlər, necə dolanırlar. Vəziyyət çox çətindir, ancaq eşitmişəm ki, bəzi adamlar telekanallarda deyiblər ki, bu aralar ölkədə camaat özünü yandırıb məmurları şantaj edir. Ar olsun onlara, adam da şantaj üçün özünü yandırarmı?” Xanım deyir ki, indiyədək heç bir dövlət qurumu onlarla maraqlanmayıb.
 
Özünü yandıran əlilin həyat yoldaşı sonda deyir ki, o da özünü yandırmaq barədə düşünür, həm də tək yox: “Ərimə bir şey olsa, özümü də, uşaqlarımı da yandıracam. Əgər dövlət bizə sahib çıxmırsa, niyə yaşamalıyam?”

Xatırladaq ki, ötən ilin dekabrında Qarabağ əlili Zaur Həsənov özünü Həmkarlar İttifaqı Konfederasiyasının qarşısında yandırmışdı və üç gün sonra dünyasını dəyişdi. Bir neçə gün əvvəl isə Bərdədə bir nəfər özünü yandırıb. Alpoud kənd sakini Maarif Vəliyev rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub. Daha sonra paytaxtda iyirmi yaşlı qız Məleykə Bayramlı da özünə od vuraraq intihara cəhd edib və dörd gün sonra həyatını itirib.
Comment