QR CodeQR Code

Prezident Administrasiyasında ilginc dəyişiklik

1 May 2014 09:35

IslamTimes - Adı nurçularla iş birliyində hallanan SAM rəhbərinə yeni kurator təyin edildi; Elnur Aslanovun media qrupu isə çökdürüldü.


“Yeni Müsavat”ın hakimiyyətin komanda daxilində yeni dəyişikliklərin başlayacağı ilə bağlı xəbərləri təsdiqlənməkdədir. Bu dəyişikliklərin ilk simptomları artıq iqtidarın öz media strukturlarına “əl gəzdirilməsi” ilə başlandığı sezilir. Belə ki, “Hizmət” hərəkatına (nurçular) bağlılığı ittihamlarından sonra Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılan Elnur Aslanovun saytları bir-birinin ardınca fəaliyyətini dayandırır.
Xəbərlərə görə, E.Aslanovun  gun.az saytı fəaliyyətini dayandırıb. “Kollektivdə çalışan işçi heyətin çoxu artıq işə gəlmir. Sabahdan isə sayt fəaliyyətini rəsmi olaraq dayandırır.
Bakupost.az saytında da artıq ixtisarlar var. Onlar hazırda saytda 3 nəfərin işdə qaldığını söyləyiblər. Digər məlumata görə, Elnur Aslanovun media qrupuna aid edilən 1news.az saytı da tezliklə öz fəaliyyətini dayandıra bilər" deyə, mövqe.az saytının məlumatında bildirilir.
Onu da qeyd edək ki, bu ayın əvvəlində E. Aslanovun yaratdığı “Yurd TV” də qeyri-müəyyən səbəbdən bağlanmışdı.
E.Aslanovun komandasında olan və adı nurçularla ilişkilərdə hallanan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədova da nəzarət gücləndirilib. Vaxtilə E.Aslanovun rəhbərlik etdiyi siyasi təhlil və informasiya təminatı şöbəsinin birbaşa idarəçiliyi altında fəaliyyət göstərən SAM-ı indi Prezident Administrasiyasının xarici əlaqələr şöbəsi kurasiya edəcək. Qeyd edək ki, xarici əlaqələr şöbəsinin müdiri isə PA rəhbərinin müavini Novruz Məmmədovdur. Bəzi ekspertlərin iddiasına görə, bu, SAM-ın sədri Fərhad Məmmədovun vəzifəsində qalacağının sual altına düşməsi deməkdir.
Hələ ötən saylarımızın birində yazmışdıq ki, yaxın zamanlarda hakimiyyət daxilində ciddi kadr dəyişiklikləri planlaşdırılır. Onu da qeyd etmişdik ki,  hakimiyyət bu dəyişikliklərin səbəbinin birmənalı olaraq nə nurçular, nə rusiyapərəstlər, nə də artıq şişmiş məmurlardan can qurtarmaq kimi izah edilməsini arzulamır. Bu səbəbdən də gözlənilirdi ki, dəyişikliklər tədricən başlayacaq.
E.Aslanov hakimiyyət üçün əsas fiqur hesab oluna bilməz, onu cümlədən də SAM rəhbəri Fərhad Məmmədov da. Amma iqtidar E.Aslanovun işdən çıxarılmasından sonra medianın və cəmiyyətin reaksiyasından təbii ki, narahat oldu. E.Aslanovun qeyri-rəsmi olsa da, nurçu ittihamından sonra  işdən çıxarılması hakimiyyətdaxili savaşın mühüm  elementinə çevrilmişdi. Ən ağlagəlməz məmurlar belə nurçularla əlaqədə suçlanır, sanki mühüm qərar mərkəzlərinə “bu adamla da haqq-hesab çəkilməlidir” kimi mesajlar verilirdi. Hakimiyyətin strateji qərar verən mərkəzi isə bu prosesin elə hakim komanda üçün necə təhlükəli məcraya yönəldiyini tez fərq etdi və “nurçu siyasəti”ndə təcili korrektələrə məcbur oldu.
İndi E.Aslanova başqa bir nazirlikdə iş verilsə də, onun media qrupu tədricən çökdürülür. SAM rəhbəri F.Məmmədov da iqtidar üçün vacib əhəmiyyətli fiqur deyil. Amma onun da tədricən “zərərsizləşdirildiyi” göz önündədir. /Musavat/


Story Code: 378211

News Link :
https://www.islamtimes.org/az/news/378211/prezident-administrasiyasında-ilginc-dəyişiklik

Islam Times
  https://www.islamtimes.org