0
Thursday 22 May 2014 - 11:19

Misirdə kütləvi həbs və edam qərarları dayanmır

Story Code : 385065
Misirdə kütləvi həbs və edam qərarları dayanmır
Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin 3 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. H.Mübarək hakimiyyətdə olduğu müddətdə pul mənimsəməkdə ittiham olunur. Mübarəklə yanaşı onun oğlanları Camal və Ala da 4 il müddətinə azadlıqdan məhrum edilib. Prokurorluq Mübarək və oğlanlarını prezident sarayının saxlanılması üçün ayrılmış 17,6 milyon dollar vəsaiti mənimsəməkdə ittiham edib.
Qeyd edək ki, keçmiş prezident Mübarək eyni zamanda 2011-ci ildə Misirdə baş verən inqilab zamanı dinc insanlara atəş açılmasına göstəriş vermək və dinc insanların qətlində ittiham olunaraq mühakimə edilir. Bununla bağlı ötən il Mübarək barəsində ömürlük həbs qərarı çıxarılsa da, sonradan vəkillər apelyasiya şikayəti verib. Hazırda bu proses davam edir. Ötən il avqust ayında səhhəti ilə əlaqədar olaraq təcridxanadan xəstəxanaya köçürülən Mübarək hələ də xəstəxana ərazisindəki müalicə mərkəzində ev dustaqlığındadır.
Qeyd edək ki, hazırda Misirdə həm 2011-ci ilin yanvar-fevral aylarında baş vermiş inqilab, eyni zamanda 2013-cü ilin iyulunda baş verən hərbi çevrilişdən sonra baş verən etiraz aksiyalarında iştirak edənlərin məhkəməsi davam edir. Daha əvvəl Misir məhkəməsi 529 nəfər, apreldə isə 639 nəfər məhkum barəsində edam hökmü çıxarsa da, sonradan edamların bir qismi ömürlük həbs cəzası ilə əvəzlənib. Bir neçə gün əvvəl isə Qahirənin Bab Şəriə Məhkəməsi ötən ilin yayında Qahirənin “Rabiə” və “Nahda” meydanlarında baş verən etiraz aksiyaları və toqquşmalar zamanı həbs olunan 169 nəfər barəsində ittihamları rədd edərək onlara bəraət verib.
İsgəndəriyyə şəhərində keçirilən məhkəmə prosesində isə çevriliş əleyhinə keçirilən aksiyalarda iştirak edən 1 nəfər barəsində edam qərarı, 18 nəfərin isə ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarılıb.
Qeyd edək ki, eyni prosesdə mühakimə olunan 63 nəfərdən 8 nəfəri 15 il, 35 nəfər 10 il, 1 nəfər isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Mayın 26 və 27-də Misirdə növbədənkənar prezident seçkiləri keçiriləcək. 2013-cü il iyulun 3-də baş verən hərbi çevrilişdən sonra hakimiyyətə gələn hərbçilərin namizədi, sabiq müdafiə naziri marşal Əbdülfəttah Sisi Misirin yeni prezidenti olmağa hazırlaşır. Misirin müvəqqəti hökuməti isə həm 2011-ci il inqilabı, həm də 2013-cü il hərbi çevrilişi zamanı həbs olunmuş şəxslərin kütləvi həbs və mühakimələrini davam etdirir. /Musavat /
Comment